Yalan danışmaqdan çəkinin

13 Ocak 2017
1 682
0
Yalan danışmaqdan çəkinin
Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: “Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin” (əl-Həcc, 30).
Əbu Bəkrə rəvayət edir ki, Peyğəm­bər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - üç dəfə: “Sizə günahların ən böyük­ləri barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli, ya Rə­sulallah!”– deyə cavab verdilər. Peyğəm­bər: “Allaha şə­rik qoşmaq, valideyn­lərin üzünə ağ olmaqdır, – deyib söy­kəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır”– dedi”. (Sünən ət-Tirmizi).
Yalan danışmağın günahı dərəcə baxı­mından bir-birindən fərqlənir. Məsələn, Peyğəmbərin adından yalan danışmaq, yalandan Allaha and içmək daha böyük günah hesab edilir. Əli ibn Əbu Talib rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim: “Mənim adım­dan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun.” (əl-Buxari, 106). Həmçinin, Peyğəmbər demişdir: “Allaha şə­rik qoşmaq, valideynlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan and içmək böyük günahdır” (Səhih əl-Buxari).

Yalan danışmağın aqibəti
Peyğəmbər demişdir: “Şübhəsiz ki, yalan insanı əxlaqsızlığa, əxlaqsızlıq isə Cəhənnəmə aparır. İnsan çoxlu yalan danışarsa, Allah qatında onun adı “yalançı” yazılar”. (Səhih əl-Buxari, 6094).

Hansı halda yalan danışmağa icazə verilir?
Yalan danışmağın böyük günah olmasına baxmayaraq dinimiz bəzi hallarda buna icazə vermişdir. Peyğəm­bə­r – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “İnsanların arasını düzəltmək məqsədilə yax­şı­lıq etmək istəyən və ya yaxşı söz danışan adam yalançı deyildir.” (əl-Bu­xa­ri, 2692)
Yəni, əgər bir adam iki nəfərin arasını düzəltmək məqsədilə birinin demədiyi sözü digərinə deməsi, zahirən yalan söz kimi görünsə də, əslində bu, xeyirli söz sayılır və bunu deyən adam yalançı hesab edilmir. Digər rəvayətdə Ummu Gülsüm demişdir: “Rəsulullah üç halda yalan danışmağa izin vermişdir: döyüşdə düş­mənə deyilən, habelə, insanların arasını düzəltmək üçün deyilən və bir də kişinin öz zöv­cəsinə dedi­yi yalan”. (Musnəd İmam Əhməd, 6/404). Kişinin öz zövcəsinə dediyi yalana gəlincə, buna ər-arvad arasındakı ülvi məhəbbətin artması üçün onlardan birinin di­gəri­ni həddən ziyadə tərif etməsini misal göstərmək olar.

Zarafatda olsa belə yalanı tərk edənin mükafatı
Peyğəmbər demişdir: “Haqlı olsa belə mübahisəni tərk edən üçün Cənnətin kənarında, zarafatda olsa belə yalanı tərk edən üçün Cənnətin ortasında, əxlaqı gözəl olan üçün də Cənnətin ən ali mərtəbəsində evi olacağına zəmanət verirəm!” (Səhih əl-Buxari, 2692).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET