Cüməniz mübarək !

25 Nisan 2015
3 327
0
Cüməniz mübarək !
Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
(Əl-Cümə surəsi: 9-10).

Gecə gündüzün bir-birini ötüb keçməsini ağıl sahiblərinə ibrət edən Allaha həmdi sənalar olsun. Onun tükənməyən nemətlərinə şükr edirəm. Peyğəmbərlərin və rəsulların ən şərəflisi Məhəmmədə, onun ailəsinə və əshabına salat və salam deyirəm.


Bütün xalqlar öz bayramlarını qeyd etməkdədirlər. Bu bayramların gəlişi və onların adlarının sadalanması hamını sevindirir. İslam ümmətinin də öz bayramları vardır. Bu bayramlardan biri də cümə günüdür. Bu həftəlik bayram, yalnız İslam ümmətinə xasdır. Yahudi və xaçpərəstlərə bu günü seçmək qismət edilməmişdir. Peyğəmbər (s.a.v.) buyurur: “Allah bizdən əvvəlki ümmətləri bu günü seçməkdən yayındırmışdır. Yəhudilər şənbə, xaçpərəstlər isə bazar gününü seçmişdilər. Bizi isə Allah təalə cümə gününü seçməyə müvəffəq etdi. Sonra həftənin günlərinin tərtibini cümə, şənbə və bazar günləri etdi. Həmçinin onlar Qiyamət günündə də bizdən sonra (haqq-hesab) olacaqlar. Biz dünyanın sonuncu ümməti, axirətdə isə ilk haqq-hesab olunacaq ümmətik” (Müslim rəvayət etmişdir). Peyğəmbər (s.a.v.) cümə günü haqda buyurmuşdur: “Üzərinə günəşın doğduğu ən xeyirli gün Cümə günüdür”(Müslim rəvayət etmişdir). Ona görə də hər birimiz bu günün qədrini və xüsusiyyətlərini bilməliyik ki, bu günü ibadət və itaətlə, çoxlu dua etmək və Peyğəmbərə (s.a.v.) salavat deməklə keçirək. İbn əl-Qeyyim (r.a.) “Zədul Məad” adlı kitabında deyir: “Bu günü əziz, şərəfli tutmaq, bu günü digər günlərdən fərqli olaraq bəzi ibadətlərlə xüsusiləşdirmək Peyğəmbərin (s.a.v.) yolundan və hidayətindən idi. Hətta alimlər Cümə yaxud Ərəfat günlərinin hansının daha əfzəl olmasında ixtilaf etmişlər…” Sonra İbn əl-Qeyyim bu gün üçün 30-dan çox özəllik sadalamışdır və biz də onların bəzilərini qeyd edəcəyik:

1. Bu gün təkrarlanan bayramdır. Yəhudi və xaçpərəstlərə zidd olaraq bu gündə oruc tutmaq haramdır. Həmçinin bu gündə oruc tutmağın qadağan olma səbəblərindən namaz, dua və s. ibadətlərin layiqincə yerinə yetirilməsidir.

2. Bu gün “Məzid” (daha artıq mənasındadır.) günüdür. Bu gündə Allah təalə Özünü cənnətdə Möminlərə göstərəcəkdir. Allah təalə buyurur: “Dərgahımızda isə ondan artığı mövcuddur!” (50: 35). Ənəs (r) deyir: “Allah təalə hər cümə günü Özünü möminlərə göstərəcəkdir”.

3. Cümə günü günlərin ən xeyirlisidir. Peyğəmbər (s.a.v.) buyurur: “Üzərinə günəşın doğduğu ən xeyirli gün Cümə günüdür”(Müslim rəvayət etmişdir). 4. Bu gündə duaların qəbul olunan bir vaxtı vardır. Peyğəmbər (s.a.v.) buyurub: “Bu gündə elə bir saat vardır ki, həmən vaxt hər hansı müsəlman bəndə dayanaraq namaz qılar və Allahdan istəyərsə istədiyi ona verilər” sonra Peyğəmbər (s.a.v.) əli ilə işarə edib bu vaxtın azlığını bildirirdi. (Buxari və Müslim rəvayət emişdir).

5. Bu gündə yaxşı işlər görməyin fəziləti: Peyğəmbər (s.a.v.) buyurub: “Kim bir gündə bu beş əməli: – xəstəyə baş çəkər, cənazə arxasınca gedər, oruc tutar, cüməyə gedər və bir qul azad edərsə Allah onu Cənnət əhlindən edər.” (Albani “Silsilətus Sahihə” kitabında bu hədisin səhih olduğunu qeyd etmişdir. Rəqəm: 1033). Hədisdə deyilən Cümə günü oruc tutmağın mənası yəni, hansına orucu tutanda bu günə təsadüf etməsi deməkdir.

6. Qiyamət bu gündə qopacaqdır. Peyğəmbər (s.a.v.) buyurur: “Qiyamət yalnız Cümə günündə qopacaqdır” (Müslim rəvayət etmişdir).

7. Bu gün günahlar bağışlanan gündür. Salman (r) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu deyir: “Hər hansı bir insan cümə günü qüsl alar (çimər), bacardığı qədər təmizlənər, saçını yağlayar (Qeyd:əvvəllər saça yağ sürtərdilər), imkanı catdığı qədər ətirlənər, sonra (evindən) çıxar və iki nəfəri ayırmaz (yəni, ön tərəfə keçmək üçün camaatın arasından keçməz), lazım olan qədər namaz qılar və İmam xütbə verdiyi zaman susarsa onun olduğu cümə ilə qarşıdakı cümə arasında olan günahları bağışlanar” (Buxari rəvayət etmişdir).

8. Cümə namazına getməyin savabı çoxdur. Peyğəmbər (s.a.v.) buyurub: “Kim cümə günü ailəsi ilə yaxınlıq edər sonra qüsl alar (çimər), səhər erkəndən çıxıb tez piyada məscidə gedər, imama yaxın oturar, onu dinləyər və artıq heç bir hərəkət etməzsə onun atdığı hər addıma görə bir illik namaz və oruclu ilin savabı yazılar”(Tirmizi rəvayət etmişdir).

9. Bir cümə, digər cüməyə qədər və əlavə üç günün günahlarının bağışlanmasına səbəbdir. Peyğəmbər (s.a.v.) buyurur: “Kim qüsl alar və cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günahları bağışlanar” (Müslim rəvayət etmişdir).

10. Cümə günü və ya gecəsi ölmək yaxşı xatimənin (sonluğun) əlamətlərindəndir. Peyğəmbər (s.a.v.) buyurur: “Kim cümə günü və ya gecəsi vəfat edərsə qəbir əzabından qorunar” (Əhməd rəvayət etmişdir).

11. Bu gündə verilən sədəqə digər günlərdə verilən sədəqədən daha yaxşıdır. İbn əl-Qeyyim (r.a.) deyir: Ramazan ayında sədəqə vermək digər aylarda sədəqə verməkdən daha xeyirli olduğu kimi, bu gündə verilən sədəqə də həftənin digər günlərində verilən sədəqədən daha yaxşıdır. Mən şetxulislam İbn Teymiyyəni (r.a.) cüməyə gedərkən evində olanlardan: çörək və s. götürüb yolda gizli sədəqə verdiyini görürdüm… Cümə gününün bundan da çox üstünlükləri mövcuddur. Hətta onun bir üstünlüyü olasaydı, artıq bununla onun qədrini bilmək və bu gündə yaxşı əməl görmək üçün kifayət edərdi. Bəs bu günün dediyimiz qədər üstünlükləri olduğu halda onu necə dəyərləndirmək lazımdır…?!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.