Bismillahsız kəsilən əti yemək olar?

04 Kasım 2016
802
0
Bismillahsız kəsilən əti yemək olar?
Sual: Bismillahla kəsildiyi bilinməyən ət məhsullarını yemək olarmı?

Qurani-Kərimdə və hədislərdə “Bismillahsız” kəsilən heyvanın ətinin yeyilməyəcəyi ilə əlaqəli açıq-aydın hökmlər var. Bir ayədə Uca Allah, “Üstündə Allahın adı çəkilməmiş (– “Bismillah” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır…” (Ənam, 6/121) – buyurmuşdur. Yəni heyvanın ətinin yeyilməsi üçün həmin heyvanı kəsərkən Allahın adı çəkilməli, “Bismillah” və ya “Bismillahi Allahu əkbər” deyilməlidir. Əks halda həmin heyvanın əti yeyilmir. Ancaq bismillahın hansı səbəbdən deyilmədiyinə baxmaq lazımdır. Bu bir çox səbəbdən-diqqətsizlik, unutqanlıq, hökmün vacib olduğunu bilməmək və ya Allaha inanmamaqdan ola bilər. Əgər diqqətsizlik, unutqanlıq və ya həyəcandan “Bismillah” deyilməyibsə həmin əti yemək olar. Allahın adı çəkilmədən kəsilən ətin haram olduğunu bilməyən və bu hökmdən xəbərsiz olan şəxsin kəsdiyi heyvanın əti də bismillah deyilərək yeyilir. Çünki burada həmin şəxsin heç bir xüsusi məqsədi yoxdur və ayədən xəbərsizdir. Amma bu, o halda keçərlidir ki, həmin şəxs inanclı olsun. İnancsızlıqdan və inkardan dolayı bu hökmə əməl etmirsə və ətin kəsilməsiylə bağlı qaydanı bilərək pozursa, həmin şəxsin kəsdiyi ət yeyilmir.

Bu sadalananlar fətvalardır. Məsələnin təqva cəhəti də var. Belə ki, fətva dinin ilk pilləsidir və buna əməl olunmalıdır. Təqva isə hər məsələdə daha diqqətli olmaq və şübhəli şeylərdən uzaqlaşmaqdır. Ətin necə kəsildiyindən tam əmin olmayan şəxslər ət alarkən əmin olduqları yerdən ala bilərlər.

Xülasə, ət alarkən heyvanın “bismillah”la kəsilib kəsilmədiyini soruşa bilərik. “Bismillah”la kəsilibsə həmin heyvanın ətini yemək olar. Məqsədli şəkildə “Bismillah” demədən kəsilən heyvanın ətini yemək olmaz.
Əvvəlki Xəbər Növbəti Xəbər