Gözəl dodaqlar üçün məsləhətlər

14 Ağustos 2021
2 794
0
Gözəl dodaqlar üçün məsləhətlər
Sifətin mimikası dodaqların forması, görünüşü və ifadəsindən asılıdır. Dodaqların formasını dodaq boyası ilə yaxşılaşdırmaq olar, lakin onların ifadəsini kosmetika düzəldə bilməz.

Bir-birinə qısılmış dodaqlar sifətə acıqlı görkəm verir. Ağzın küncləri aşağı endikdə sifət narahat, yorğun, narazı görkəm alır. Xoşa gəlməyən ifadə ən gözəl dodaqları belə korlayır.

Əgər siz qəşəng görünmək istəyirsinizsə, dişlərinizi qısmamalı, dodaqlarınızı yüngülcə yummalısınız. Ağzın künclərinin aşağı düşməməsi üçün gündə 2-3 dəfə ağzın künclərini yüngülcə yuxarı qaldırmaq lazımdır. Hərəkət 5-6 dəfə təkrarlanmalıdır.

Dodaqların elastikliyini saxlamaq üçün onu gündə yarım dəqiqə ərzində qaynadılmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə masaj eləmək lazımdır. Sonra onlara yağlı krem çəkilməlidir.

Axşam üzü yumazdan əvvəl dodaqdakı boyanı silmək lazımdır. Bunun üçün dodağa yağlı krem, ya da zeytun yağı çəkir, sonra boyanı salfetlə silirlər.

Dodaq boyasından istifadə etməyən qadınlar rəngsiz qidalandırıcı boya çəkməlidir ki, dodaqlar qurumasın və cadarlanmasın. Bunun üçün ən yaxşısı tərkibində A vitamini olan kremlərdir.

Dodaqların quruması, ya da qabıq verməsi onu tez-tez dil ilə yalamaqdan, dodaq boyasının düzgün seçilməməsindən, ya da A və C vitaminlərinin çatışmazlığından əmələ gələ bilər. Əgər dodaqlar çatlayır və qanayırsa, onları daha rəngləmək olmaz. Gündüz dodaqlara rəngsiz boya, axşamlar isə sink məlhəminə eyni bərabərlikdə boraks, ya da gülümbahar məhlulunu qarışdırıb sürtmək olar.

Hava soyuq və şaxtalı olduqda dodaqlara boyanı qalın qatla çəkmək olar. Gün altında qaraldıqda, ya da qış idman növləri ilə məşğul olduqda dodaqlara rəngsiz krem çəkilsə yaxşı olar.

Dodaqlara bal, xiyar, ya da yerkökü şirəsi çəkildikdə, həmçinin bir çay qaşığı kəsmik bir çay qaşığı yerkökü şirəsi ilə qarışdırılıb dodağa maska qoyulduqda onlar daha təravətli olur və daha qurumurlar. Maskanı dodaqda 5-10 dəqiqə saxlayıb, sonra qaynar suda isladılmış pambıq ilə silirlər. Sifətə tərəvəz maskası qoyduqda dodaqları da unutmayın.

Bəzən dodaq boyası dodaqların qızarmasına və şişməsinə, hətta bəzən çatlamasına və gicişməsinə səbəb olur. Bu halda həmin boyadan istifadəni dərhal kəsməli və dodaqlara boraks məlhəmi çəkilməlidir. Əgər iltihab əlamətləri keçmirsə, mütləq həkimə müraciət etməlisiniz.

Ağzın künclərindəki çatlar dodaqların zədələnməsi (məsələn, dişləri müalicə edərkən), ya da vitamin çatışmazlığı, əsasən A və B2 vitaminlərinin çatışmazlığı zamanı əmələ gəlir. Xoşagəlməz əlamətlərdən yaxa qurtarmaq üçün vitamin qəbul etmək, çatlara isə gah sink məlhəmi, gah da balıq yağı çəkmək lazımdır. Əgər yaxşılaşma nəzərə çarpmırsa, həkimə müraciət etmək olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.