Yeniyetməlikdə seksual münasibət: valideynlər necə davransın?
Yeniyetməlik dövrünü erkən, orta və son olmaqla 3 dövrə bölmək düzgün olar. Yeniyetməlik təxminən 10 il davam edir və qarşı cinsə olan maraq orta yeniyetməlik çağında baş verir.
14-18 yaşında (orta yeniyetməlik dövründə) yeniyetmənin bədənində, ruhi, cinsi inkişafında çətinlik və sürətli dəyişikliklər yaranır. Bu dövrdə hormonal dəyişiklik də çox sürətlə baş verir. Gənc bu dövrün sürətinə ayaqlaşmaq istəməklə yanaşı, kimliyini dərk etməyə çalışır. Çətin bir dövrlə qarşı-qarşıya olan gənc bir yandan bu dövrə maraqla yanaşarkən, digər yandan onu gözləyən qayğılara görə narahat olur.
Yeniyetməlikdə cinsəllik
Yeniyetmələr arasındakı sevgili münasibəti qarşılıqlı xoşlanmaqla başlayır. Diqqət çəkmək, qarşı tərəfin marağını qazanmaq üçün əldən gələnlər edilir, sonra bu, sevgili münasibətinə çevrilir. Münasibətə başlamaq yaşı fərqlidir. Çünki bəzi gənclər hisslərini bildirməkdə cəsarətli olsa da, bəziləri utanır, istəklərini daxillərində gizli yaşadırlar. Qarşı tərəfin marağına səbəb olmaq gənc bir fərd üçün əhəmiyyətlidir. Yeniyetmə qarşı tərəfin fikirlərinə uyğun imic sərgiləməyə çalışaraq, həm də özünü tanımağa başlayır. Bu dövrdə qarşı cinslə yaşanan münasibət fərdin gələcəyə hazırlığı üçün təsirlidir.
Valideynlər nə etsin?
Uşaqlarının tez təsir altına düşmələri, hətta cinsəllik, qarşı cinslə münasibəti bu dövrdə valideynləri çox narahat edir. Bəzən necə davranacağını bilməyən valideynlər uşaqlarına qadağalar qoymağa başlayır. Valideynlər bu dövrdə olan bütün uşaqların eyni vəziyyət yaşadıqlarını bilsələr və onların tək olmadıqlarını düşünsələr, bəlkə də rahatlayarlar. Buna görə yeniyetmə fərdin qarşı cinslə münasibətini dəyərləndirib, kənardan izləmək övladınızın sizə suallar verməsinə, bəzi şeyləri sizinlə bölüşməsinə kömək edə bilər. Əlbəttə, valideynlər "uşağımın başına pis iş gələr", - deyə narahat olurlar. Ancaq buna görə qorxub, qadağalar qoymaqla heç nə əldə etmək olmaz. Sevgili olmağın yeniyetmənin ailədən sağlam şəkildə ayrılmasına, cinsi baxımdan sağlam böyüməsinə, özünü tanımasına, duyğusal baxımdan inkişafına çox böyük təsiri var.
Ata-analar uyğun bir dildə cinsəlliyin fizioloji və psixoloji yönləri haqda övladları ilə danışmalıdırlar. Cinsi tərbiyə verilərkən sağlamlıq və təmizlik mövzuları da xüsusi vurğulanmalıdır. Anaların qızlarına, ataların oğlanlarına cinsi tərbiyə verməsi uyğun olar. Əks təqdirdə utanma duyğusunun çox olduğu yeniyətməlik dövrünü yaşayan övlad maraqlandığı mövzuları sərbəst danışmaq yerinə gizlətməyə başlayacaq. Yaxud internet vasitəsilə doğru, uyğun olmayan materiallar tapacaq, yoldaşlarının qeyri-kafi bilgiləri ilə yetinməli olacaq. Valideynlər övladları ilə dost ola bilmə cəsarətini göstərə bilərlərsə, yeniyetməlik bu anlamda daha rahat və problemsiz keçər. Uşaq da onu maraqlandıran sualların doğru cavabını güvəndiyi valideyndən alar.
Valideynlər bu dövrdə uşaqlarının yanında olub, nə qədər dəyərli olduqlarını onlara baş salmalıdırlar. Dəyərli olduğunu, sevildiyini bilən gənc heç vaxt başını dərdə salacaq işlərlə məşğul olmaz. Vacib olanı odur ki, yeniyetməlik dövründəki doğru və yanlışların gənclərin şəxsiyyətinin tamamlanmasına təsir etdiyini bilməlisiniz.