Kilimancaro tortu resepti

24 Aralık 2019
489
0
Kilimancaro tortu resepti
Tərkibi:
Biskvit:

5 yumurta
180 q şəkər tozu
100 q un
30 q qarğıdalı nişastası
30 q kakao
50 q kərə yağı
1,5 ç.q. qabartma tozu
vanil

Krem:
250 ml 35%-li qaymaq
400 q yoqurt (ərikli, yaxud şaftalılı)
1 banka (425 q) ərik konservi (mandarin, şaftalı, ananas da götürə bilərsiniz)
13-15 q jelatin (toz)
şəkər tozu (qaymaq şirin deyilsə)

Hazırlanması:
Yumurta ağlarını 90 q şəkər tozu ilə möhkəm çalın. Yumurta sarılarını qalan 90 q şəkər tozu ilə çalın, otaq temperaturunda olan kərə yağını əlavə edin.
Bir qabda un, qarğıdalı nişastası, kakao, qabartma tozunu qarışdırın. Bu qarışığı şəkərlə çaldığınız yumurta sarılarına əlavə edin. Qarışdırdıqdan sonra çalınmış yumurta ağlarını da əlavə edin. Qaşıqla qarışdırın.
20-22 sm diametrli formaya xəmiri tökün, 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
Hazır olduqdan sonra biskviti şəbəkənin üzərində soyudun.
100 ml qaymaqda jelatini əridin (jelatinin qablaşdırmasında qaydası yazılır). Soyudun. Yoqurt və çalınmış qaymaqla birləşdirin.
Əriklərin suyunu süzün, amma atmayın, lazım olacaq. Əriklərin yarısını xırda doğrayın, kremlə qarışdırın.
Dərin, tərsinə çevrilmiş gümbəzə bənzəyən 18 sm diametrli qabın içinə qida plyonkası döşəyin, kremi içinə tökün.
Soyuducuya qoyub bərkiməsini gözləyin.
Krem soyuyan kimi tortu yığmağa başlayın.
Biskviti üfqi iki yerə bölün. Birinə əriyin süzdüyünüz suyundan hopdurun.
Digər korju isə 12 bərabər (üçbucaq) yerə bölün.
Bütöv korjun üstünə donmuş kremi çevirib qoyun (təpəcik kimi).
Sonra o böldüyünüz 12 biskvit parçasının hər birini əriyin suyuna (şərbətə) batırın, sonra isə kremin ətrafında düzün, əlinizlə ehmalca kremə doğru basın ki, yapışsın.
Lap sonda üzərinə şəkər pudrası səpin, ortasına isə ərikləri (yaxud digər meyvələri) düzün.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər