Təhlükəli gözəllik: Tatu çəkdirmək haramdırmı?

03 Şubat 2015
6 133
0
Təhlükəli gözəllik: Tatu çəkdirmək haramdırmı?
Təhlükəli gözəllik: Tatu çəkdirmək haramdırmı?


Hamımız uşaqlıqdan əlimizə qələm, karandaş düşən kimi kağıza, vərəqə, hətta divara şəkillər həkk edirik. Şəkli bədənin müxtəlif hissələrinə çəkdirmək isə bir ayrı sənətdir - təhlükəli incəsənət. Bu zaman müxtəlif maddələr iynə vasitəsilə dərinin altına yeridilir.
Gənclər arasında populyar olan döyməyə bəzən yaşlı insanlar da maraq göstərir. Tatununun bədənin hansı hissəsinə çəkilməsindən, rəngindən, quruluşundan və ölçüsündən asılı olmayaraq, burada ən qabarıq məqsəd özünü kiməsə göstərmək həvəsidir. Əvvəllər tatunu daha çox hərbi xidmətdə olarkən gənc oğlanlar və həbsxanada olan məhbuslar etdirirdilərsə, indi qadınqızlar, xüsusən də məktəblilər arasında tatuya maraq böyükdür. Buraya təkcə al-əlvan şəkillər deyil, müxtəlif yazılar, imzalar da aiddir. Bəs döymənin zərəri varmı? Döymə zamanı hansısa xəstəliklərə yoluxmaq mümkündürmü? İslam dinində döyməyə münasibət necədir?
Publika.az olaraq bu və digər suallara cavab tapmaq üçün kiçik bir araşdırma apardıq.

Tatu nə vaxt yaranıb?

Əvvəlcə ondan başlayaq ki, indi bu qədər geniş yayılan tatunun tarixi bizim bildiyimizdən çox-çox qədimlərə gedib çıxır. Hindlilər, yaponlar, yerli amerikalılar və Afrikadakı bəzi qəbilələr tatuajı bəzək kimi qəbul etsələr də, döymələrə bəzi cəmiyyətlərdə xəstəliklərə və pis ruhlara qarşı qoruyucu tilsim qismində baxırdılar.
Döymə ənənəsi çox qədimdir. Qədim Misirdə tatuajın olması mumiyalardan aydın görünür. Qədim yunanlılar və romalılar günahkarlara və kölələrə tatuaj edərdilər. Xristianlıq inancında isə döymə qadağan olunmuşdu. Buna qarşı çıxan ilk xristianlar bədənlərinə İsanın adını və ya xaç naxışları daşıyan döymələr vurdururdular.
Döymə sənəti XX əsrin əvvəllərindən sonra xüsusilə dənizçilər arasında məşhur idi. Romantik duyğuları, vətənpərvərliyi və ya dindarlığı ifadə etmək məqsədiylə döymə geniş şəkildə istifadə olunurdu.
Qədim döymə dəriyə yan-yana kiçik dəliklər açmaq və bu dəliklərə sürmə, mürəkkəb, xına və boyaq maddələri sürtməklə edilir. Bununla yanaşı, döymə etməyin bıçaqla və ya dırnaqla dəridə dərin yarıqlar açmaq kimi başqa üsulları da var. Müasir dövrdə isə tatu çəkənlər xüsusi olaraq hazırlanmış elektrik döymə aparatlarından istifadə edirlər. Döyməni etdirən şəxs əsəbi və ağrıya həssasdırsa, keyimə üçün dəriyə müəyyən dərmanlar da sürtülür. Hazırda müxtəlif sintetik boyalardan da istifadə etməklə müxtəlif rənglərdə tatular döydürürlər.
Qonşu Türkiyənin bir sıra kəndlərində hələ qədimdən döymənin xüsusən də qadınların öz həmcinlərinə etməsi bir ənənədir. Döymə iki qaşın arasına və dodaq altına vurulur, bu, böyük bir tayfanın ən böyük xanımı olmanın rəmzidir. Bu titula layiq görülən qadınları digərlərindən ayırmaq üçün belə döymələr edilir.
Döymə ustası Leyla Bağırovanın bildirdiyinə görə, 3-4 il əvvəl qadınlar daha az müraciət edirdilər, amma indi xanımların əksəriyyətinin ərləri özləri onları döymə etdirmək üçün gətirirlrə: “Tendensiyalar bir qədər dəyişib. Artıq kişilər tatuya elə də pis baxmırlar. Hətta özləri də bunu xoşlayırlar. Bəzi kişilər var ki, həıyat yoldaşlarını göndərirlər ki, get hansısa bir hissənə naxış döydür. Bu, əl, bel və ya hansısa görünməyən hissə ola bilər. İndi döymə üçün cavan qızlar çox müraciət edirlər. Artıq cəmiyyət də döyməyə əvvəlki kimi pis baxmır”.
Tatu ustasının sözlərinə görə indi döymə üçün müraciət edən məktəblilərin də sayı artıb. Onların əksəriyyəti isə valideynlərindən xəbərsiz ustaya müraciət edənlərdir. Belə görünür ki, döymə həbsxana hasarlarını çoxdan aşıb. Artıq elit təbəqədə, kübar məclislərdə bir qadının boynunda, qolunda və ya başqa bir yerində tatu görmək təəccüb doğurmur. Yəqin ki, çoxları onun hansı xəstəliklərə gətirib çıxaracağından da xəbərsizdirlər.

Döymə ilə gələn bəla – bu dəfə Hepatit A…

Vüqar Novruzov 6 il əvvəl 27 yaşında qoluna döymə etdirib. Tatu ustası ona alətlərin steril olduğunu və dezinfeksiya edildiyini desə, prosedurdan bir neçə gün sonra Vüqarda halsızlıq, qarın boşluğunda ağrılar yaranır və onun gözlərinin içərisi saralır. Həyəcan keçirən ailəsi onu təcili xəstəxanaya gətirməli olur. Məlum olur ki, V. Novruzov Hepatit A xəstəliyinə yoluxub. Bir xeyli müddət xəstəxanada yatmalı olan Vüqarın qaraciyəri şişib böyüyübmüş. Həkimlər onu sağaldıb evinə yollasalar da, ciyərində həmin xəstəliyin fəsadlarının bir müddət qalacağını və həmişə qaraciyərini qorumalı olduğunu bildiriblər. V. Novruzov isə hər dəfə etdirdiyi tatuya baxanda xəstəliyini xatırlayır və o döymənin ancaq və ancaq bədbəxtlik gətirdiyini düşünür. Bəlkə də, əksinə, bəxti gətirib ki, iş hepatit A ilə bitib, o, hepatit C, QİÇS və digər daha təhlükəli xəstəliklərə də tutula bilərdi axı…

Döymə ağır xəstəliklərə yol açır

Son illərdə xüsusilə gənclər arasında sürətlə yayılan tatuaj gözəllik məqsədi ilə edilsə də, QİÇS-dən tutmuş xroniki böyrək çatmazlığına, müxtəlif allergiyalara qədər bir çox xəstəliklərə səbəb ola bilər. Çox halda isə iynələrin üstündə olan mikroblar bədənə girərək xəstəliklər yaradır. Mütəxəssislər nisbətən az zərərli tatuaj kimi tanınan müvəqqəti döymənin də dəridə yaraların yaramasına səbəb olduğunu bildirirlər. Tatuaj həmçinin hepatit B, hepatit C kimi xəstəliklərə gətirib çıxarır. Ekspertlərin sözlərinə görə, döymə geniş sahələrə və qeyri-steril şəraitdə vurulanda toksiki dermatoz əmələ gələ bilər. Bu zaman qan zəhərlənir. Bəzi insanlarda çapıqlanmaya meyllilik var, buna kelloid xəstəliyi deyirlər. Bu cür insanlara tatuaj vurulanda dərinin tamlığı pozulur və kelloid adlanan çapıqlar əmələ gəlir. Tatunun da, döymələrin də törətdiyi problemlərə dərialtı xərçəng xəstəliyini və müxtəlif xoraları da aid edə bilərik.
Beynəlxalq Qırmızı Xaç Komitəsi və əksər qan bankları tatuajdan sonra 12 ay müddətində insanlara qan verməyə icazə vermirlər. Amerikalı tədqiqatçıların araşdırmalarına görə, tatu həvəskarları arasında stafilokok infeksiyasının yayılması çox yüksək həddədir. Başqa sözlə, tatu həvəskarının fərqlənmək arzusu onların həyatları bahasına başa gələ bilər. Belə ki, bir çox insanlar tatu zamanı printer üçün istifadə olunan mürəkkəbdən, avtomobil boyasından, qaranlıqda və ya bədənin hərarəti qalxanda görünən ultrabənövşəyi tatulardan istifadə edirlər. Dünyanın bir çox ölkələrində isə belə tatu rənglərinin istifadəsi qadağan olunur. Tatu ustalarının sözlərinə görə, Bakıda gecə görünən rəngləri bədəninə döydürənlər hələ ki yoxdur.

Tibb sahəsində ekspert Rəşid Mahmudovun bildirdiyinə görə, tatunun ən çox zərər verdiyi orqan qaraciyərdir:

“Siz eşitmisinizmi ki, ağıllı bir qadın və ya kişi döymə etdirsin, bədəninə hansısa şəkil çəkdirsin? Bunlar hamısı yad cism kimi bədənə sorulur və olduqca təhlükəlidir. Bu zaman zərərli maddələr bədənə yeridilir, hesab edin ki, mürəkkəbi udursunuz, necə olacaq? Tatu ən çox qaraciyər üçün qorxuludur və bu orqanı zədələyir. Tatu edərkən iynədən istifadə olunur və bu iynəni bir adamdan çıxarıb o birinə vurduqda onda olan xəstəliklər də digərinə keçir. Ümumiyyətlə, bütün yoluxucu xəstəliklərin döymə zamanı keçmə ehtimalı var. Xüsusən də ağır xəstəliklər olan Hepatit C, B, A, QİÇS və digərləri”.
Tatunun ən əsas ziyanı isə döyməni pozduran zaman yaranır. Həkim-dermatoloq Kənan Əhmədovun bildirdiyinə görə, bu zaman dəhşətli problemlər yarana, lazerlə pozma prosedurunda kobud çapıq toxuma əmələ gələ bilər: “Tatunu sildirəndə dəridə müxtəlif yanıqlar, dəhşətli çapıqlar yarana bilər. Sonra həmin çapıqların izi dəridən getmir. Müəyyən yoluxucu xəstəliklər elə bu zaman keçir. Hepatit B və Hepatit C-yə yoluxma ehtimalı da 100/100-dür”.

İslamda tatu haramdırmı?

Bu barədə də təzadlı fikirlər var. Tatu ustasının bildirdiyinə görə, ona müraciət edənlər arasında açıq-saçıq geyinən xanımlardan tutmuş hicablı qadınlara qədər müxtəlif düşüncəli insanlar var. Bəziləri dini baxımdan tatu etdirməyə tərəddüdlü yanaşırsa, bir qism isə bunun haram olmadığını düşünür.
Din xadimi Hacı Şahinin bildirdiyinə görə, ümumiyyətlə, döymə dində bəyənilməyən haldır: “Əgər döymənin vurulması prosesində insan əziyyət çəkmirsə, məşəqqətə, əziyyətə səbəb olmursa, döymə vurmağa din icazə verir. Amma bu, dində haram da olmasa, bəyənilməyən bir şeydir. Amma bədənə əziyyət verilirsə, vurulan zaman insan əziyyət çəkirsə, o zaman bu, haram hesab olunur”.
Din xadiminin sözlərinə görə, insanın mənasız yerə öz cisminə əziyyət verməsi dini baxımdan haram hesab olunur, günah sayılır və dinimizdə qadağandır. İstənilən halda, din döymənin vurulmasını müsbət əməl kimi qəbul etmir. Təbii ki, seçim hər kəsin özünündür. Amma heç olmasa, döymə etdirməzdən əvvəl bir az düşünün.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.