CƏHƏNNƏM - Hz Peyğəmbərin şahidliyilə

18 Ağustos 2014
1 950
0
CƏHƏNNƏM - Hz Peyğəmbərin şahidliyilə
CƏHƏNNƏM - Hz Peyğəmbərin şahidliyilə

Sirlərlə dolu bir səyahət əsnasında Allah Rəsulu (s.ə.s.) cənnət və cəhənnəmə aid mənzərələrə də şahid olmuş və dünyada ikən hansı əməlin necə əvəz gördüyünü nümunələri ilə ümmətinə də danışmış son və yeganə peyğəmbərdir.
Əlbəttə, hər yer cənnət kimi deyilidi. Oradan uzaqlaşıb başqa vadiyə gələndə tükürpədici dəhşət saçan səslər eşidir. Bu səslərin mənbəyini soruşur:
– Cəhənnəmin səsidir, - deyir Cəbrail. Allah Rəsulu diqqətlə dinləyir.
Cəhənnəmdən səs gəlir:
– Ey Rəbbim! Artıq mənə vəd etdiyin şeyləri ver! Bir baxsana, buxov və
kəndirlərim, od və alovlarım, irin və qanlarım çoxaldıqca çoxaldı. Dibimdəki dərinlik əlçatmaz oldu və atəşimin hərarəti də dözülməz dərəcədədir! Mənə vəd etdiyin şeyləri tez göndər!
Cənnətdə eşidilən eyni səsin əks-sədası eşidilir:
– Bəli, Mənə şərik qoşan hər müşrik kişi və müşrik qadın, Məni inkar
edən hər bir kafir, hesaba və kitaba inanmayan hər bir zalım Sənə gələcəkdir, tələsmə!
Yenə eyni cavab:
– Oldu, razıyam, ya Rəbbim! Fəryad-fəğanın yüksəldiyi tərəfə baxanda bütün dəhşəti ilə cəhənnəm görünür və Allah Rəsulunun qarşısında ürəyin tab gətirə bilmədiyi mənzərələr açılırdı. Əlbəttə, bu, gördüklərini ümmətinə danışıb onları çəkindirə bilmək üçün sadəcə bir mənzərəyə tamaşa etməkdən ibarət idi. İnsanların və daşların alışdırdığı atəş tufanları var idi meydanlarda... Dərin bir donquldanma eşidilir və içinə girənlərin azlığından doymaq bilməyən bir iştaha ilə:
– Daha yoxdurmu? – deyə qışqırırdı. Bu dəhşətli mənzərə içində əzaba
düçar olanlar bir kənara atılıb buradan xilas ola bilmirdi. Nə zaman bədənlər kül olub vücudlar buxarlanırdısa, əməliyyat yenidən başlayırdı. Bəlli ki, əzabı tam dadmaları üçün bu işgəncə sümüklərə ət geyindirilməklə hər dəfə yenidən təkrarlanırdı. Cəhənnəmin dərinliklərindən iniltilər yüksəlirdi:
– Kaş yenə dünyaya qayıtmaq imkanımız olaydı!
– Kaş ağlımızı işlədib deyilənlərə qulaq asaydıq, bu vəziyyətə də düşməyə idik!
– Nə olar Allahım! Heç olmasa bir gün əzabını yüngülləşdir!
– Kaş torpaq olub gedəydim! – kimi fəryadlar bir-birini izləyirdi. İnsan kütlələri dəstə-dəstə müəyyən yerlərdə toplanıb oxşar əzaba düçar olurdular. Başlarının üstündə onlara rəhbər təyin edilmiş “zəbanilər” deyilən əzab mələkləri var idi və onların üzündə təbəssüm nişanəsindən əsər-əlamət yox idi. Elə insanlar var idi ki, bir nizə məsafəsində yaxınlaşdırılan günəş kimi alov kütləsi qarşısında tamamilə əriyib tükənmiş, xirtdəyinə qədər qan-tərə batmışdı.
Qan və irin çayları axıb gedir, heç cür xilas ola bilməyən bədbəxtlər bu çaylarda çırpınırdı. Fəryad edə-edə sahilə yaxınlaşan hər bir zavallıya orada gözləyənlər daş atmağa başlayır və yalvararkən açılan ağızları bu daşlarla dolan həmin günahkarlar yenidən qan və irinin içərisinə qayıtmaq məcburiyyətində qalırdılar.
Rəsulullah (s.ə.s.) başlarına dəmir və daşlar vurulmaqla əzab verilən adamlara rast gəlir və bunların kimlər olduğunu soruşur. Cəbrail (ə.s.):
– Bunlar fərz namazları qılmaqda hec cür sabit olmayan və onu ötürənlərdir, - deyə buyurur. Hz. Muhəmməd (s.ə.s.) bir tərəfdə də dünyada ikən mallarının zəkatını
verməyən adamların irin və zəqqum udaraq heyvanlar kimi sürünməsinə şahid olur, Allahın əmrini yerinə yetirməməyin cəzasının təcəllisini müşahidə edir. Hələ başqa görəcəyi şeylər də var idi. Yetim malını yeyənlər bir kənarda od kütlələri udur, sonra bunları ifrazat kimi çölə çıxarmaqla əzab görürdü. Digər tərəfdə isə əmanətə riayət etmək məsələsində qüsura yol verənlərin getdikcə ağırlaşan yüklərin altında inim-inim inildəməsi nəzərə çarpırdı. İnsanlar arasında fitnə-fəsad alovunu körükləməyə adət edənlərin ağızları əyilmişdi. Günahsız adamları aldadıb zalımlara təhvil verənlərin halları da ürək dağlayırdı.
Başqa bir yanda da qarınları özlərindən bir neçə dəfə böyük olan adamlar var idi. Bu zavallılar nə ayağa dura, nə də yerlərindən tərpənib hərəkət edə bilirdilər. Allah Rəsulu (s.ə.s.) bunların kim olduğunu soruşanda Ona bu adamların puldan pul qazanmağa adət edən faiz əhli (sələmçilər) olduğu deyilir.
Hz. Muhəmmədin (s.ə.s.) gözünə bəzi adamlar da dəyirdi. Bir tərəflərində gözəl və təzə ət olduqları halda, digər yanlarındakı murdar və iylənmiş leşlərə daraşmışdılar, tərtəmiz yeri qoyaraq bataqlıqda çabalayırdılar. Rəsulullahın (s.ə.s.) onlara maraqla baxdığını görəndə Cəbrail (ə.s.) bunların da halal çərçivədə keflə kifayətlənməyib haram dalınca qaçan zinakarlar olduğunu bildirir.
Buradakıların əksəriyyətinin səfahət və əyləncə toruna düşən, düşdüyü yerə başqalarını da çəkərək günah dairəsinin böyüməsinə səbəb olan və namuslu-iffətli həmcinslərinin bədduasına hədəf olan qadınlar olduğunu görmüşdü. Onlar insanları ovlamaq üçün tələ kimi istifadə etdikləri bədən üzvlərindən asılmışdılar və ahu-fəğan edərək inim-inim inildəyirdilər.

Mənbə: Rəşid Haylamaz, Könül taxtımızın bənzərsiz Sultanı
Peyğəmbərimiz (s.ə.s.). Bidayətdən Bədirə – 1.
Xəzər Nəşriyyatı – 2009
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.