Turana Hüseynli: “Azərbaycanlı oğlanlar evlənmək üçün yemək bişirə bilən qız axtarır” - FOTO/VİDEO

11 Şubat 2017
1 816
0
Turana Hüseynli: “Azərbaycanlı oğlanlar evlənmək üçün yemək bişirə bilən qız axtarır” - FOTO/VİDEO

Feat.Az xəbər verir ki, Gənc aparıcı Turana Hüseynli publika.az-ın qonağı olub.[/b]

"Turana hazırlayır" bloqunun müəllifi bu dəfə onu xoşbəxt edən yeməklərin qoxusundan, kişilərin, yoxsa qadınların dadlı yemək hazrlamasından danışıb.[/b]

- Sizin kimi tanınmış və gözəl aparıcı niyə yemək bloqu açmağa qərar verdi? Axı son vaxtlar qızlar arasında dəb, makiyaj və gözəllik bloqları daha geniş yayılıb.[/b]

- Tamamilə təsadüfən baş verdi. Mənə saçlarımla bağlı çoxlu suallar gəlirdi. Bütün sualları ümumiləşdirib xanımlara video halında cavab vermək qərarına gəldim. "Youtube" kanalıma nəzər salsanız, görərsiniz ki, birinci videolar yeməklə bağlı deyil. İlk videolarım saçlara qulluq, saç tökülməsi və saçın təbii üsulla rənglənməsi haqqında idi. Sonra mövzu tükəndi, saçla bağlı nə qədər danışa bilərdim? Çünki saçımı rəngləmirəm və makiyaj da etmirəm. Həmin ərəfədə yaxın dostum özünə atelye açmışdı və oranın dekorasiyası çox xoşuma gəlmişdi. Yaxın dostlarım İsgəndər və Gülşənlə birlikdə qərara gəldik ki, rəfiqəmin atelyesində çəkiliş aparaq. Beləliklə də yeməklə bağlı ilk video bloqumu tamamilə təsadüf nəticəsində çəkdik. Ən çox sevdiyim - brauni şokoladlı keks hazırladım, uşaqlar da çox bəyəndi. Bütövlükdə çəkiliş prosesi əyləncəli alınmışdı və düşündüm ki, bunu niyə daha maraqlı formada təqdim etməyim? Sonra bloq üçün loqo seçdim, videonun keyfiyyətli olması üçün montajçı tapdım. Karyerama televiziyada aparıcı kimi başladığıma görə kadrın, effektlərin və ümumi görüntünün keyfiyyətli və gözəl olması mənim üçün çox önəmlidir.

Yemək bloqum haqqında çox müsbət fikirlər eşitdiyimə görə bu işi davam etdirməyə qərar verdim. Təsadüfən yaranan bloqun davam etməsinin əsas səbəblərindən biri də müxtəlif şirkətlərdən işlə bağlı sponsorluq təklifləri almağım oldu. Öz məhsullarını göndərib videoda onlardan istifadə etməyi təklif edirdilər. Bloqun yaranmasında digər məqsəd xanımlara möhtəşəm yemək reseptləri təqdim etmək deyildi. Məqsəd mətbəxdə də əylənmək olduğunu, maraqlı vaxt keçirməyin mümkün olduğunu göstərə bilmək idi.

 

 

- İlk dəfə mətbəxə nə vaxt girdiyiniz və nə bişirdiyiniz yadınızdadır?[/b]

-[/b] Mən mətbəxdə olanda anamın zəhləsi gedir. Çünki çox dağınığam, həmişə mətbəxi bulaşdırıram. Anam mətbəxdə bir toz dənəsi belə görəndə dəli olur. Odur ki, mənə öz mətbəxində iş görməyə icazə vermir, "Get bloqu hazırladığın yerdə bişir", - deyir (gülür). Açığı mətbəxə girib yemək hazırlamağa boş vaxtım da olmur. Məhz bloqumda da ilk videodan başqa, digər yeməkləri sadəcə reseptinə baxıb, mənimsəyib və tamamilə necə alınar-alınar prinsipi ilə ilk dəfə çəkilişdə hazırlamışam. Həmçinin dad həvəskarı olduğum üçün öz əlavələrimi də edirəm.

- İndi xanımların çoxu mətbəxə girməyi xoşlamır və bunu özünə dərd edir. Sizdə bu həvəs hardandır?[/b]

- İndiki xanımların çoxu karyeristdir və ancaq iş barəsində fikirləşirlər. Əslində mətbəx onların düşündüyü qədər darıxdırıcı və maraqsız yer deyil. Nədənsə hamı elə bilirdi ki, mən heç bir iş görmürəm. İlk videonu hazırlayanda da bdemişdim ki, alınmaya da bilər. Amma yemək bloqum çıxanda çoxu "Aaa sən də yemək bişirməyi bacarırsan?", - deyə təəcüblənmişdi. Videolarda göstərmək istəyirəm ki, asan reseptlərlə dadlı yeməklər hazırlamaq mümkündür. Həvəsin əsas mənbəyi isə yeməkləri çox sevməyimlə bağlıdır. Makiyaj etmirəm, dəblə geyinmirəm, dəbi çox izləmirəm, hər çıxan trendlə ayaqlaşmıram. Adətən əhval-ruhiyyəmə uyğun geyinməyə üstünlük verirəm. Mətbəxdə olmağı, müxtəlif dadları qarışdırmağı daha çox sevirəm. Məncə, bu, kameraya yansıyır və çəkilişlər daha maraqlı alınır. Nə isə yaxşı alınmayanda da çox montaj etmirik, xanımlara hər şeyi olduğu kimi göstərməyə çalışırıq. Qadınlar adətən ideal hazırlanan yeməklərə baxır və motivasiyaları aşağı düşür, biz isə olduğu kimi saxlayırıq. Görsünlər ki, bir xanımın kamera qarşısında ilk dəfə hazırladığı yeməklər necə alınır.

- Yemək hazırlaya bilməyən, yaxud da mətbəxi özünə yaraşmadırmayan xanımlara münasibətiniz necədir?[/b]

- İnsanları heç vaxt müzakirə və mühakimə etmirəm. Kimsə özünə yaraşdırmırsa, bu, onun şəxsi məsələsidir. Yeri gəlmişkən, yemək videolarını təzə-təzə çəkməyə başlayanda ətrafımda və sosial şəbəkədə olan insanlar buna ağız büzürdü. Çoxu "Turana niyə yemək bloqu açıb? Bu nə verilişdir" deyirdi. Bütün bunlar qətiyyən xətrimə dəymədi. Sadəcə, onlara elə gəlir ki, mətbəxdə olmaq yaşlı qadın işidir. Əslində heç də belə deyil. İnsan yemək yeməsə, yaşaya bilməz. Üstəlik dadlı yemək hazırlamaq sənin zövqünün və mədəniyyətinin göstəricisidir. Mətbəx çox gözəl yerdir, evin ürəyidir.

 

- Nənənizin və ya ananızın elə bir resepti varmı ki, onu böyük məmnuniyyətlə hazırlayırsınız, yaxud da hazırlayanda həmişə onları xatırlayırsınız?[/b]

-[/b] Nənəmin reseptlərini xatırlamıram. Anam lənkəranlıdır, onun kartoflu, kükülü plovunu çox sevirəm. Bol-bol yağlayıb həvəslə yeyirəm, oy lap ağzım sulandı... Dünyanın harasına da getsəm, anamın o yeməyini heç nəyə dəyişmərəm. Plovunu heç vaxt hazırlamamışam, amma küküsünü bişirmişəm. Yəqin ki, plovu da gələcəkdə bişirməyi öyrənərəm. İnanmıram ki, anamın bişirdiyi kimi alınsın, hər halda buna cəhd edəcəm.

- Sevgi ilə yemək arasında bağlılıq var?[/b]

- Əlbəttə var, sevgi = yemək, yemək = sevgi! Yeməklərə qarşı həssaslığımı dostlarım da çox yaxşı bilir. Hətta mənə deyirlər ki, yemək yeyəndə sevgi ilə münasibət yaşayırsan. Sevgi reseptorları ürəyimdə deyil, mədəmdə yerləşir (gülür).

- Əlinizin duzu var? 10 balla qiymətləndirsək, neçə alarsınız?[/b]

- Əlimin duzu var, indiyə qədər nə bişirmişəmsə, dadlı olub. Bizim komanda da uşaqlardan heç kəs zəhərlənməyib, hamısı sağ və salamatdır. 10 ballıq sistemlə özümü 15 balla qiymətləndirərdim.

- Sizi xoşbəxt edən yemək qoxusu hansıdır?[/b]

-[/b] Anamın bişirdiyi plov. Evə gəlib görəndə ki, anam ləvəngili, kükülü plov bişirib çox xoşbəxt oluram. Onların qoxusunu heç nə əvəz etmir. Bir də Novruz bayramı ərəfəsində evdə bişən şəkərbura, paxlava, qoğal qoxusu insana müsbət təsir göstərir. Və sözsüz ki, şokoladla vanil iyi... Şirniyyatları sevdiyim üçün onların özü də, qoxusu da məni xoşbəxt edir.

- Dadına baxmağa qorxduğunuz yeməklər olub?[/b]

- Əksinə, dadları sınaqdan keçirməkdən həzz alıram. Dünyadakı bütün yeməklərin dadına baxmaq üçün çoxlu səyahət etmək istərdim. Amma xaşdan başqa, çünki onu heç vaxt yemərəm. Heç vaxt və heç bir halda!

- Yeməkləriniz uğurlu alınmayanda hirslənirsiniz?[/b]

-[/b] Qətiyyən, gülürəm və vəziyyətdən çıxmağa çalışıram.

- Yeməyin dadlı alınması üçün ilk növbədə nə tələb olunur?[/b]

-[/b] Həvəs və sevgi. Yeməyin dadlı alınmasında bu iki amil çox vacibdir. Yeməyi əylənə-əylənə hazırlamaq mənə daha çox zövq verir, improvizasiya və ədviyyatları qatıb-qarışdırmaq xoşuma gəlir. Sonda isə yeməyin üzərində sevgini əlavə etməlisən. Həmişə xəyalımda sevgi zərrəcikləri düşünür və onu yeməklərimin üzərinə səpirəm. Onda daha uğurlu alınır.

- Dadından doymadığınız yemək var?[/b]

- Plov, onu doymadan bir neçə boşqab yeyərəm. Plovdan çox danışsam da, təzə tərəvəzlərdən hazırlanan, xüsusilə içində bol kahı və qarğıdalı olan salatlardan doymuram.

 

- Restorana gələrkən birinci nəyə diqqət edirsiniz?[/b]

- Təbii ki, birinci təmizliyə, daha sonra personala, menyuya və necə təqdim olunmasına. Məsələn, sevdiyim salatı bir neçə restoranda sifariş verib dadlarını müqayisə edir və ağız dadıma uyğun olanını tapıram.

- Yaxşı aşpaz hansı xüsusiyyətlərə malik olmalıdır?[/b]

- Bilmirəm, yəqin ki, yaxşı dad bilicisi və maraqlı dadlar təqdim etməyi bacarmalıdır. Fərqlilik axtarışında olmalıdır.

- Yemək məsələsində kişilərin qadınlardan daha bacarıqlı olması fikri ilə razısınız?[/b]

- Yox, bunu cinsiyyətə bölməyəcəm, mənimçün fərqi yoxdur. Əslində ən uğurlu aşpazlar çox vaxt kişilər olub, mənsə həmişə qadınların tərəfindəyəm. Səbəbi də qadınların yemək bişirməsinin adi hal kimi qəbul edilməsidir. Məsələn, cəmiyyətdə belə bir ənənə formalaşıb ki, yemək bişirmək qadının əsas və gündəlik vəzifələrinə daxildir. Kişilər üçün belə bir stereotip olmadığına görə onların istənilən yemək hazırlanması qəribə hadisə kimi qarşılanır və dadlı alındığı hesab olunur.

- Kişilər yeməyi, yoxsa qadınları yaxşı "bişirir"?[/b]

-[/b] Məncə, ikisini də bişirə bilmirlər. Onlar elə zənn edirlər ki, qadını sözlə "bişirirlər", amma heç nə edə bilmirlər.

- Kişilərin qəlbinə gedən yol mədəsindən keçir?[/b]

- Mənim də ürəyimə gedən yol mədəmdən keçir. Deyərdim ki, ürəyimdəki hiss orqanları mədəmdə yerləşir. Adətən, ürəyimlə yox, mədəmlə sevirəm. Kişilərin qəlbinə gedən yol mədəsindən keçir fikri ilə 100 faiz razıyam. Adətən, evlənmə yaşına çatan oğlanlar yemək bişirə bilən qızlar axtarır. Şəxsi müşahidələrim nəticəsində belə qərara gəlmişəm. Həm də azərbaycanlı kişilər yemək-içməyi sevdiyi üçün xüsusən onların qəlbinə gedən yol mədəsindən keçir.

- Turana Hüseynlini dadlı yemək hazırlayan, yoxsa restoranı onun üçün bağlatdıran kişi təəcübləndirə bilər?[/b]

- Həqiqətən heç biri. Məni ağlı və zövqü olan, anlamağı bacaran bir kişi təəccübləndirə bilər. Çünki bu keyfiyyətlərin bir kişidə cəmlənməsi çox çətin məsələdir. Odur ki, restoran bağlatdıran biri məni təəccübləndirə bilməz. Hesab edirəm ki, bu, qeyri-adi hal deyil. İlk növbədə sadaladığım xüsusiyyətlərə malik olmalıdır.




Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET

Copyright © 2021

Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.

Domain Registrant: Səxavət Əliyev

Email: [email protected]

Tel: +905537682756