Evliliyin böhran dönəmlərini necə arxada qoymalı?

29 Nisan 2017
1 398
0
Evliliyin böhran dönəmlərini necə arxada qoymalı?
Evliliyin ilk 6 ayı, 5 ili və 15-ci ili böhranlı illər hesab olunur. Bu illəri necə keçməli olduğunu bilməyən bəzi evli cütlüklər boşanmanı çıxış yolu kimi seçir. Statistikaya nəzər salsaq, zaman irəlilədikcə boşanma hadisələri artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr ayları ərzində 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub. 2008-ci ildə Azərbaycanda 79964 nikah və 7 933 boşanma, 2009-cu ildə 78072 nikah və 7784 boşanma, 2010-cu ildə 79172 nikah və 9061 boşanma, 2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma, 2012-ci ildə 78480 nikah və 11 min 182 boşanma, 2013-cü ildə 86852 nikah və 11 730 boşanma, 2014-cü ildə 84912 nikah, 12088 boşanma, 2015-ci ildə 68 min 773 nikah və 12 min 764 boşanma faktı qeydə alınıb.
Cütlüklər böhran dönəmlərində necə davranmalı olduğunu bilənlərsə, uğurlu evlilik həyatına davam edə bilir.

Psixoloq Ahmet Tuğrul Demirin bildirdiyinə görə, hər evlilikdə gözlənilə bilən böhran dönəmlərini sağlıqlı şəkildə keçmək evliliyin xoşbəxt və hüzurlu bir şəkildə davam etməsinə imkan yaradır: “Evlilikdə problemlərin çox yaşandığı illər çətin olsa da, böhran zamanlarını düzgün keçdikdən sonra problemləri həll etmək asanlaşır. Evlilik qərarı verən cütlüklər bir-birindən sevgi, hörmət, sədaqət, münasibət mövzusunda nə gözlədiklərini yaxşı bilməlidir. Bu mövzularda razılığa gəlmədikdə evliliyin ilk illərində problemlər başlayacaqdır. Aralarında sevgi bağı olmayan cütlüklərin bir evliliyi xoşbəxt yaşaması imkansızdır. Evlilikdə tərəflərin bir-birinə sevgisi belə açılır: Onu ən az özün kimi sevəcəksən. Yəni “bir az sevirəm”, “başqa cür sevirəm” kimi düşüncələr evliliyin yaşanmasına yetməz”.

Müsahibimizin fikrincə, sevginin zamanla da yarandığını unutmamaq gərəkdir: “Bu düşüncəylə evlənməyə qərar verərkən qarşımızdakı insanı xətaları, zəif tərəfləri, qüsurları ilə sevdiyimizdən əmin olmalıyıq. Evlənən cütlüklərin ilk altı ayına baxdıqda, onların evlilik həyatına yeni alışmağa başladığını görərik. Bu dönəmdəki ən böyük risk arvadın valideynlərindən heç cür qopa bilməməsidir. Özlərini hələ də ana və atası ilə bağlı hiss edən cütlüklər yeni bir ailə qurduqlarının fərqində deyillər. Bu durum problemlər yaradır. Hələ valideynlər də övladlarının yaxasını buraxmayıb daim qarışarlarsa, problemlərin içindən çıxılmaz bir hal yaranır. Təbii ki, ilk 6 ayda, arvadların keçmişdəki yaşam tərzlərindən yan keçə bilməmək inadı da təsirlidir. Necə ki, kişilər də öz dostları ilə gecələr yığışıb harasa gedərək həyat yoldaşlarını ihmal edirlər. Bu dönəmin uğurlu keçməyin yolu evliliyə valideynləri qarışdırmamaq, ər-arvadın öz aralarında mütləq yaxşı ünsiyyət qurması və əlbətdə “Mən artıq evliyəm” fikrini ağıllarına yerləşdirməsidir”.

Psixoloq deyib ki, evliliyin birinci ili evlilik həyatının məsuliyyətinin yavaş-yavaş hiss etdirdiyi dönəmdir: “Evli olmaq üçün evlənənlərin ən çətin keçirdiyi dönəmdir. Keçmiş üçün insan darıxar, məhdudiyyətlər insanı boğar. Hələ uşağın dünyaya gələcəyini gözləyirlərsə, qadının başında hər şey qarışa bilər. Digər önəmli bir problem bu dönəmdə cütlüklərin evlilikdə öz rahatlığına önəm verməsidir. İdman geyimlərində, pijamalarda ərini qarşılamaq, tərəflərin televizor qarşısında birgə vaxt keçirməkdən başqa paylaşımlarının olmaması da ən çox bu dönəmdə müşahidə olunur. Bu kritik dönəmi aşmaq da cütlükdə tərəflərin bir-birinə daha çox zaman ayırması ilə mümkündür.

Evliliyin ən ağrılı olduğu və cütlər arasında problemlərin olduğu dönəm evliliyin ilk 2-3 ilinə düşür. Bu, xüsusilə, uşaqlı cütlüklərin böhran dönəmidir. Yeni qurulan ailədə körpə dünyaya gəlir və tərəflər bir-birinə vaxt ayıra bilmirlər. Şəxsi həyatları sıfırdadır. Harasa getmələri mümkün deyil. Uşağın tərbiyəsi ilə bağlı aralarında mübahisələr yaşanır. Bu dönəmdə kişi evdən bir qədər uzaq durur. Qadın isə uşağa baxdığı üçün buna fürsət tapa bilmir. Bu dönəmi keçmək üçün uşağın varlığı böyük faktordur. Ancaq bizim evli cütlüklərə tövsiyyəmiz odur ki, sizə problem yaradan uşaq bir müddət sonra evinizin dadı, duzu, əvəzolunmazı olacaq. Bir-birinizə ən çox anlayışı bu dönəmdə göstərməlisiz”.

Dediyinə görə, evliliyin beşinci ili çox böhranlı hesab olunur: “Çünki bu dönəm danışılmamış, açılmamış problemlərin gün üzünə çıxdığı dönəmdir. Ər-arvadın bir-birini günahlandırmağa başladığı və cavabdeh axtarmağa başladığı bu dönəmdə, sədaqətsizlik də ortaya çıxar. Xəyanətə sürükləyən şey də açılmamış problemlər, rəngsiz şəxsi həyatdır. Bu dönəmin keçməyin yolu cütlüklərin xatirələrindəki anlardır. Boşanmaq asan yoldur. Amma itirəcəkləriniz çoxdur. Birlikdə tətilə çıxmaq və yeni anları xatirələrə buraxmaq ən müsbət seçimdir”.

Onun sözlərinə görə, cütlüklərdə bir-birinə uyğunlaşmanın son nöqtəsi evliliyin 15-ci ilidir: “Əgər 15 il boyu problemlər həll olunmamış və böyümüşsə, bu müddət boyunca bir-birinə bir təhər dözməli olan cütlüklər ayrılmağı seçər.

Çünki artıq uşaqları da böyümüşdür və özlərini yalnız daha yaxşı hiss edəcəklərini düşünürlər. 15 ildən sonra qadında menopauza, kişi də yaş keçidi ortaya çıxar. Bunlar da böhranı yaradan ünsürlərdir. Bu dönəmin keçməyin yolu da artıq həyat dostu olduğunuzu unutmamaqdır. Sizi ondan yaxşı tanıyan kimsə yoxdur. Bunun qiymətini bilmək lazımdır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.