İslam dininə görə əri tərəfindən atılmış qadın boşanmış sayılırmı?

13 Ocak 2018
2 031
0
İslam dininə görə əri tərəfindən atılmış qadın boşanmış sayılırmı?
Sual vermək olar ki, əri tərəfindən uzun müddət tərk edilmiş bir qadın özünü boşanmış kimi qəbul edə bilərmi? Misal üçün, cəmiyyətimizdə bu cür qadınlar çoxdur. Bəzilərinin ərləri onları ataraq xarici ölkələrə uzunmüddətli səfər edib, orada qalır və arvadını maddi, cinsi, mənəvi öhdəçilikdən məhrum edirlər. Və ya bəzən başqa cür olur, ər gedib başqa bir qadını nikahına keçirir, lakin uzun müddətliyinə birinci arvadını tərk edir və onu maddi, cinsi, mənəvi və s. ehtiyaclarını qarşılamır. Bu halla qarşılaşan qadının vəzifəsi nədir? O özünü boşanmış kimi qəbul edib, başqasına ərə gedə bilərmi?

Feat.Az
muselman.az-a istinadən bildirir ki, İslam dininə görə təlaq (boşanma) kişinin ixtiyarındadır. Hətta kişi onun bütün ehtiyaclarını qarşılamasa belə qadının özünü boşanmış qəbul etməsi, başqasına ərə getməsi və s. bu qəbil hərəkətləri İslam hüququ tərəfindən qəbul edilmir. Bəs, qadın nə etməlidir, müqəddəratı ilə barışıb özünü bədbəxt etməlidirmi? Əlbəttə ki, xeyr! İslam hüquqü bunun çıxış yolunu da təqdim edir. Əri tərəfindən atılmış qadın İslamda vilayəti qəbul edilmiş Şəri-hakimə müraciət etməlidir. Şəri-hakim bu məsələni qaldırır və axtarış aparır. Axtarışların nəticəsində müvafiq hökmü icra edir. Məsələdən asılı olaraq, qadının haqqını bərpa etmək, ona maddi ehtiyacın ödənilməsini təmin etmə və ya ərindən boşama və s. hüquqları qadının əvəzinə Şəri-hakim icra edir.

Sözün qısası, şəri üzrü olmadan qadının hər hansı bir ehtiyacını qarşılamayan ər ilə aciz qalmış qadının təlağını kəsmək şəri hakimin öhdəsindədir. Təlaq oxunduqdan sonra qadın boşanılmış sayılır və iddə gözləməlidir. Qadın iddə gözlədiyi müddətdə ərə gedə bilməz. Qadın hətta ərindən 5 il ayrı qalsa belə, boşandıqdan sonra iddə gözləməlidir. Üzərində nikahı olan qadın yeni bir nikaha girə bilməz.

Bu barədə təqlid müctəhidləri nə deyir?


Şeyx Nasir Məkarim Şirazinin fikri budur ki, ər şəri üzrü olmadan qadının maddi ehtiyaclarını qarşılamasa şəri hakim onların təlağını oxuya bilər. Təlaq oxunduqdan sonra iddənin müddəti başlayır.

Şeyx Məhəmməd Fazil Lənkərani belə halda, məhkəməyə müraciət olunmasının zəruri olduğunu, iddə müddətinin təlaq oxunduqdan sonra başladığını deyir.

Şeyx Məhəmmədtəqi Behcət isə qadının öz-özünə boşana bilməyəcəyini, boşanmaq istədikdə ərindən onu boşamasını istəməsinin zəruri olduğunu bildirir.

Qeyd edək ki, Azərbaycanda Şəri-hakim məsələsi ilə problemi həll etmək bir az çətindir. Bir xanımın müctəhid və ya onun təyin etdiyi nümayəndəlik ilə əlaqə qurub saxlaması azərbaycanlı qadın üçün çətindir. Çünki, bunu uzaq məsafədən həll etmək olmur. Gərək qadının məsələsi araşdırılsın, onun əri ilə əlaqə saxlanılsın. İndiki zamanda Azərbaycan ruhanilərini boşanmaq xatirinə aldadan kifayət qədər insanlar olmuşdur. Buna görə də, qadının və oğlanın yaşadığı məntəqəyə, onların ailəsinə daha yaxından bələd olan səlahiyyətli mütəxəssis və ya alimlər şurası da bu məsələni həll edə bilər. Lakin Azərbaycan qanunvericiliyinə görə də, bu məsələ ilk əvvəl məhkəmə qarşısına çıxarılmalı, araşdırılma aparılmalı və Dövlət qanunu çərçivəsində boşanma aparılmalıdır. Daha sonra aralarında dini nikah da səlahiyyətli nümayəndə tərəfindən pozularaq təlaq oxunulmalıdır. Təlaq oxunduqdan sonra qadın iddə gözləyir. İddə qurtardıqdan sonra qadın özünə yenidən ailə qura bilər. Təlağı oxunmayan və ya iddəsi bitməyən qadının kiminləsə yaxınlıq etməsi zina hökmündədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.