İslamda olmag böyük ne'mətdir.

04 Şubat 2015
1 876
0
İslamda olmag böyük ne'mətdir.
İslamda olmag böyük ne'mətdir.

Amazon meşələrində İslamla ilk tanışlıq və xoşbəxt son

Əhməd Qarsiya kəlmeyi-şəhadət gətirərək, İslamı qəbul edən milyonlarla müsəlmandan biridir.

Hazırda Quranı daha yaxşı mənimsəmək üçün üçün ərəb dilini öyrənən Qarsiya bundan 2 il yarım əvvəl Cənub qütbündə Mapuçede xalqı ilə birgə, daha sonra isə Amazon hövzəsində - cəngəlliklərdə yerli qəbilələr arasında yaşadıqdan sonra İslamı qəbul edib. Müsəlman olduqdan sonra Türkiyəyə gələn Qarsiya burada ailə həyatı qurub. Aşağıda onunla olduqca maraqlı müsahibəni sizə təqdim edirik:

- Bir az uşaqlıq dövrünüz və gənclik illəriniz haqda danışa bilərsinizmi? Hansı mühitdə böyümüşsünüz? İslamla tanış olana qədər nələri yaşamısınız?

- Ümumiyyətlə, Latın Amerikası ölkələrinin əhalisinin böyük əksəriyyətini katoliklər təşkil edir. Mən də katolik-xristian ailəsində böyümüşəm. Braziliyalılar “Hər yaxşı ailədən mütləq bir rahib çıxar” deyirlər. Ailəm də olduqca dindar bir ailədir. Evdə yeganə oğlan uşağı olduğuma görə, valideynlərim rahib olmağımı istəyirdilər. Uşaq ikən anam həmişə “Rahiblər İsa Məsihin köməkçiləridirlər. Mənim oğlum çox yaxşı bir rahib olacaqdır” deyərdi. Təxminən 7-8 yaşım olanda ölkədə Dominik kilsəsi nəzdindəki məktəblərdən birində təhsil almağa başladım. Düşünə və bir çox şeyi ayırd edə bilən bir uşaqdım. Katolik məzhəbindəki bir çox ayinlər məndə xristianlığa qarşı müəyyən şübhələrin oyanmasına səbəb olmuşdu.

Məndən iki yaş böyük çox sevdiyim bir dostum vardı. O da mənim təhsil aldığım məktəbi bitirdikdən sonra kilsələrdən birində öz vəzifəsinin icrasına başlamışdı. Dostum işə başladıqdan qısa bir müddət sonra kilsəni tərk etdi. Ondan nə üçün işlədiyi yeri tərk etdiyini soruşduqda, “Kilsədə başıma çox pis şeylər gəldi. Bunları sənə danışa bilmərəm. Rahiblər yaxşı insan deyillər. Sən demə hər şey yalan imiş” – deyə cavab verdi. Bir az əvvəl də qeyd etdiyim kimi, onsuz da rahiblərə və katolik məzhəbinə qarşı bəzi şübhələrim var idi. Dostumun bu sözlərindən sonra mən də məktəbi tərk etmək qərarına gəldim. Beləliklə, 13 yaşımda rahib olmaqdan vaz keçib özümə yeni bir həyat tərzi axtarışına başladım.

- Yeni həyat tərzinizdə nə ilə məşğul idiniz? Vaxtınızı necə keçirirdiniz?

- Futbol oynayır, içki içir, qumsallıqda gəzirdim. Yeni həyatımda dinin heç bir yeri yox idi. Mən 18 yaşında ikən ingilis dilini öyrənmək üçün ABŞ-a getmək qəraına gəldim. Amerikada olduğum aylar tamamilə günah içərisində keçdi. Ağlınıza gələ biləcək nə qədər günah var idisə, hamısını işlədim. Bundan dolayı da özümə və Amerikaya nifrət etməyə başlamışdım. Birləşmiş Ştatlarda 10 ay qaldıqdan sonra Braziliyaya geri qayıtdım və universitetlərdən birinin psixologiya fakültəsinə daxil oldum. Universitet illərində oxuduğum kitablar və aldığım təhsil mənəvi dünyaya maraq hiss etməyimə səbəb oldu. Xüsusilə də buddizmə maraq güc gəlirdi. Apardığım araşdırmalardan sonra buddist olmaq qərarına gəldim. Üç ilə yaxın yaxşı bir buddist ömrü yaşadım. Ancaq universiteti bitirdiyim gün məzuniyyət mərasimində şahid olduğum reallıq həyatımın tamamilə dəyişməsinə səbəb oldu.

- Məzun mərasimində nələri müşahidə etdiniz?

- Məzuniyyət mərasimində mən də çıxış etməli idim. Çıxış etmək üçün səhnəyə çıxdığım zaman əllərində içki badələri olan dostlarıma nəzər saldım. İçimdən güclü bir səs “Sən bu insanlara, bu şəhərə və bu həyata aid deyilsən. Azad olmalısan və Tanrını tapmalısan” dedi. Elə həmin an çıxış etmədən səhnəni tərk edərək, evə qayıtdım. Fikirlərim qarma-qarışıq idi. Nə edəcəyimi bilmirdim. Həqiqəti tapmalı idim, amma necə?

Sonra həqiqəti araşdırmaq və Tanrını tapmaq üçün yola düşmək qərarına gəldim. İki böyük bel çantamı dolduraraq, səyahətə başladım. Bu zaman mənim 23 yaşım var idi. Səyahət etdiyim zaman bir “hippi” ilə tanış oldum və bu tanışlığım dostluğa çevrildi. “Hippi” dostum əvvəlcə Çiliyə, daha sonra isə Cənub Qütbünə gedəcəyini deyərək, ona qoşulmağı təklif etdi. Ondan nə zaman yola çıxacağını soruşduqda “Dərhal” - deyə cavab verdi. Beləliklə, yola çıxdıq. Biz, pulumuz olmadığına görə, yoldan keçən maşınlara əl edir, bəzən yük maşınlarının arxasında, bəzən də piyada yola davam edirdik.

Nəhayət, 69 gün davam edən səfərdən sonra Cənubi Amerikanın ən ucqar cənub əyalətinə vardıq. Bura Cənub qütbünün ən ucqar ərazilərindən biri idi. Mapuçede xalqının yaşadığı bu bölgədə sadə bir həyat tərzi hökm sürürdü. Axtardığım sualların cavablarını bu insanların arasında yaşayaraq, tapa biləcəyimi fikirləşirdim. Elə ona görə də mapuçedelilərlə birlikdə yaşamaq qərarına gəldim.

- Qütblərdə həyat necə idi? Bir az da müşahidələrinizdən və başınıza gələnlərdən bəhs edə bilərsinizmi?

- Aramızda həqiqi bir qardaşlıq və həmrəylik mövcud idi. Çünki mapuçedelilər çox dürüst insanlar idilər. Biz texnologiyadan tamamilə uzaq idik, hətta elektrik enerjisi belə yox idi. Meşəyə gedib odun toplayır, onları yandıraraq, isinməyə çalışırdıq. Yaşadığımız bölgə həqiqətən də çox soyuq idi. Qütblərdə keçirdiyim günlər mənim üçün çox çətin olsa qədər də faydalı olmuşdu. Mən mütəmadi şəkildə kim olduğumu, Yaradanın harada olduğunu, Ona necə “çata biləcəyimi” fikirləşirdim. İki il yarım ərzində qütblərdə yaşadıqdan sonra Braziliyaya geri qayıtdım. Qısa bir müddət Braziliyada qaldıqdan sonra bu dəfə başqa bir dostumla Amazon meşələrinə gedib orada yerli qəbilələrin birində yaşamaq qərarına gəldim.

- Nə üçün belə bir qərar qəbul etdiniz?

- Dostum Amazon hövzəsindəki ibtidai icmaların necə yaşadığına dair diplom işi hazırlamalı, mən isə onu müşayiət etməli idim. Yola çıxmadan əvvəl başqa bir dostum ad günümdə mənə “Amazonda kitab oxumaq üçün bol vaxtın olacaqdır. Bu, müsəlmanların kitabıdır. Bəlkə də axtardığın sualların cavabını bu kitabda tapacaqsan” deyərək, mənə bir Quran hədiyyə etmişdi.

- Sizə Quran hədiyyə edən dostunuz müsəlman idimi?

- Xeyr, o müsəlman deyildi. O, hətta Qurani-Kərimi mənə hədiyyə etməkdən qabaq onu oxumamışdı. Sadəcə dinlərə maraq göstərdiyimdən xəbərdar olduğuna görə, mənə Quran hədiyyə etmişdi. Mən Quranı çantama qoyub dostumla birlikdə yola düşdüm və Amazonda yerli əhali ilə birlikdə yaşamağa başladıq.

- Amazon meşələrində həyat necə idi?

- Yerlilərin həyatı olduqca sadə, ancaq xoşbəxt bir həyat idi. Onlar ocağı çubuqla yandırırdılar, ov heyvanları ilə qidalanırdılar. Lakin bir-birilərinə çox vaxt ayıra bilirdilər. Digər tərəfdən, onlar təbiətə və torpağa çox böyük dəyər verirdilər. Bir müddət keçdikdən sonra dostumun mənə hədiyyə etdiyi Quranı xatırladım. Onu açdım. Elə ilk cümləni: “Aləmlərin rəbbi olan Allaha həmd olsun!” ayəsini oxuduğum zaman tüklərim biz-biz oldu. Mən bu ayə barəsində xeyli vaxt fikirləşdim. Qurani-Kərim sanki məni məftunlamışdı.

- Quranın hansı xüsusiyyəti sizi bu qədər təsirləndirmişdi?

- “Aləmlərin rəbbi olan Allaha həmd olsun!” Bu ayə mənim bütün həyatımı dəyişdirdi. Bir çox insan öz-özünə “Haradan gəlirəm?”, “Kiməm?”, “Haraya gedirəm?” kimi suallar verir, bu suallara cavab tapmağa çalışır. Məni maraqlandıran əsas sual “Yaradan kimdir?” idi. Bu aləmi yaradan, hər şeyi inşa edən bir varlıq olmalı idi. Ancaq bu yaradan kimdir? “Aləmlərin rəbbi olan Allaha həmd olsun!” ayəsini oxuduğum zaman öz-özümə “Aləmlərin rəbbi olan Allah mənim axtardığım Yaradandır” dedim. “Bu kitabın ilk bölümü bu dərəcədə təsirlidirsə, görəsən, digər ayələr necədir?” deyə fikirləşdim və Quranı oxumağa davam etdim. Bəzi ayələr mənə o qədər təsir edirdi ki, mən, özümü saxlaya bilmir, ağlayırdım.

Quran mənim üçün yeni bir dünyaya açılan qapı idi. Artıq Allahın nə qədər mərhəmətli olduğunu hiss edirdim. Bəşər övladı bütün xəbərdarlıqlara baxmayaraq, keçmişdə dəfələrlə günah işləmişdi. Ancaq Yaradanımız bütün bunlara baxmayaraq, bizə mərhəmət etmək istəyirdi. Müsəlman olmaq qərarına gəlmişdim. Ancaq həm bunu, həm də Allaha necə ibadət etməli olduğumu bilmirdim.

- Daha sonra Amazonu tərk etdinizmi?

- Xeyr, oranı dərhal tərk etmədim. Bir müddət də Amazonda yaşadım. Daha əvvəl seyr etdiyim bəzi filmlərdə müsəlmanların necə namaz qıldıqlarını görmüşdüm. Vaxtlarını tamamilə doğru bir şəkildə təyin edə bilməsəm də, meşədə müsəlmanlar kimi yerə qapanıb səcdə edirdim. Dəstəmazı necə almalı olduğumu bilmədiyimə görə, gündə beş dəfə çimirdim.

Bir gecə yatarkən yerimdən dik atıldım və “Lə İləhə İlləllah, Muhəmməd Rəsulullah” deyə bağırmağa başladım. Özü də bu kəlmələrin necə söylənəcəyini və hansı mənaya gəldiklərini ümumiyyətlə bilmirdim. Belə güman edirəm ki, bu kəlmələr Allah tərəfindən mənə ilham edilmişdi. Meşədən ayrıldıqdan sonra başıma daha qəribə bir hadisə gəldi. Dostlarımdan biri poçt vasitəsi ilə mənə bir kitab göndərdi. O da mənə Quran hədiyyə edən dostum kimi müsəlman deyildi və İslamla da maraqlanmırdı. Digər tərəfdən, mənim İslamla maraqlandığımdan da xəbəri yox idi. Poçt ilə gələn bu kitabda Həzrət Muhəmməd peyğəmbərin (s) həyatından bəhs edirdi. Bunların heç biri təsadüf deyildi və Allah müxtəlif yollarla İslamı öyrənməyim üçün mənə qapı açırdı. Mənim əvvəllər də bircə müsəlman dostum olmamışdı. Bu səbəbdən İslamı öyrənmək üçün Türkiyəyə səfər etmək qərarına gəldim.

- Türkiyədə nə ilə qarşılaşdınız?

- İstanbula çatar-çatmaz çox yaxşı bir müsəlmanla tanış oldum. Öz-özümə “Deyəsən, bütün müsəlmanlar belədirlər. Nəhayət axtardığım insanları tapa bildim” dedim. Mən də bu insanlar kimi olmaq istəyirdim. İstanbula gəlişimdən bir gün sonra baş verən hadisə isə mənə olduqca təsir göstərdi.

- Nə baş vermişdi?

- Bir gün dolu bir marşrut avtobusa mindim. Sürücü insanların minməsi üçün arxa qapını açmışdı və biz də avtobusa arxa qapıdan minmişdik. Bir an “pul ödəmədən gedəcəyik” – deyə fikirləşdim. Bu zaman arxa qapıdan minən hər bir kəs bir-bir ciblərindən gediş haqqını çıxardaraq, əldən-ələ ötürə-ötürə sürücüyə çatdırdılar. Sürücü pulları aldıqdan sonra qalıqları yenə eyni üsulla sərnişinlərə qaytardı. Bax, həmin gün müsəlmanlarla müsəlman olmayanlar arasındakı fərqi başa düşdüm. Qərbdə belə bir şey əsla mümkün deyildir. Müsəlmanların bir-birinin haqqına diqqət etmələri məni olduqca duyğulandırmışdı.

- Ailəniz İslamı qəbul etməyinizi necə qarşıladı?

- Ailəm bir müddət keçdikdən sonra İslamı tərk edəcəyimi zənn edir və bu barədə mənimlə zarafat edirdilər. Çünki əvvəllər xristian idim, sonra buddist olmuş, daha sonra isə bəzi Afrika dinlərini təcrübədən keçirmişdim. Atam müsəlman olduğumu eşitdiyi zaman mənə rişxənd edərək: “Sabah da İslamdan usanar, başqa bir dini qəbul edərsən. Hətta hazırkı dövrdə dəbdə olan “Elm dini”ni belə qəbul edə bilərsən” dedi.

Ailəm müsəlman olmağıma əvvəllər elə də əhəmiyyət vermirdi. Ancaq sonra İslamı yaşamaq məsələsində ciddi olduğumu gördükləri zaman mənə qarşı çıxmağa başladılar. Bir çox dostum da məndən uzaqlaşdı. Qərbdə din sanki hər hansı bir şey kimidir. Bazar günü kilsəyə gedən bir şəxs, daha sonra əzlaqsız filmləri seyr etməyə gedə və bunun onun şəxsi həyatı olduğunu söyləyə bilir. Ancaq İslamda belə hallara qətiyyən yer yoxdur. Bu din bizim bütün həyatımızı əhatə edir və İslam bizdən bir seçim etməmizi istəyir. Mən artıq sinifdə başqa, birinci qız dostumla bir başqa, ikinci qız dostumla isə tamam başqa cür davranmram. Mən Allah və Onun Rəsulu (s) məndən necə insan olmağımı istəyirsə elə davranmağa çalışan bir müsəlmanam.

- İslamın ən çox hansı tərəflərini xoşlayırsınız?

- Ən çox xoşladığım şey müsəlman qardaşlarımla birlikdə namaz qılmaqdır. Digər tərəfdən, azan da mənə çox təsir göstərir. İlk dəfə azanı İstanbulda eşitdim. Belə ki, ömrümdə birinci dəfə səhər azanını eşidirdim. Bu zaman yatağımdan oyanaraq, ağlamağa başladım. Daha sonra səhər namazını qılmaq üçün yaşadığım evin sahibi ilə məscidə getdik. Mən həmin gün ilk dəfə idi ki, camaaatla namaz qılır və Qurani-Kərimi ərəb dilində dinləyirdim. İmam “Həşr” surəsini oxuyurdu. Mənasını başa düşməsəm də çox təsirli idi.

İslam, həqiqətən möhtəşəm bir dindir. İslam bütün gücünü birbaşa Allahdan, Onun ayələrindən və dünyada yaşamış ən mükəmməl insan olan Həzrət Muhəmməd peyğəmbərin (s) təlimindən alır. Bilirsiniz, mən anadangəlmə müsəlman olduqları halda xoşbəxt ola bilməyən bəzi müsəlmanları başa düşmürəm. Dünyada ən gözəl nemət müsəlman olmaq, İslamı bilməkdir. Bir müsəlmanın Quran oxuyan zaman həyat yoldaşını seyr etməsi və onunla birlikdə övladlarını tərbiyələndirməsi qədər gözəl bir şey ola bilməz. Ancaq bəzi müsəlmanlar bunun əvəzində ağılsız işlərlə məşğul olmağı üstün tuturlar. Mənim Allahdan yeganə istəyim Peyğəmbərimizə (s) layiq bir müsəlman ola bilməkdir.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.