Yemək zamanı təmizlik əsas şərtdir

Yemək zamanı təmizlik əsas şərtdir
Yemək zamanı təmizlik əsas şərtdir


Yeməklə bağlı hədislərə nəzər salarkən, təmizlik və gigiyena məsələlərinə diqqətin ön planda durduğunu görürük.

İslam müqəddəsləri yemək qaydalarını bəyan edərkən, paklığın və təmizliyin qorunmasına, yoluxucu xəstəliklərin yayılmasının əngəllənməsinə yönəlmiş tövsiyələrə daha çox yer ayırmişlar. Xüsusilə, İslamın yayıldığı isti hava iqlimində bu problemlərin nə qədər aktual olması aydındır.

Yeməkdən əvvəl və sonra əlləri yumaq, hətta dəstəmaz almaq müstəhəb sayılır. İslam müqəddəsləri özləri bu tövsiyəyə ciddi əməl edirdilər. İmam Əlinin (ə) öz qonaqları üçün yeməkdən əvvəl və sonra aftaba-ləyəndə su gətizdirməsi, hətta özü və İmam Həsən (ə) qonaqların əlinə su tökməsi barədə rəvayətlər mövcuddur. Məsumlar bəzən insanları təmizliyə məcbur etmək üçün xəbərdaredici üsullardan da istifadə edirdilər. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur ki, hər kim əlləri yağa bulaşıq vəziyyətdə (yəni yağlı xörək yeyəndən sonra əllərini yumadan) yatsa, başına hər hansı xoşagəlməz iş gəlsə, yalnız özünü təqsirkar bilsin.
İmam Rza (ə) yeməkdən əvvəl əllərini yuyar, amma dəsmalla qurutmazdı. Yeməkdən sonra isə əllərini yuyar və dəsmalla qurudardı. İmam Mühəmməd Təqi (ə) də yedikdən sonra əllərini yuyar, sonra əllərini üzünə və saçına çəkib buyurardı: "İlahi, məni üzünə heç vaxt zülmət və zillət tozu çökməyən şəxslərdən qərar ver”. Bundan sonra o həzrət əllərini dəsmala silib qurudardı.

Yeməyi bağlı qabda saxlamaq da təmizliyin şərtlərindən biridir. Əgər yemək üstü açıq vəziyyətdə qalsa, toz-torpağa bulaşar, müxtəlif həşəratları (milçək, qarışqa) özünə cəlb edər. Bunun nəticəsində yemək kirlənər və müxtəlif zərərli mikroblar üçün münbit yerə çevrilər. Aydındır ki, bu qidanı yeyən adamın xəstələnmə ehtimalı çoxdur. Ona görə İmam Sadiq (ə) buyurumuşdur ki, "qablarınızı qapaqsız qoymayın. Çünki əgər qablar örtülməsə, şeytan onların içinə tüpürər və istədiyini onların işərisindən götürər”. Buradakı şeytanın tüpürməsi ifadəsini hərfi deyil, məcazi mənada qəbul etmək daha məntiqi görünür. Şeytanın tüpürcəyi – xəstəlik yayan və insanlara əziyyət verən mikroblardır.

Başqa bir hədisdə peyğəmbərimiz fincanların dəstə hissəsindən su içməyi qadağan edərək buyurur ki, su qabının dəstə hissəsində şeytanlar toplaşar və oradan su içəndə şeytanlar da su ilə birlikdə adamın mədəsinə gedər. Burada da şeytan mənası altında mikrobların nəzərdə tutulduğu aydındır. Həqiqətən, qabların dəstələri əl ilə daha çox təmasda olduğu üçün, orada mikrobların çox olması ehtimalı böyükdür. İslamın ilk əsrlərində elm və texnika indikindən xeyli aşağı səviyyədə idi, mikroskop kəşf edilməmişdi, insanlara bakteriyalardan, mikrob və viruslardan danışmaq faydasız idi. Buna görə məsumlarımız o zamanın insanının düşüncəsi və anlamı səviyyəində öz fikirlərini ifadə edirdilər.

Yeməkdən sonra süfrədən dağılmış qırıntıları yığmaq da müstəhəbdir. Bunu ona görə edirlər ki, yemək qırıntıları ayaq altında qalıb tapdanmasın və Allahın nemətinə nankorluq edilməsin. Amma müqəddəslərimizin kəlamında bunun da müəyyən şərtləri ilə rastlaşırıq. Rəvayət edirlər ki, İmam Mühəmməd Təqinin (ə) evində yemək yeyiləndən sonra xidmətçi süfrədən kənara dağılan qırıntıları diqqətlə yığıb süfrənin üstünə tökməyə başladı. İmam onu seyr edib buyurdu: "Çöldə (evdən kənarda) süfrədən kənara hər nə tökülsə də, onu yığmayın; hətta qoyun budu boyda böyük və qiymətli olsa belə. Amma evdə süfrədən qırağa nə töküldüsə, onu yığın”. İmamın bu kəlamını iki mənada anlamaq olar. Əvvəla, çöldə yerə düşən qida kirlənir. Onu yerdən qaldırmaq və yemək sağlamlığa birbaşa təhlükədir. Adətən, evdən kənarda su tapmaq da çətin olur ki, həmin qidanı yuyub təmizləmək mümkün olsun. İkincisi, çöldə yerə tökülən qırıntılar Allahın sair məxluqatı üçün qidaya çevrilir. Çöl heyvanları, həşəratlar, quşlar gəlib bu qırıntıları yeyirlər. Üçüncüsü, heyvanlar bu qırıntıları yedikləri üçün, onların yerdə qalıb ayaq altında tapdanması ehtimalı da azalır. Amma evdə şərait başqadır. Əvvəla, yerə düşən qida çöldəki qədər kirlənmir. Evdə su olduğu üçün onu yuyub təmizləmək də asandır. Evdə insanların daimi gediş-gəlişi olduğu üçün, yerə düşən qida da ayaq altında qalıb tapdanacaq. Ona görə qidanı qaldırıb, əgər təmizləmək mümkünsə, təmizləmək və yeməyə istifadə etmək, əgər bu mümkün deyilsə, ev heyvanlarına yedizdirmək, çöl heyvanları üçün qoymaq olar.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.