Yazda hansı xəstəliklər aktivləşir?

02 Nisan 2015
1 411
0
Yazda hansı xəstəliklər aktivləşir?
Yazda hansı xəstəliklər aktivləşir?

Yaz fəslini ən çox həkimlərin sevdiyi deyilir. Qəribə də olsa onlar öz aralarında bu mövsümü "çörəkli aylar" adlandırırlar... Qışın soyuğundan enerji və vitamin itkisi ilə çıxmış insan orqanizmi baharın kəskin hava dəyişikliyinə dözümsüz olduğu üçün bu mövsümdə bir çox xəstəliklər aktivləşir.
Bu mövsümdə xroniki xəstəliklərdən əziyyət çəkənlər mütləq həkimə müraciət etməlidirlər. Orqanizmdə baş verən prosesləri xarici amillərlə izah edən həkimlər bu mövsümün mərəzlərinə yaz xəstəlikləri deyirlər.

5 saylı klinik xəstəxananın terapevti Fəxri Hüseynov yaz xəstəliklərinə allergiya, avitaminoz, həzm sistemi xəstəlikləri, pielonefrit və sistit, sinusit və qaymorit, yaz kataraktası, depressiya və stress, eləcə də son günlər çoxlarının şikayət etidyi qrip və soyuqdəymənin aid olduğunu deyir.

Terapevt sadalanan xroniki xəstəliklərin bu mövsümdə daha da kəskinləşdiyini vurğulayır: "Soyuq havadan isti şəraitə keçəndə bəzi insanlar temperaturun kəskin dəyişməsinə reaksiya vermirlər. Amma immun sistemi zəif olanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar. Belə insanlarda yaz fəslində xroniki xəstəliyin kəskinləşməsi halı baş verir. Yaxud bir insanda bronxit varsa, yaz aylarında xroniki bronxit mütləq kəskinləşməlidir. Ağciyər, mədə-bağırsaq sistemi xəstəlikləri də bu fəsildə kəskinləşir. İmmun sistemi zəif olan insanlarda ümumi halsızlıq, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti zəifləyir".
Fəxri Hüseynov immun sisteminin zəifliyinin qışda vitamin balansının azalması ilə özünü büruzə verdiyini deyir: "Vitamin balansı həm xarici, həm də daxili faktorlarla əlaqədar azalır. Xarici faktor odur ki, insanın qəbul etdiyi vitaminlərin həcmi digər fəsillərə nisbətən azalır. Daxili faktorlara baxaq. İnsanın mədə-bağırsaq sistemi xəstədirsə, mədə-bağırsaq sisteminin eroziyalarında, xoralarında, bağırsaqda hansısa bakterioz varsa, belə insanlarda xüsusilə yağda həll olunan vitaminlərin sorulması prosesi pozulur və insanın vitamin balansı zəifləyir. Mövsüm dəyişməsi ilə də əlaqədar vitamin balansı zəifləyən insanlarda halsızlıq, iş qabiliyyətinin gücdən düşməsi, ətraf mühitə qarşı laqeydlik yaranır. Belə insanlar əsasən yuxulu olur və bütün günü yatmaq istəyirlər. Bunun qarşısını almaq üçün ilk növbədə xroniki xəstəliklərin müalicəsinə başlamaq lazımdır".

Mövsüm dəyişkənliyi ilə bağlı allergik xəstəliklərin də kəskin surətdə artdığını deyən terapevtin sözlərinə görə, yaz fəslində allergik xəstəliklərdən ən çox uşaqlar əziyyət çəkir. Bu isə özünü qızdırma, ishal və qusma ilə göstərir.

Həkim məsləhət görür ki, belə hallar müşahidə olunduqda ilk növbədə uşağı imalə etmək, daha sonra isə həkimə aparmaq lazımdır.
Həkim bizimlə söhbətində mövsümi xəstəliklərin ev şəraitində müalicəsi haqqında da məlumat verdi: "Həkimə müraciət edə bilməyən insanlar xroniki xəstəliklərin qarşısını almaq üçün immun sistemini artıran qidalardan istifadə etməlidir. Ev şəraitində xüsusən kök, alma, nar, çuğundur şirəsini hazırlayıb içmək faydalıdır. Meyvə və tərəvəzlərdən bolluca istifadə edilməlidir. Çünki qış vaxtı yerin altında yetişən tərəvəzlər vitaminləri toplayır, yerin bütün gücünü özlərinə alırlar".
Həkim yalnız qidalanma ilə deyil, idman etməyin, təmiz havada gəzməyin də mövsümi xəstəliklərin müalicəsi üçün faydalı olduğunu deyir.
Yaz mövsümü insanların psixoloji vəziyyətinə də ciddi təsir göstərir.

Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu Denis Rzayevin sözlərinə görə, təsadüfi deyil ki, intiharlar yaz fəslində çoxalır: "Bu mövsümdə orqanizmdə hormonal aktivlik güclənir. Məhz bu səbəbdən yaz aylarına "qan qaynayan" vaxt deyirlər. İnsanın qanının qaynaması hormonal aktivlik nəticəsində baş verir. Bu vaxt təbiət oyanır, iqlim dəyişkənliyi baş verir, nəticədə orqanizmdə biokimyəvi stress yaranır. Bunu yalnız insanlarda deyil, bütün canlılarda müşahidə etmək mümkündür".


Biokimyəvi stressin insan psixologiyasında ciddi fəsadlar yaratdığını deyən psixoloq bu zaman depressiyalara, intiharlara meylin artdığını vurğulayır: "Orqanizmdə əsasən səhər saat 5-dən 10-a qədər hormonal aktivlik gedir. Fikir versəniz görərsiniz ki, insanlar daha çox səhər saatlarında intihar edirlər".
Psixoloq məsləhət görür ki, yaz depressiyasından qorunmaq üçün açıq havada çox gəzmək, meyvə-tərəvəz məhsullarından daha çox istifadə və vitaminlər qəbulu lazımdır.
Yaz fəslində insanlarda xroniki depressiya da üzə çıxır ki, bu da halsızlıq, yuxusuzluq kimi əlamətlərlə müşahidə olunur. İştahsızlıq da bu depressiyanın əsas əlamətlərindən hesab olunur.

Mövsümlə bağlı olaraq insanların dərman preparatlarına tələbatı artıb. "Riyad Farm" apteklər şəbəkəsinin əməkdaşı Nigar Həsənova bizimlə söhbətində bildirdi ki, qış aylarında daha çox qrip və soyuqdəymə əleyhinə preparatlar satılırdısa, hazırda dərman satışında üstünlük vitaminlərdədir: "Böyüklər adətən Vitamin C, Vitamin B, Vitamin B12 kimi ənənəvi preparatlara üstünlük verirlər. Uşaqlar üçünsə daha çox immun sistemini gücləndirən siroplar, maye vitamin kompleksləri alınır".

Farmakoloqun sözlərinə görə, xroniki xəstəlikləri olanların da, olmayanların da bu mövsümdə özlərinə diqqət göstərməsi məsləhətdir. Bu isə ancaq kimyəvi tərkibli preparatlardan istifadə eləməklə məhdudlaşmır. Bol meyvə, tərəvəz yeməklə, stress yaradan olaylardan uzaq durmaqla mövsümün xəstəliklərinə meydan oxumaq olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.