Vampirlə 45 Dəqiqə Canlı Söhbət

03 Ağustos 2015
4 542
0
Vampirlə 45 Dəqiqə Canlı Söhbət
Vampirlə 45 Dəqiqə Canlı Söhbət

Bilirəm, inanmayacaqsız. Əslində sizi inandırmağa cəhd də etmirəm. Yazını ortaya çıxarmamışdan əvvəl bu barədə çox fikirləşdim. Nə edim ki, sizi bu yazımın fantastik əsər olmadığına, heç bir bədii üslubdan istifadə olunmadığına, ümumiyyətlə burada insanların bilmədiyi informasiyaların mövcudluğuna inandırım. Adətən, insanlar bir-birini inandırmaq üçün and içirlər. Bu ən əlacsız məqamlarda edilir. Əslində mən də indi əlacsızam. Amma dəqiq bilirəm ki, əgər bu yazımdakı hadisənin həqiqətən, öz başıma gəldiyinə and içsəm, daha da yalançı görkəminə düşəcəyəm. Mənim nəyimə lazımdır, axı bir yazıya görə, oxucunun gözündə yalançı kimi tanınam. Digər tərəfdən, and içsəm ki, hansısa vampir mənə sizlərin əksəriyyətinizin bilmədiyi sirrləri açıb, bu yazıya yox, psixi xəstə olduğuma əmin olacaqsınız. Bu isə mənə ümumiyyətlə lazım deyil. Odur ki, gəlin belə danışaq: bu yazını hekayə adlandıraq. Və bu hekayəni mənim yazıçı təxəyyülümün məhsulu kimi qəbul edin. (Hətta istəsəniz xəstə təxəyyülün məhsulu adlandırın - onsuz da nə bilirəm ki, orada nə deyirsiniz indi). Başladıq.
Kənanla 7 il əvvəl universitetin 1-ci kursunda oxuyarkən tanış olmuşduq. O zaman o tibb təhsili alırdı. Əslində konkret olaraq hansı situasiyada tanış olduğumuzu xatırlamıram. Bir o yadıma gəlir ki, qısa müddətdən sonra bir-birimizə «qardaş» deyirdik. Çox sakit təbiətli idi. Ən əsası həddindən artıq bilikli. Mən psixologiya ixtisası üzrə təhsil alırdım və yadıma gəlir, öz ixtisasımla bağlı hansı məsələ barədə ona sual versəm, tam ətraflı cavablandırırdı. Bir misal: 2-ci kursda oxuyanda «Ali sinir faliyyəti» fənnindən imtahanım var idi. Semestr boyu bu fənni heç oxumamışdım. O mənə dedi, gəl səni hazırlayım. Və mənə bir gecənin içində elə informasiyalar verdi ki, sabahı gün imtahanda 5 sualın 5-ni də cavablandırdım. Həm də elə cavab yazmışdım ki. Müəllimlər bunu haradan köçürdüyümü neçə gün axtardılar, tapmadılar. Və o imtahandan bİr neçə gün sonra yazdıqlarım tamamilə yadımdan çıxmışdı. Olmuşdum yenə də bu fənni heç oxumamış kimi. O vaxt minnətdar olduğum Kənandan heç şübhələnmədim. Yaddaşsızlığımı qınadım. Və yazıq Adilə müəllimə mən universiteti qurtarana kimi deyirdi: «Ay bala keçib daha, onsuz da qiymət yazmışıq. De görüm, o cavabları hansı kitabdan köçürmüşdün?». Mən: “Heç haradan köçürməmişdim”, deyirdim. Nə isə… mətləbdən uzaqlaşmayım. Kənan ucaboy, yaraşıqlıydı. Amma heç vaxt yanında bir qız dostunu görməmişdim. Mənə deyirdi ki, kəbnsiz olaraq qızlarla yaxın münasibət günahdır. Məni bu münasibətlərdən çəkindirməyə çalışdırdı. Onu dindar kimi tanıyırdım. hər zaman mənə kömək edirdi. Universiteti bitirənə qədər dostluğumuz davam etdi. Sonra o birdən-birə yoxa çıxdı. Təxminən 2 il. Maraqlıdır ki, bir mobil nömrəsindən başqa heç bir əlaqə yox idi. Nə bir qohumunu tanıyırdım, nə dostunu. Elə bil heç vaxt mövcud olmayıbmış. Sonra yenidən peyda oldu və dedi ki, əsgərlikdə imiş. Yen də yaxın dostluq edirdik. Qəribə bir cəhəti var idi ki, yaşını gizlədirdi. Mənim təxmini bildiyimə görə, uzağı 28 yaşı var. Sonra o məni bir xanımla tanış etdi. Dedi dostumdur. Bir möddət sonra həmin xanımla mənim də aramda dostluq münasibətləri yarandı. İlk qadın dostu. Söhbəti uzatmaq fikrim yoxdur. O xanım bir axşam mənə zəng edib dedi ki, təcili görüşməliyik. Qollarını açıb göstərdi… göyərmişdi. Dedi Kənan edib. Son günlər özünü qəribə aparır:
- Keçən dəfə xəstə olduğum üçün venama iynə vurmalı idi. Şprizi geriyə çəkib qanımı şprizə doludurdu və içdi. Ötən axşam isə bizə gəlib məni dlivana yıxdı. Elə bildim zorlamaq fikri var. Amma o sadəcə qollarımı möhkəm sıxıb üstümə uzandı. Və dodağının altında pıçıldayırdı ki, «Ay Allah axı belə olmalı deyildi. Onu əlimdən alma»…
Qadının dedikləri heç inandırıcı görünmür, xüsusən də Kənan haqqında… Elə həmin axşam zəng edib Kənanı evimə dəvət etdim. Xanımın danışdıqları barədə soruşdum. Sualdan yayınanda əsəblərimi cilovlaya bilməyib qışqırdım:
- Rədd ol buradan. Sən müəmmalısan. Heç yaşını da bilmirəm. Yəqin ki, sadəcə psixi xəstəsən. Özünü ağıllı aparmağa çalışan xəstə…
O xeyli müddət gözümün içinə baxdı…
- Yaşımı bilmək istəyirsən?
- Cəhənnəm olsun sənin yaşın
- Al bax. - cibindən köhnə bir pasport çıxardı - al bax, ürəyin sakitləşsin.
Köhnə sovet pasportu. 11 avqust 1922-ci il. Kazaxıstan SSRİ. Budur - həqiqətən onun şəklidir. Adı da, familyası da… Kuliev Kenan…bu nədir İlahi….
- Zarafat edirsən? - həyəcanlanmışdım. Başımı qaldıranda gördüm ki, gözümün içinə baxa-baxa ağlayır.
- Amma mən səni çox istəyirəm. Həyəcanlandınsa, al buna da bax - cibindən şəxsiyyət vəsiqəsi çıxardı. 16 avqust 1981. Quliyev Kənan.
- Bütün bunlar nə deməkdir?

- Mən sənə danışacam. Hazır ol. Rahatlaşacaqsan. Sonra bütün danışdıqlarımı unudacaqsan. Gəl bax burada əyləş. - Mən onunula üz-üzə əyləşdim. Sonra başladıq söhbətə …. O mənə vampir olduğunu deyirdi və bu barədə danışırdı. Bir o yadıma gəlir ki, stolun üstündə mobil telefonum gözümə sataşdı və xəlvət götürüb səsyazanı işə saldım. İndi sizə təqdim etdiyim həmin telefonun yaddaşında olanlardır. 46 dəqiqə səs yazılışı. Olduğu kimi… Etiraf edirəm öz yadımda söhbətdən heç nə qalmayıb. Həmin axşamdan sonra onu bir daha görmədim. Yənə də qeyb oldu. Yəqin ki, səsini xəlvət yazdığı bilmişdi və yəqin ki, indi birdəfəlik qeyb oldu. Axı özünün dediyi kimi, onlarda intiusiya güclü olur. Hə, sualların pərakəndəlyinə görə məni qınamayın. Qınamaq istəsəz, bir anlıq özünüzü mənim yerimə qoyun. Görün, heç sual verə bilərdiz? Nə isə... deyəsən həqiqətən uzatdım... buyurun oxuyun...
- …. sonra da başlayırsız dəli olmağa…
- Vampirin insandan fərqi nədir?
- Kənardan görünməyən, amma əslində köklü surətdə böyük fərqi var. Məsələn, gözəl bir insan rəsminin, canlı insanla müqayisədə olan fərqi qədər fərqimiz var.
- Siz cansızsınız ki?
- Bildim ki, o «tupoy» insan ağlı ilə belə bir sual verəcəksiniz. Biz cansız deyilik. Mən sadəcə müqayisə aparmaq üçün dedim. Məsələ ondadır ki, mahiyyətimiz çox fərqlidir. Amma quruluşumuz çox oxşardır. Cin - insan - vampir. Üçü də bir-birindən çox fərqldidir, həm də üçü də bir-birinə çox oxşardır.
- Məgər cin var?
- Var.
- O zaman, gəl əvvəlcə cinlər barədə danışaq.
- Aramızda olan razılaşmaya görə, cinlər barədə çox danışmayacğam.
- Mümkünsə, bir onu deyin ki, cinlər də vampirlər kimi insan cildində olur?

- Bilirsiniz, biz də, siz də 3 ölçülü sistemdə yaşayırıq. Yəni bizdə en var, uzunluq var və hündürlük var. Amma cinlər 5 ölçülü sisitemdə yaşayırlar. Mənim çox sevdiyim bir vampir - Bulqakov, bir dəfə bir səhv eləyib öz əsərində cinlər barədə yazıb. Onu cəzalandırdılar. Düzdür, 5 ölçülü sisitemi heç təsvir də edə bilməyib, müəyyən qədər 4 ölçülü sistem barədə yaza bilib. Məsələn, orada bir mehmanxana təsvir olunur -otağın qapısını açıb girəndən sonra böyük bir pilləkən böyük otaqlara aparır. Amma adi insanlar gəlib bu otağı açanda yalnız otağın içərisi görünür. Sağda qonşu, solda qonşu. Bəs o pilləkən, o böyük otaqlar hanı? Əslində insan daxil olub həmişə olduğu kimi yalnız 3 ölçülü məkanı görür. Nə isə, mən bunu sizə izah edə bilmərəm. Siz dərk edə bilməyəcəksiniz. Hələ biz onu çətinliklə dərk edirik. Ən ağıllı insanın gəldiyi qənaət budur ki, cinlər bizim içimizdə yaşayır, sadəcə gözümüzə görünmür. Amma elə deyil. Sizin məkanla onların məkanları bir-birinə toxunmur. Amma onlar görürlər bizi.
- Nəyə görə nağıllarda, əsatirlərdə cinlər pis bir varlıq kimi qələmə verilir?
- Siz özünüzdən başqa kimi yaxşı qələmə verirsiniz ki?
- Bəs vampirlərin, cinlərin insanlara münasibəti necədir?
- Heç bir münasibət yoxdur. İnsanların insanalara olan münasibətinin, marağının milyonda biri nə cinlərdə, nə vampirlərdə var. Siz özünüzü o qədər yüksək tutursunuz ki… Elə blirisiniz elə dünya sizin ətrafınızda fırlanır, cinlər, mələklər, vampirlər gecə-gündüz oturub sizin barənizdə düşünür. Siz qarışqa və milçəklər haqqında fikirləşdiyinizin mində biri qədər biz sizin haqqınzda düşünmürük. Amma biz də, cinlər də baxırıq, məsələn, sizin sənətkarlara. Bir şeyi deyim ki, biz vampirlər də cinləri görmürük. Amma onlar barədə informasiyalar alırıq. Bilirik ki, onlar görünütünü və səsi saxlaya bilir. Siz texnikada inkişaf edirsiz. Onlar da öz sahələrində. Məsələn: cinlər istədikləri vaxt canlı olaraq Motsarta qulaq asa bilirlər. Sizin kimi disklərlə yox ee, həqiqi Motsarta… Yeri gəlmişkən, Motsart vampir olmasa da, vampirlərdən xəbardar insan olub. Amma bir daha deyim ki, biz vampirlərin cinlərlə birbaşa əlaqəsi yoxdur. Allah sərhəd qoyub. İmkanlar var, əlaqə saxlamaq olar. Amma bu zaman cəzasını alırıq. Hə nədən daşırıdım? Bütün musiqilər.
Səslər əslində itmir. O enreji kanalları vasitəsilə qalır. Bu enerji kanalları haqqında da danışsam, bir şey anlamayacaqsınız. O bizim- vampir alimlərin kəşfləridir.
- Vampir alimlər… Kimlər var, vampir alimlərdən?

- Onu deyim ki, əsas kəşfləri elə bizimkilər edib. Alim insanlar var. Bunu inkar etmirəm. Bizimkilər insan alimlər qədər çox kəşf eləmir. Məsələn, bu stolu, stəkanı, hətta kompyuteri vampir alimlər kəşf etməyib. Onlar qanunauyğunluqları kəşf ediblər. Məsələn, hörmətli vampirmiz Eynşteyn. Nisbilik nəzəriyyəsini qoydu ortaya. Hamınız dəydiniz bir-birinizə. Yaxud da Tesla. Tesla bizim fəxrimizdir. O elə bir şey kəşf elədi ki, hələ bilmirsiniz o nə kəşf edib. Hələ müzakirə mövzusudur. Texnikanı insan alimlər kəşf edir. Vampir alimlər mahiyyətləri, qanunauyğunluqları. Məsələn siz musiqidə 7 not tanıyırsınız. Əslində bunu biz sizə təlqin eləmişik. Ona görə də bəzən musiqiçiləriniz digər notlara toxunanda, buna müxtəlif adlar qoyursunuz: qeyri-adi səs, false və sair. Biz buna gülürük və sizi qəsdən çərçivədə saxlamışıq. Əslində not çoxdur.
- Bəs müğənnilərin içərisində vampir var?
- Bəli, var. Adlarını saymayacağam. Azərbaycan müğənniləri maraqlandırırsa, Azərbaycanda əsrlər boyu 2-3 nəfər vampir müğənni olub.
- Yaxşı gəl, belə danışaq. Bəlkə siz özünüz vampir olğunuz üçün vampirləri belə təqdim eləyirsiniz?
- Vampirlərin tərəfini tutduğumu inkar etmirəm. Axı bizim də hisslərimiz var. Amma faktlarım da var, axı əlimdə. Bir məsələ var ki, mən ad çəkə bilmirəm. Axı hansısa tanınmış vampiri necə ifşa edim?

- İfşa? Aha. Deməli vampir olmaq yaxşı şey deyil (gülürəm)
- Yox. Bəlkə də mən ifşa sözünü yerində işlətmədim. Yəni həmin şəxsin bilinməsi lazım deyil, çünki Allah insanları sevir. Məsələn, sabah siz çox varlı adam ola bilrəsiniz və sözünüzü hamı eşidər. Siz də deyərsiniz ki, filankəs vampirdir əslində. Bu yaxşı deyil axı. Düzdür, elə danışsanız sizi elə günə qoyarıq ki, səsiniz dəlixanalardan gələr. Və sizin danışdıqlarınıza heç kim inanmaz. Amma niyə hansısa vampirimizin adı hallansın. Çünki bəzi şeyləri biz hissiyata qapılıb, axmaqlıq edib adamlara açıb deyirik, həmin adam da ağzını açıq qoyub, bunu hər yerdə danışanda onu elə vəziyyətə gətiririk ki, o adam özü öz danışdıqlarına inanmır sonra.
- Vampirlər sevə bilir?
- Əlbəttə….. sevdiyini cəzalandıra da bilir. Sevə-sevə öldürə də bilir, sevə-sevə pislik də edə bilir. Sevginin davranışa dəxli yoxdur. Sevgi hisslərə aiddir. Davranış beyinin başqa ocağındadır.
- Peşiman da ola bilir?
- Bu nə sualdır. O nağıllardakı vampirlər sizə düzgün təqidm olunmayıb. Əlbəttə, səhvə görə vampir də peşiman olur.
- Vampirlər olacaq hadisəni əvvəlcədən duyur? Ümumiyyətlə öncədəngörmə var sizdə?

- Əslində bilmək mümkündür. Onu bilməyin xüsusi mexanizmi var. Öyrənmək üçün isə uzun illər lazımdır. Amma bir məsələ var. Məsələn, mənim ömrüm səndən dəfələrlə çoxdur. Hələ mən bu uzun illərimi buna sərf edib öyrənməmişəm. Nəyimə lazımdır axı, bu proqramı öyrənim ki, sabah nə olacaq. Sabah olacaqlar insanları narahat edir, bizi yox. Ona görə bu proqraşlamanı öyrənməkdə maraqlı deyiləm. Hələ sən başlasan öyrənməyə, bəlkə də öyrənə biləcəksən, amma bir də görəcəksən ki, artıq bu dar ömrünü başa vurursan. Və illərini buna sərf etdiyinə peşman olacaqsan.
- Vampir olduğunu nə vaxt bildin?
- Adətən bunu bizə açıqlayırlar, həddi-buluğa çatan dövrdə. Amma bizim həddi-buluğa çatmağımız sizinkindən xeyli fərqlidir. Ümumiyyətlə fərqli cəhətlərmiz çoxdur. Məsələn, vampirlərin içərisində heç vaxt narkoman, alkaqolik olmur. Biz spirtli içki içmirik. Amma hərdən bəzi vampirlər özlərini içən kimi göstərir. Məsələn bizim bir məşhur müğənni var onun kimi. O qəsdən belə görünür. Amma əslində biz spirtli içki qəbul edə bilmirik, hətta spirtli ətirlərdən də istifadə edə bilmirik.
- Vampirlər hamısı məşhur insanlardır?

- Yooox. Nəyinə lazımdır vampirin məşhurluq. Bu dəqiqə ağlı başında olan vampir, məsələn, Taylandın meşələrində heyvanlarla xoşbəxt həyat sürür özü üçün. O qədər istedadlı vampirlər var ki, istedadını ortaya çıxarıb insan cəmiyyətində tanınmaq istəmir. Buna ehtiyac duymur.
- məsələn, Azərbaycanın ucqar kəndində yaşayan vampir var?
- Kənd şəraitində yaşayan var. Məsələn, sizdə bir söz var ee - filankəsə bax, kəndçidir. Amma yerin altını da bilir, üstünü də…. Əslində o vampirdir. Kənd yerində yaşayıb. Oxumaq vacib deyil eee. Onun 500-dən çox yaşı var, sadəcə siz bilmirsiniz. Onun qədər yaşamaq da bəs edir də, yerin altını da, üstünü də bilməyə. Yoxsa insanı gətirib, oxudub akademik edirlər, həmin kəndçi vampirin bildiyininin 10 faizini bilmir.
- Çoxbilmiş çobanlar barədə nağıllarımız bəlkə buradan yaranıb?

- Əlbəttə. Sənə bir şey deyim, amma gülmə. Santa Klauz deyirlər. O həqiqətən var, vampirdir. Onun bir xidməti var, ona görə ona əbədi ömür verilib. Yəni o heç vaxt ölmür. Xüsusi şeylər var, ona əməl edib yaşayır. Xızır peyğəmbər ona dua edib.
-Siz bilikləri necə əldə edirsiniz?
- Biliklərin əldə olunmasının bir neçə yolu var. Onlardan biri - sizin kimi oxuyub öyrənmək, yaxud da kimdənsə öyrənməkdir. Digərini isə hələ insanlar kəşf etməyib deyə termini yoxdur. O digər dediyim variantı izah etmək üçün peyğəmbərləri nümunə göstərə bilərəm. Onlar informasiyanı vəh kimi alırdılar. Düzdür 124 min peyğəmbərin heç biri vampir olmayıb. Ümumiyyətlə vampirlər peyğəmbər olmur. Hə, məsələn sənə bir maraqlı fakt deyim. Mən oxuyuram kitabı və o dəqiqə baxıram ki, mən bunu bilirdim. Bəlkə də 3 dəqiqə əvvəl həqiqətən bilmirdim. Amma həmin dəqiqədən sonra mən həqiqətən, oradakıları bilirəm artıq. Bunu izah etmək bir qədər çətindir. Çünki sırf bizə aid olan bir hissiyyatdır. Bizdə də öz üzərində işləyən və işləməyən olur. Bizim üçümüzün də - yəni cinlər, vampirlər və insanların bir ortaq nöqtəsi də var - kollektiv şüursuzluq. Arxetiplər. Məsələn ilandan siz də qorxursunuz, biz də.
- İlandan qorxursunuz….. təkrarçılıq da olsa, bir sual verəcəyəm yenə. Niyə vampirlər haqqında filmlərdə siz yalnız qaniçən kimi göstərilirsiz?
- Bu sadəcə insan axmaqlıığdır. İnsanlar özlərindən başqa hər şeyi aşağılayır. Təhtəlşüur olaraq. Heyvanları da aşağılayır. Siz bilirsinizmi ki, qoyunun beyninin qırışığı sizinkindən çoxdur? Əgər hələ alimləriniz kəşf etməyibsə, deyin araşdırsınlar. Və yaxud da delfinlərin emosional informasiya ötürmək qabiliyyəti sizinkindən dəfələrlə çoxdur. Heyvanları bəyənmirsiniz, vampirləri bəyənmirsiniz, qulyabanıları bəyənmirsiniz. Hətta içinizdə mələkləri də bəyənməyənlər var.
- Mən deyərdim, bəyənməyənlər yox, inanmayanlar çoxdur
-Çoxları özünü inanmayan kimi gösətirir. Əgər insanlar inanmasaydı, ümumiyyətlə «cin» sözü işlənməzdi. Nağıllarınızda vampirlər olmazdı. Bəşəriyyətin kökündə bu inam var ki, obrazımızı canlandırırsınız.
- Şəxsən mən cinlərə inanmıram.
- O sizin uşaqlıqda aldığınız hansısa psixoloji tramva ilə bağlıdır.
- Vampirlər nə qədər yaşayır?
- Sizinlə müqayisədə təbii ki, çox ya
şayrıq. Amma bizim də az və çox yaşayanlarımız olur. Bu asılıdır necə yaşamağımızdan. Məsələn: 500 il və daha çox. Amma mənim kimi bəzi şeylərə əməl etməyənlər təbii ki, az yaşayır. (gülür) Bizim aramızda münasibətlər sizdəki kimi deyil e. Siz qohum-əqraba deyirsiniz, saxta təbəssümlərlə bir-birinizin evinə qonaq gedirsiniz, nə bilim bayram, filan. Sonra da bir-birinizin arxasınca qeybət, filan. Bizlərdə belə şeylər olmur.
- Fikir verirəm, bədəniniz adi insan bədənidir. Bəs bu dəri, orqanlarınız 500 il yaşamağa necə imkan verir?
- Xeyr adi insan bədəni deyil. Sizin tibbi biliyiniz olsaydı, daha yaxşı izah edərdim. Məsələn, ürək işi. Sadə dildə deyirəm. Ürəkdən çıxır böyük damarlar, onlardan sonra orta filan, sonra daha xırda damarlar, nəhayət kapliyarlar. Kapliyarların da ucunda xırda kisəciklər var. Açılır, yığılır. İnsanlarda ürək qanı vurur və qan gəlib kapliyarın ucundakı həmin torbacığa dolur,
açır onu, hüceyrəni qidalandırır və sair… ürək növbəti dəfə vuranda qanı sovurur… amma bizdə bu proses əksinədir. Yəni bizdə qanın dövranı ürəyin hesabına getmir. Bizdə bayaq torbacıq dedim ha, onun hesabına gedir. Məsələn, ağ ciyərlərin işində də belə təzad var. İnsanların ağ ciyərində sərbəst fəaliyyət yoxdur. Bir sözlə orqanizmdəki səbəb nəticə əlaqələri əksinədir.
- Qohum-əqraba demişkən, vampirlik genetikdir?
- Bəli genetikdir.
- Siz insanla evlənirsiz?
- Bəli.

- O zaman övladınız da vampir olur?
- Olur ki, uşaq vampirdir, amma insan geninin daşıyıcısıdır. O sonra insanla evlənəndə artıq insan doğulur, amma o da ola bilər ki, vampir insanla evlənsin, uşaq insan doğulsun, amma vampir geninin daşıyıcısı olsun. Demək həmin uşaq evlənəndə onun övladı vampir olacaq. İlk dəfə insanlarla vampirlərin genetik qohumluğu Nuh peyğəmbərin gəmisi quruya çıxanda oldu. Mən bilmirəm müqəddəs kitablarda, doğurdan yadımda deyil, (mənim yaddaş imkanlarım qibtə ediləsi deyil) bu göstərilir, yoxsa yox, amma həqiqətdə onun gəmisində dişi cinsində olan insan olmayıb. O zaman Allah insanla vampirin evliliyinə icazə verib.
- Sizin yığıncaqlar olur?
- Bəli, olur. Fəsil bayramlarımız olur, insanların Ramazan bayramını da qeyd edirik. Bizim elə əsas uğurlarımızdan biri odur ki, Ramazanda dua məqamlarını bilirik və həmin məqamlarda dua edib uğur qazanırıq. Amma insanlar həmin vaxtı bilmirlər. Oruc da tuturuq. Pirlərə də inanırıq. Bilirsiniz, pirlərin elə bir enerjisi var ki, onu sizlərin əksəriyyəti hiss etmir. Hiss edənlər də var. Müəyyən şeylərə görə, bizə pirlərə getmək o qədər də olmaz.
- Çoxsunuz?
- Nə barədə? Mən nə bilim sən hansı rəqəmi çox hesab edirsən. Məsələn, siz çoxsuz?

- İnsanlar?
- Hə.
- Məni bilirəm ki, 6 milyard insan var yer kürəsində. Amma onun neçəsi vampirdir onu bilmirəm.
- Dəqiq bilmirəm. Bilsəm də, deyə bilmərəm.
- Hər halda biz fikirləşdiyimizdən çoxsunuz.
- Axı mən bilmirəm siz nə fikirləşirsiz.
- Hər halda nadir deyilsiniz də.
-Əlbəttə nadir deyilik. Biz varıq. Siz insanlar özlərini nadir tapıntı hesab edirsiz.
- Açıq şəkildə hiss edirəm ki, insanları bəyənmirsiz.
- Elə deməzdim. Məsələn peyğəmbərlərin hamısı insanlardan olub. Qiyamət günüdə bizim sizinlə fərqimiz olmayacaq. Ona görə ki, Allah əmələ görə qiymətləndirir. İnsanı da, vampiri də cini də. Qulyabanını da.

- Qulyabanı? (demək olar ki, bağırıram)
- Onlar haqqında danışmayacam. Hər dəfə onlar haqqında danışıram sonra inciyirlər.
- Sualdan qaçdın, gəl belə bir sual verim. Ümumiyyətlə biz hardan bilirik ki, vampir var, cinlər 5 ölçülü sistemdə yaşayır və biz haradan bilmişik ki, cin var, qulyabanı var və sair.
- Bilirsiniz, zamanlar fərqlidir. Vaxt olub biz də müəyyən qədər «naivni» olmuşuq, nələrisə demişik. İnformasiya yüklənib insan cəmiyyətinə. Məsələn, sizdə bir deyim var, bir dəli quyuya daş atdı, 100 dəli çıxara bilmədi. Bizdən də biri sizin dillə desək «qatıqlayır», o birilər də çalışır onun səhvini düzəltsin. Məsələn, bizə niyə spirt olmaz, onun iyindən dəli oluruq. Axı içəndə nələrisə, danışa bilərik.
- O zaman sizə yaşamaq biri qədər çətin olar. Çünki ömrü boyu bir sirri daşımalı olursunuz.
- Eh, ona qalsa, sizlərdə «mavi»lər var, ərinə xəyanət edən fahişələr var ki, ömürləri boyu sirr daşıyırlar…
- Vampirlər xəyanət etmir?
- Heç vaxt. Çünki biz sərbəst yaşayırıq. Kim kimlə istəyirsə, onunla evlənir.
- Yalan danışırsınız?
- Hə, yalan olur. Yalan elə axmaq bir şeydir ki, vampir də yalan danışır. (gülür)
- İnsan genetik vampir deyilsə, ümumiyyətlə heç bir vampirlə qohumluq əlaqəsi yoxdursa, vampir ola bilər?
- O sizin xülyalarınızdır ki, filmlərinizdə çəkirsiniz. Guya vampir dişləsə, dönüb vampir olurlar. Boş şeylərdir. Ümiyyətlə boş işləriniz çoxdur. Məsələn, yeganə insanlarda rast gəlirik ki, cinsini dəyişdirir. Güya onda xoşbəxt olacaq. Əksinə onda tam lazımsız bir şeyə çevrilir. Bir transvistit göstərin ki, xoşbəxt olub. Xeyr.

- Biz vampiri necə tanya bilərik?
- (gülür). Bir misal var e… hamı məni dəli bilir, sən isə axmaq. Sən deyəsən məni əməlli başlı axmaq hesab edirsən. Amma o qədər axmaq deyiləm ki, bunu da deyim.
- Yaxşı gəl ədəbiyyatdan danışaq. Vampirlərin ədəbiyyata münasibəti…
- Çox spektik yanaşırıq ədəbiyyata. Və ancaq vampir yazarları oxuyuruq. Ona görə də heç vaxt görə bilmərsiz ki, bir vampir hansısa, Azərbaycan yazarının əsərini oxuyur. Çünki Azərbaycan yazıçıların içərisində heç vaxt vampir olmayıb. Onu yüz faiz bilirəm. Amma şairlərinizdən olub. (burada klassik şairlərmizdən birinin adını çəkdi. Amma bura yazmağa çəkinirəm… N.Q) bir şeyi də deyim. Dahi şair Məhəmməd Füzuli vampirlikdən də üstün olub.
- Vampirlikdən üstün?
- Bəli, o çox uca məqamda olub. Sonra… (fikirləşir) məsələn, Şekspir çox axmaq bir adam olub. Oğru Şekspir. O vaxt klassik vampir yazıçıların əsərlərini oğurlayıb. Sonra onu pazla öldürdük. Bu üsul bizdə var. Əslində insanlar onu ölmüş bilib, aparıb basdırır, sonra biz onu çıxarıb, pazlayıb yenidən basdırırıq.
- Vampirin milləti olur?
-Yox. Bizdə millət olmur. Amma xarici görünüşdə fərqlilik olur. Yeri gəlmişkən, heç vaxt eybəcər vampir olmur. Ola bilsin, bəzilərimiz həddindən artıq gözəl deyilik sizin gözünüzdə, amma çirkinlərimiz, əyrilərimiz olmur. Məsələn, Mono Liza vampirdir. Onun izah olunmaz gözəlliyinin sirri də elə bundadır əslində.
- Hərbi xidmətə gedirsiz?

-Bəzən insanların qayda-qanununa görə gedirik. Amma əksər vaxtlarda getmirik. Yayınmaq bizim üçün asandır. Hələ SSRİ dövründən hərbi xidmət bizim üçün əlverişli olmayıb. Müəyyən natəmizliyə görə. Elə ona görə də, o vaxtdan yayınmağın yolunu tapmışıq. Yeri gəlmişkən bir millət var ki, tam vampirlərdən təşkil olunub. İndi sual verəcəksən ki, hansı millət? Bax onu deməyəcəm. Bilirəm variant kimi soruşacaqsan - ermənilər? Yahudilər? Və sair… amma onlar deyil. Ümumiyyətlə hansı millətin olduğunu deməyəcəm. Özünü yorma. Maraqlıdırsa, bir onu deyim ki, Hindistanda vampir yoxdur. Yəni hindlilərdən biri də vampir deyil. İrlandiyalıların...
Burada söhbət kəsilir. Daha doğrusu telefonumun yaddaşı doluğundan səs yazılışı dayanır. Lənət olsun insanların düzəltdiyi bu telefona… və lənət olsun vampirin təsir etdiyi insan yaddaşıma. İndi mənə bir şey qalır... Xəyanətimin cəzasını gözləmək. Xatırlayırsınızsa, o belə bir fikir səsləndirmişdi: «...çünki bəzi şeyləri biz hissiyata qapılıb, axmaqlıq edib adamlara açıb deyirik, həmin adam da ağzını açıq qoyub, bunu hər yerdə danışanda onu elə vəziyyətə gətiririk ki, o adam özü öz danışdıqlarına inanmır sonra». Hələ ki, öz danışdıqlarıma inanıram... Hələ ki...

Bunu mənə msn də danışdığım biri göndərib o iddia edir ki mən də olardan biriyəm indi mən sizdən sorusuram o insan düz deyir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.