Saçı Buruq Xanımların “Düz Problemi”

07 Eylül 2014
6 750
0
Saçı Buruq Xanımların “Düz Problemi”
Saçı Buruq Xanımların “Düz Problemi”

Qadınlar fəsadları bilə-bilə riskə gedirlər Son zamanlar qadınların maraq göstərdiyi estetik üsullardan biri də saçların keratinlə düzləşdirilməsidir. Bir çox gözəllik salonlarının önündən keçən qadınları vitrinləri bəzəyən cəlbedici sözlər özünə çəkir: “Sizi yoran, əziyyət verən saç düzümlərindən birdəfəlik azad edirik. Sadəcə, saçınızı yuyub 3-4 dəqiqə fenlə qurutmaq kifayətdir. Saçınız həmişə siz istədiyiniz kimi “ukladka” etmədən düz qalacaq. Bunları sizə keratin bəxş edəcək. Ən əsası, keratin saç tökülməsinin qarşısını alır”. Təbii ki, buruq telli xanımların arzularından biri də saçlarının heç bir fendən istifadə etmədən düz qalmasıdır. Bu reklamlarla tanış olan xanımlar həmin an düşünürlər ki, xəyallarındakı saçlara keratin vasitəsilə sahib olacaqlar. “Saçlarım inkişafdan qalmışdı” “Braziliya feni”ndən istifadə edən Səbinə Raufova saç tökülməsinin qarşısını almaq üçün saçlarını qısa kəsdirmək məcburiyyətində qaldığını bildirdi: “Saçımı keratinlə düzləşdirmişdim. 4 ay müddətində saçlarım sanki inkişafdan qalmışdı. Qəribəsi odur ki, saçlarım nə çirklənirdi, nə də bircə tel də tökülürdü. Normalda insanın saçından gün ərzində 50-100 tel tökülməlidir, mənim saçım isə olduğu kimi qalmışdı. 3 ay sonra saçlarım sürətlə tökülməyə başladı. Həkimə müraciət etdim, dedi saçların yanıb. Axırda saçlarımı qısa kəsdirmək məcburiyyətində qaldım”. “Qorxumdan saçlarımı daramadım ki…” Keratin düzləşdiricidən istifadə edən Ləman isə qadınları bu düzləşdiricidən istifədə etməməyə çağırır: “Həmişə arzulamışam ki, saçlarımın düz olsun. Bir dəfə salonun qarşısından keçəndə keratin düzləşdiricinin reklamını gördüm və fikirləşdim ki, 6 ay saçlarım düz olacaq. Bunun fəsadlarlını düşünmədən salona getdim. 3 ay sonra saçlarım dəhşətli dərəcədə tökülməyə başladı. Qorxumdan saçlarımı daramadım ki, təmiz tökülər. Əvvələr saçlarım buruq olsa da çox gözəl idi”. Qadınlar diqqətli olmalıdır Həkim-trixoloq Səriyyə Kərimova deyir ki, keratin düzləşdirmə ilə maraqlanan qadınlar sadəcə saçlarının düz, hamar görünməsinə çalışırlar. Hətta bu məhsulun fəsadlarını bilə-bilə çəkinmədən istifadə edirlər: “Saça keratin vurmazdan əvvəl istifadə olunan məhsulların beynəlxalq keyfiyyətinə diqqət yetirmək lazımdır. Bunlara diqqət edilmədikdə keratin saça tətbiq edildikdən sonra 3 ay keçdikdə saçlarda kütləvi tökülmələr başlayır. Bizə müraciət edən qadınlar arasında hətta saçlarında keçəlləşmə olduğunu da müşahidə edirik. Keratindən istifadə edilən zaman stilist saçın materialına mütləq fikir verməlidir, çünki elə saçlar var, ona keratin tətbiq etmək qətiyyən olmaz”. Həkim vurğuladı ki, “Braziliya feni” insanlarda xərçəng xəstəliyinə tutulma riskini artırır: “Salonlarda istifadə edilən kremlərin, saç boyalarının və sair məhsulların çoxu kimyəvi maddələrdən hazırlanır. Qadınlar bunları bilə-bilə onlardan istifadə edirlər. Xərçəng xəstəliyi yalnız keratin vasitəsilə yox, xəstəliyə meyilli olan bütün insanlarda salonlarda istifadə edilən məhsullar vasitəsilə də yarana bilər. Amma keratinin miqdarından düzgün istifadə edildikdə orqanizmdə böyük fəsadlar törətmir”. Keratin düzləşdiricinin salonlarda qiyməti Bu üsul Türkiyədə 200-500 manat arasında tətbiq edilir. Azərbaycanda isə bu üsulun qiymətini öyrənmək üçün bir neçə salonla əlaqə saxladıq. Reklamları ilə diqqət çəkən “Grace” salonundan bildirdilər ki, saçın uzun və qısalığına görə “Braziliya feni” ilə saç düzləşdirmək olur. Qiymətlər 150 manatdan başlayır. “Face studio”-da keratinlə saç düzləşdirilməsi 80-160 manat arasında dəyişir və müddəti 4-6 aya qədər davam edir. 3 aydan sonar saçlar əvvəlki vəziyyətinə qayıdır. Keratinin saçlara heç bir ziyanı yoxdur. “Şarm” gözəllik salonunda saç düzləşdirmək 120-150 manat arasındadı, amma salondan bildirdilər ki, hazırda aksiya olduğu üçün 100 manata başa gəlir. “Estelita” salonundan isə dedilər ki, burada saç dözləşdirmək 200-300 manat arasında dəyişir. Keratin düzləşdirmədə xərçəng riski ABŞ alimləri bildiriblər ki, bütün dünyada qadınların istifadə etdiyi “Braziliya feni”nin tətbiqi zamanı havada xərçəngə səbəb olan “formaldehid” adlı kimyəvi maddənin həcmi yüksək həddə çatır. ABŞ-da istifadə edilən məhsullarda yalnız 0.1 faiz formaldehid olmasına icazə verilərkən, “Braziliya feni” üçün istifadə edilən məhsullarda 12 faiz nisbətində kanserogen (xərşəng törədici) maddə var. ABŞ alimlərinin gəldikləri nəticəyə əsasən, düzgün ventilyasiya sistemi qurulmadan “Braziliya feni”nin tətbiqi insanlarda xərçəng xəstəliyinə tutulma riskini çoxaldır. Amerika Dərman və Qida Qurumunun xəbərdarlığına görə, kanserogen maddənin saçlara tətbiqi zamanı dəri və nəfəs yolu xərçənginin yaranma ehtimalı böyükdür. Keratinin tətbiqi bütün insanlarda göz yaşarması, boğaz qıcıqlanması, asqırıq və öskürək doğurur. Bəzi həssas insanlarda burun qanamasına, baş gicəllənməsi, dəri səpkiləri və buna bənzər bir çox fərqli problemlər ortaya çıxarır. Formaldehidin astma yaratması isə Amerika Dərman və Qida Qurumu tərəfindən artıq təsdiq edilib.


Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.