Almalı-qozlu paxlava
Tərkibi:
Xəmir:
5 st. un
2 yumurta
0,5 limon suyu
1 çimdik duz
1 armudu stəkan süd
1 armudu stəkan su
Xəmiri yaymaq üçün:
buğda nişastası
İç:
4 yaşıl (turş alma)
1 st. döyülmüş qoz ləpəsi
2 x.q. kərə yağı
1 x.q. limon suyu
Üzərinə:
125 q kərə yağı
Şərbət:
4 su st. su
4 su st. şəkər tozu
1 x.q. limon şirəsi
Hazırlanması:
İç: Almaları sürtgəcdən keçirib üzərinə limon şirəsi səpin. Kərə yağını bir tavada əridin, qozu içində qovurun, almanı əlavə edin. Qarışdıraraq 5 dəqiqə bişirin, bir kənara qoyun.
Xəmir: Unun ortasında çala açın. Xəmir üçün gərəkli ərzaqları içinə qoyub yaxşıca yoğurun. Üzərinə nəm dəsmal örtüb 30 dəqiqə saxlayın. Sonra 20 bərabər kündəyə bölün.
Nişastanın köməyi ilə içində paxlavanı bişirəcəyiniz sini boyda yayın. Sinini yaydığınız yuxaların üstünə qoyun, artığını kəsib çıxarın. Yuxaların üstündəki əlavə nişastanı fırçanın köməyi ilə təmizləyin. 10 yuxanı sininin içinə üst-üstə döşəyin. İçi üstünə yayın. Qalan 10 yuxanı da üstünə döşəyin. Sonra xırda dördbucaqlı (kvadrat) paylara bölün. 125 q yağı əridib üzərinə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.
Şəkər tozu, su və limondan şərbət bişirin. Paxlava bişəndən sonra çıxarın. Soyudun. İlıq şərbəti ilıq paxlavanın üstünə gəzdirin.
Nuş olsun!