Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-2ci hissə

23 Ekim 2015
2 052
1
Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-2ci hissə
Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-2ci hissə

Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-2ci hissə

(ikinci hissə)

Yay-payız üçbucağının ikinci ulduzu Denebdir. O, Ququşu bürcünün alfa ulduzudur. Deneb astronomlara məlum olan ən parlaq, ən nəhəng və eyni zamanda Yerdən ən uzaq ulduzlardan sayılır. Əgər o, bizdən Sirius məsafəsində yerləşsəydi, Aydan daha parlaq görünərdi. Əgər o, bizdən Günəş məsafəsində yerləşsəydi, lazerdən daha kəskin və parlaq işıq saçardı. Denebin radiusu Günəşin radiusundan təxminən 110 dəfə böyükdür. Bu o deməkdir ki, Yer orbiti, yəni Yerin Günəş ətrafında fırlanma çevrəsi rahatlıqla Siriusun daxilində yerləşə bilər. Ərəb dilində “zənəb” – “quyruq” deməkdir. “Zad” hərfi “d” kimi də tələffüz edildiyi üçün, sözün latınlaşdırılmış variantı “deneb” kimi səslənir. Ərəblər onu bürcdəki quşun quyruğu kimi təsəvvür edirdilər. Yeri gəlmişkən, “deneb” (quyruq) sözünə Şir və Balina bürclərindəki ulduzların adında da rast gəlirik.

Nəhayət, yay-payız üçbucağının üçüncü ulduzu, yəni üçbucağın iti bucağında duran obyekt Altair adlanır. O, Qartal bürcünün alfa ulduzudur. Altair adı da ərəbcə “əl-tayir”, yəni “uçan və ya quş” sözündən götürülüb. Ulduzun ərəbcə bütöv adı “əl-nasr əl-tair”dir, yəni “uçan qartal”. Altair səmada parlaqlıq dərəcəsinə görə 12-ci sırada durur.

Peqas bürcünün qamma ulduzu (bürcün üçüncü ən parlaq ulduzu) Alqenib adlanır. Ərəbcə “əl-canib” – “tərəf, yan” deməkdir.

Yəqin ki oxucular Böyük və Kiçik Ayı bürclərinin adını çox eşidiblər. Bu iki bürc səmada ən asan görünən və Qütb ulduzunu tapmağa yardımçı olan bürclərdir. Böyük Ayı bürcü 7 ulduzdan ibarətdir ki, bunların hamısının adı ərəb mənşəlidir. Bürcün iki ən parlaq ulduzunun adları bu cür səslənir: Dubhe və Aliot. “Dubhe” sözü ərəbcə “dübbə”, yəni “dişi ayı” ifadəsinin təhrif olunmuş formasıdır. Aliot ulduzunun adı isə ərəb dilində “büzdüm, quyruğun dibi” mənasını verən “əlyə” sözündən götürülüb. Böyük Ayı bürcünün digər dörd ulduzu Merak, Fekda, Meqres və Mitsarın adları da ərəb mənşəlidir və bürcün somvolizə etdiyi ayı fiqurunun bədən üzvlərinin adlarından ibarətdir. Sonuncu ulduz, yəni bürcün “quyruq” hissəsinin qurtaracağında yerləşən Bənatünnəş ulduzunun da adı ərəb dilindən qaynaqlanır. Qədim ərəblər bu bürcü öz ölüsü üçün ağlayan yeddi qıza bənzədirdilər. Qızlar dəstəsinin başçısı “əl-qaid bənat ün-nəş” adlanırdı, yəni “cənazəyə ağlayan qızların başçısı”. İndi də elmi ədəbiyyatda bu ulduzu “Alkaid” (əl-qaid) və ya “Benatnaş” adlandırırlar.

Kiçik Ayı bürcü də səmanın əsas elementlərindən biridir. Bürcün özünəməxsusluğu ondan ibarətdir ki, Qütb ulduzu adlanan hərəkətsiz və parlaq ulduz bu bürcdə yerləşir. Kiçik Ayı bürcünün iki yanaşı yerləşən ulduzuna ərəblər “fərqədan”, yəni “iki buzov” deyirdilər. Hal-hazırda bu iki ulduzu elmi ədəbiyyatda Ferkad major (böyük Fərqəd) və Ferkad minor (kiçik Fərqəd) adlandırırlar. Kiçik Ayı bürcünə aid olan və parlaqlığına görə bürcün ikinci ulduzu sayılan (betta ulduz) Koxabın da adı ərəbcə “kovkəb” (ulduz) sözündən götürülüb.

Burada bir məsələni də qeyd etmək yerinə düşər. Bir neçə minillik boyunca Koxab şimal yarımkürəsində qütb ulduzu rolunu oynamış, sonralar ulduzların hərəkəti nəticəsində indiki Qütb ulduzu (Kiçik Ayı bürcünün alfa ulduzu) onun yerini tutmuşdur. Ümumiyyətlə, səma cisimlərinin qütbə nəzərən yerdəyişməsi nəticəsində şimal qütbünə ən yaxın olan parlaq ulduzların dəyişməsi adi haldır. Təqribən eramızdan 5000 il əvvələ kimi qütb ulduzu rolunu Əjdaha bürcünün alfa ulduzu olan Tuban oynayırdı. Tuban - ərəbcə “suban” (əjdaha) sözündən qaynaqlanır. Astronomlar növbəti 10 min il üçün qütb ulduzu rolunu oynayacaq səma cisimlərini hesablamışlar. Bunlar aşağıdakı ulduzlardan ibarətdir: Sefey bürcünün qamma ulduzu Alrai, həmin bürcün betta ulduzu Alfirk və alfa ulduzu Alderamin, Ququşu bürcünün alfa ulduzu Deneb və qamma ulduzu Sadr. Göründüyü kimi bu adların hamısı ərəb mənşəlidir. Alrai – “çoban”, Alfirk – “sürü, dəstə”, Alderamin (əl-dira əl-yəmin) – “sağ qol”, Deneb – “quyruq”, Sadr – “sinə”.


Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin-2ci hissə

(ardı var)

Islam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -1-ci hissəsini oxumuşdum böyük səbirsizlikə 2 ci hissə gözləyirdim Maraqlı hekayədir..
    Ardını gözləyirəm..
    =Təşəkkürlər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.