Uşağa sərbəst qidalanmağı necə öyrətmək olar?

Uşağa sərbəst qidalanmağı necə öyrətmək olar?
Uşaqları qidalandırmaq çox zaman problemə çevrilir. Ələlxüsus da əlavə qidaların verilməsindən sonra daha çox şikayətlər eşidilir. Uşaqlar hər qidanı qəbul etmir, bəzən bütün qidalardan imtina edir. Onları əlavə qidalara alışdırmaq əziyyətli prosesə çevrilir, bu isə uzun zaman aparır.

Bəs bu prosesi asanlaşdırmaq mümkündürmü? Bununla bağlı hansı metodlardan istifadə etmək lazımdır?

Feat.Az bununla bağlı pediatr, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Nərmin Əzizovanın məqaləsini təqdim edir:

BLW (Baby Led Weaning) metod nədir?

BLW metodu (özü-özünü qidalandırma) - əlavə qida başlanan uşağa özü-özünü qidalandırmağı öyrədən bir metoddur. Bu zaman nəzərə almaq lazımdır ki, uşağın özü-özünü yedizdirməsi üçün hazır olması və istəməsi vacib hal hesab olunur.

BLW metodundan istifadənin üstünlükləri nələrdir?

• Uşağınız qida qəbul etməyin necə əyləncəli və zövqverici bir hadisə olduğunu başa düşəcəkdir;
• Yeməkləri və ərzaqları əlləri ilə toxunaraq kəşf edəcəkdir;
• Yeməkləri dadı, qoxusu və tərkibi ilə öyrənəcəkdir;
• Uşağınızın özünə inamı artacaqdır;
• Ölçü, forma, ağırlıq, quruluş, toxunma kimi anlayışları bu yolla daha yaxşı öyrənə biləcəkdir;
• Əl bacarıqlarını və əl-göz koordinasiyasını inkişaf etdirəcəkdir. Bu bacarıqlar sonrakı dövrdə uşağın yazmaq, şəkil çəkmək kimi incə motor hərəkətlərin yerinə yetirməsinə kömək edəcəkdir;
• Ana südü ilə qidalanan uşağınız əlavə qidaya başladığı dövürdə bu metoddan istifadə edərək çeynəmə hərəkətlərini təkmilləşdirəcəkdir;
• Uşaq ailə yeməklərində iştirak edəcəkdir və sosial mühitdə davranışları öyrənəckdir;
• İştahını kontrol etməyi öyrənəckdir. Bu zaman o məcbur olduğu qədər deyil, ehtiyac hiss etdiyi qədər yeyəcəkdir;
• Daha yaxşı qidalanacaqdır və sağlamlığına müsbət təsir göstərəcəkdir;
• Maddi cəhətdən sərfəli metoddur. Çünki, ailə nə yeyirsə uşaq da onu yeyəcəkdir. Sadəcə olaraq bu zaman uşağın ayına uyğun olan qidaların verilməsi vacibdir.

BLW metodunun mənfi tərəfləri varmı?

BLW metodunun yeganə mənfi odur ki, uşağınız yeməkləri əlinə alacaqdır, onları əlində yoğuracaq, ağzına aparacaq, ağzından çıxaracaq, yerə atacaq və s. Əlbəttə ki, bunlar hamısı ətrafı çirkləndirəcək, dağıdacaqdır. Amma, bilin ki, uşağınız bunu edərək tədricən yemək yeməyi öyrənəcəkdir.

Uşağınızın özü-özünü yedizdirməyə hazır olduğunu necə başa düşək?

Uşağınız 6 aylıq olduğu dövrdə əlavə qidalara başlayır və uşağınızda aşağıdakı əlamətlər varsa uşağınızın BLW metoduna hazır olduğunu göstərir:
• Körpəniz çox az dəstək alaraq və ya dəstəksiz otura bilirsə;

Ən əsas əlamət isə hər hansı bir qidanı özü əlinə alaraq yeməyə başlamasıdır.
Xüsusən uşaqlar 9-cu aydan etibarən əl koordinasiyaları inkişaf edərək əl hərəkətlərini daha rahat edə bilərlər.
BLW metodunu istifadə edən valideynlər əsas aşağıdakılara diqqət etməlidirlər:
• Uşaq dik və rahat oturmalıdır;
• Yemək saatlarında uşaq çox ac, narahat, yorğun və ya yuxulu olmamalıdır;
• Əsas məqsəd doymaq və ya kifayət qədər yemək yemək deyildir. Ona görə də uşağı bu metoda məcbur etmək və ya təzyiq göstərmək olmaz;
• Uzun doğranmış yeməklərin əllə tutulması daha asandır. Ona görə də ilk dövrlərdə qidalar təqribən 5 sm uzunluğunda kəsilərək verilməlidir;
• Uşağın əlinə verilən qidalar çox yumşaq və ya sərt olmamalıdır;
• Burada məqsəd uşağına yemək vermək deyil onu təqdim etməkdir. Ona görə də yemək qaba qoyularaq verilməlidir;
• Uşağın öyrənməsinə kömək etmək üçün siz də onunla birgə qida qəbul etməli və ya simulasiya etməlisiniz;
• Yeməyini qurtardıqdan sonra uşağın yeməyi ağzında saxlamadığını yoxlayıb nəzarət edin;
• Yeməklərin çox dağılmaması üçün uşağın yemək stulunun altına böyük bir örtük sərsəniz sizə daha asan olacaqdır;
• Uşağı qətiyyən tək qoymamalısınız. Çünki, boğazına yemək qaça bilər və s.;
• Uşağınız əvvəlcə əli ilə, qaşıq və çəngəllə yeməyə başlayacaqdır. Bu dövrdə səbirli olmaq lazımdır. Çünki, qaşıq və çəngəllə yeməyi öyrənmək daha uzun vaxt alacaqdır.
BLW metodunda hansı yeməklərə (qidalara) üstünlük verilməlidir?
• BLW metodunda başlanğıc yeməklər: buxarda bişən kök, kartof, brokoli kimi tərəvəz və alma, armud kimi meyvələrdir;
• Başlanğıc dövrdə uşağın sevdiyi tərəvəzlərə və meyvələrə üstünlük verməyə çalışın;
• Bananı kəsib verə bilərsiniz;
• Tumlu meyvələrin tumunu çıxarmamış verməməlisiniz;
• Sup və ya püre kimi yeməklər olduqda isə çalışın kənarına buxarda bişmiş kök və s. qoyasız ki, uşaq onu əlinə alıb yeyə bilsin.

Əgər uşağınız bu metoda uyğunlaşması vaxt alırsa, qarşısına qoyulan yeməkləri yerə atırsa və ehtiyac olan qidanı almırsa onda uşağına əllə verilən yeməkləri dayandırmadan pürə şəklində də qidaları verməyə davam edin. Amma, bu dövrü öyrəşkənlik halına gətirməyin.
Bu metodu yoxlayan anaların əksəriyyəti uşaqların yemək seçmədiyini və qabaqlarına qoyulan hər şeyi yediklərini deyirlər. Əlbəttə hər körpədə bu fərqli ola bilər. Amma, uşağınızın yemək seçməyən fərd olması üçün ilk addım olaraq BLW metodunu yoxlaya bilərsiniz.
Mənbə:lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.