Hz. İbrahimə qədər uzanan şəcərə

30 Eylül 2014
1 723
0
Hz. İbrahimə qədər uzanan şəcərə
Hz. İbrahimə qədər uzanan şəcərə


Gözlənilən son Peyğəmbər Hz. İbrahimin əmanətini gətirib qoyduğu yerdə zühur edəcəkdi. Ancaq bunun üçün aradan xeyli müddət keçməli idi. Hz. İbrahimdən sonra burada daimi məskən salan Hz. İsmayılın 12 oğlu dünyaya gəlir. Oğlanlarından Nabitin digərlərindən fərqlənməsi diqqəti cəlb edirdi. Eyni xüsusiyyət Nabitin oğlu Yəşcubda da özünü büruzə verirdi. Bu fərqli cəhətlər ardıcıllıqla Yarub, Teyrah, Nahur, Muqavvim, Udad və Adnana qədər davam edir. Aydın idi ki, bu şəcərədə özünəməxsus bir əsilzadəlik və peyğəmbərlik yükünü daşıya biləcək fərqli bir xüsusiyyət var idi. Peyğəmbər Əfəndimizin 20-ci babası Adnandan atası Abdullaha kimi bütün babalarında – Maad, Nizar, Mudar, Malik, Fihr, Qalib, Lüeyy, Kəb, Mürrə, Kilab, Qusayy (Zeyd), Abdimənaf (Müğirə), Haşim (Amr) və Abdulmuttalibdə (Şeybə) də bir üstünlük müşahidə olunur və onların alınlarında Kainatın Əfəndisinə məxsus bir nuranilik sezilirdi.
Haşimin 4 oğlundan biri olan Abdulmuttalibin əsl adı Şeybədir. Məlum olduğu kimi, Peyğəmbərimizin ikinci nəsildən olan babası olan Haşim Hicazda fəziləti ilə seçilən ən nüfuzlu şəxslərdən biri idi. Hacılara izzəti-ikram adətinin əsasını o qoymuş və Qureyşin yay-qış ticarət ənənəsi də onunla başlamışdı. Özü də ticarətlə məşğul olurdu. Haşim yenə ticarət məqsədilə Şama gedərkən Mədinəyə baş çəkmiş, burada Nəccaroğullarından Səlma adlı bir qadınla evlənmiş və bundan sonra Mədinədə məskunlaşmışdı. Ancaq Mədinə həyatı uzun sürmür və o bir döyüşdə vəfat edir. Bu vaxt hamilə olan xanımı Səlma Abdulmuttalibi dünyaya gətirir. Övladının saçlarındakı ağ tüklərə görə ona Şeybə adını qoyur. Şeybə anasının yanında, dayılarının tərbiyəsi və himayəsi altında böyüyür. Atasının vəfatından sonra anadan olduğu üçün Məkkədəki əqrəbaları Şeybənin varlığından xəbərsiz idi. Əmisi Muttalib Mədinədə qardaşı oğlunun olmasından xəbər tutanda Şeybənin artıq 7-8 yaşı var idi. Dərhal Mədinəyə gələn Muttalib Şeybəni görən kimi onu bağrına basıb öpür, uzun-uzadı söhbət edib hal-əhval tutduqdan sonra onu tərkinə alıb Məkkəyə aparmaq istəyir. Balaca Şeybə və anası Səlma əvvəlcə buna etiraz etsə də onları razı salıb qardaşı oğlunu da götürərək Məkkəyə qayıdır. Şeybənin kim olduğunu bilməyən məkkəlilər Muttalibin tərkindəki uşağı görüb bir qul sanaraq onu “Muttalibin qulu” mənasında “Abdulmuttalib” adlandırırlar. Bu ünvan artıq Şeybənin məlum adı olur.
Muttalibin ölümü ilə Məkkənin rəhbərliyinə Abdulmuttalib gətirilmiş, beləliklə, onun üçün məsuliyyətli, ağır bir mərhələ başlamışdı. Abdulmuttalib talenin (qədərin) “su səpdiyi” bir yolda səfərə çıxmış və aydındır ki, çiyinlərinə müjdəsi verilən Son Peyğəmbərin zühur edəcəyi zəmini hazırlamaq kimi bir missiyanı yükləmişdi. Artıq Abdulmuttalib məkkəlilərin dünyəvi işlərində özlərinə hakim təyin etdiyi və mübahisəli məsələlərdə üz tutduğu güclü bir rəhbər idi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.