İslamda Qadın Hüquqları
Bu baxış fitrət və həqiqətə əsaslanır, qadının bütün fərdi və ictimai hüquqlarını kişilər kimi qadının fitrətinə əsasən tənzimləyir. Qadını kəramətləndirən və onun səadəti ilə nəticələnən yeganə yol vəhy və Peyğəmbər yoludur. Bəşəriyyət çirkinliklər və bədbəxtliklərdən qurtulmaq üçün vəhyə üz tutub, islama qayıtmalıdır. Sözsüz ki, bir gün bu həqiqətlər üzə çıxacaq və bəşəriyyət anlayacaq ki, yeganə həqiqi sığınacaq nəfs istəkləri yox, ilahi vəhy yoludur. İslami baxışı aydınlaşdırmaq üçün onu bir neçə hissədə xülasə şəklində bəyan edirik. Qeyd etdiyimiz kimi birinci baxış qadını o qədər alçaldır ki, sanki qadın insan deyil. İkinci baxış isə qadın şəxsiyyətinin böyüklüyünü, onun kişi ilə eyni hüquqlu olmasında görür. Birinci baxışın Qur’an tərəfindən rədd edilməsi aydındır.
Bəs ikinci baxış necə? Qur’an qadın və kişinin yaranışındakı bərabərliyi qəbul edirmi? Mütləq azadlığı (özbaşnalığı) məhkum edən Qur’an nəzərincə qadın kişi ilə bərabərdirmi? Yoxsa islamın başqa bir baxışı var?
Bu məsələni aydınlaşdırmaq üçün ayrı-ayrılıqda iki fəsildə bəhs etməliyik.
Birinci fəsil qadın və kişinin yaranış nizamı və necəliyi, onların insani dəyərləri haqqındadır. İkinci fəsildə fərqlər, məhdudiyyətlər, fərqlərdən yaranan və qadın-kişi şəxsiyyətindən asılı olmayan nəticələr əhatə olunur.
Birinci məsələ – yaranışca qadın və kişinin eyni, bərabər olması haqqında belə demək olar ki, Qur’anın nəzərinə görə onlar nə bərabərdirlər, nə də fərqli. Çünki Qur’an kişi və qadının xilqətini eyni bir həqiqətdən bilir. Bərabərliyi araşdırmaq və müqayisə etməyin o zaman mə’nası olardı ki, qadın və kişi iki müxtəlif xilqət olaydı. Beləcə, islamda bərabərlik və ya fərqlilikdən danışmağın mə’nası qalmır. Demək, söhbət onların fərqlərindən yox, yaranışından gedir.