Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-1 hissə

23 Ekim 2015
1 548
1
Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-1 hissə
Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-1 hissə

Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-1 hissə
Müsəlman alimlərin dünya elminə verdikləri töhfələrdən elmi mühitdə çox danışılır və yazılır. Təəssüf ki, bu faktların bir çoxu yalnız mütəxəssislərə məlumdur, bəzən qısqanclıq üzündən bu məlumatlar ictimaiyyətə çatdırılmır, təhrif edilir və gizlədilir, bəzən də elmi məlumatların mürəkkəb formada təqdimatı sadə insanların bunu anlamasına mane olur.

Gecə səmasında gördüyümüz ən parlaq ulduzların böyük əksəriyyətinin adı məhz ərəb mənşəlidir. Bu adların bir qismi hələ İslamdan əvvəl ərəblər tərəfindən həmin ulduzlara verilmişdi. Məlum olduğu kimi, ərəblərdə nücum elmi yüksək səviyyədə inkişaf etmişdi. Ucsuz-bucaqsız səhralarda və okeanın ənginliklərində azmamaq və istiqamətləri təyin etmək üçün ərəblər nücum (astronomiya) elmini bilməyə məcbur idilər. İslam dini tərəqqi etdikdən sonra müsəlman alimlər astronomiya sahəsindəki bilikləri daha da zənginləşdirdilər. Orta əsrlərdə uzun müddət boyunca astronomiya sahəsində müsəlmanlar söz sahibi olduqları üçün ən məşhur ulduz adlarının da ərəb mənşəli olması təəccüblü görünmür.

Aşağıdakı məqalədə ərəb mənşəli ulduz adlarından bir neçəsini sizə təqdim edirik. Bu zaman astronomik məlumatları bacardıqca sadə və anlaşıqlı dildə verməyə, bununla yanaşı dəqiqliyi qorumağa çalışmışıq.

Cənub yarımkürəsinin səmasına aid edilən Cənub Balığı bürcünün ən parlaq ulduzu (alfa ulduz) kataloqlarda Fomalqaut adlandırılır. Bu ulduz Şimal yarımkürəsində də müşahidə edilir. Əsasən şimal yarımkürəsinin cənub bölgələrində yaşayan xalqlar, o cümlədən ərəblər bu ulduzu müşahidə edir, hətta dənizçilər iqtiqaməti təyin etmək üçün ondan faydalanırdılar. Fomalqaut sözünün mənşəyi ərəb dilində “füm əl-hut” ifadəsidir ki, mənası “balığın ağzı” deməkdir. Bu ulduz Cənub Balığının sanki ağız hissəsində yerləşdiyi üçün ərəblər onu bu adı vermişdilər.

Persey bürcünün iki ən parlaq ulduzu da ərəb adlarını daşıyır. Bürcün alfa ulduzunun (ən parlaq ulduzunun) adı “Mirfak”dır. Ərəb dilində “mirfəq” – dirsək deməkdir. Bürcün xəyali fiqurunun dirsək hissəsində yerləşdiyi üçün ulduza bu ad verilib. Persey bürcünün ikinci parlaq ulduzu (betta ulduz) Alqol adlanır. Ərəb dilində “ğul” – cin, div mənasını verir. Məsələ bundadır ki, Alqol astronomik anlamda “dəyişkən ulduzlar” sinfinə aiddir. Yəni bu ulduzun parlaqlığı kəskin dəyişir; o, gah işıqlı, gah da zəif görünür. Dəyişkən parlaqlığa malik olduğuna, bəzən aydın, bəzən də çətinliklə göründüyünə görə, ərəblər onu xəyali varlığa bənzədirdilər.

Buğa bürcünün alfa ulduzu Aldebaran da ən parlaq ulduzlardan biri sayılır. Gecə onu səmada tapmaq çox çətinlik törətmir. “Aldebaran” adı ərəbcə “əl-dəbəran” sözündən götürülüb və mənası “ardıyca gələn, izləyən” deməkdir. Bu ulduz Buğa bürcünün sərhədləri daxilində yerləşən Pleyada ulduz topasının sanki ardıyca hərəkət edir. Yerdən baxan müşahidəçiyə elə gəlir ki, ulduz sanki Pleyadanı izləyir və ona uyğun şəkildə səmada öz yerini dəyişir.

Şimal yaırımkürəsində yaşayanlar yay və payız aylarında gecə səmasında üç ən parlaq ulduzu asanlıqla müşahidə edirlər. Azərbaycan ərazisində də bu ulduzlar gözəl görünür. Üç ulduz sanki səmada üçbucaq əmələ gətirir. Ona görə də bu üç ulduza “yay-payız üçbucağı” deyirlər. Maraqlıdır ki, hər üç ulduzun adı ərəb mənşəlidir. Hər üç ulduz öz bürcündə ən parlaq (alfa) ulduz sayılır. Lira bürcünün alfa ulduzu olan Veqanın adı “aşağı enən qartal” mənasını bildirən “əl-nasr əl-vaqi” ifadəsinin sonundakı “vaqi” (enən) sözündən alınıb. Qədim xalqlarda Lira bürcü üzü aşağı şığıyan qartal şəklində təsəvvür edilirdi.

Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-1 hissə
(ardı var)


İslam.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Mraqlı Məqalədir.. Bu haqda məlumatım yox idi.. Ardın gözləyirəm...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.