Yazda hansı xəstəliklər üzə çıxır? - Həkim rəyi

30 Mart 2017
1 140
0
Yazda hansı xəstəliklər üzə çıxır? - Həkim rəyi
Elə insanlar var ki, yaz fəslinin gəlişini, havaların isinməsini səbirsizliklə gözləyir. Yaz fəslində bu cür insanların əhvalları yüksək olur, əzmkarlığı artır. Amma elə insanlar da var ki, günəşli hava onlara heç də yaxşı təsir etmir ki, bu da yaz depressiyası adlanır.

Yaz depressiyası dediyimiz hal insan bədənində fizioloji dəyişikliklərlə bağlıdır. Bu depressiya insanın fizioloji problemlərini üzə çıxardır və nəticədə sinir gərginlikləri formalaşır. Havalar isindikcə qan durulur, bu isə qan təzyiqinin artmasına səbəb olur, bütün orqanlar oyanır, payız və qış dönəmində gizli qalmış problemlər üzə çıxır. Bu isə periodik olaraq sinir sistemini yükləyir, insanlarda əsəb gərginliyi, depressiya, stress kimi problemlər yaranır. Bu hala ümumi olaraq yaz depressiyası deyirlər. Psixoloqlara görə, yazda insan beynində serotonin adlanan maddənin miqdarında azalma baş verir ki, bu da depressiyanın yaranmasının əsas səbəbidir. Yazda yüksək əhval-ruhiyyəsi ilə seçilən insanlarda isə serotoninin miqdarı normaldır. Yaz depressiyası adətən digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlikdir, insanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur.

Əgər bu mövsümdə hansısa bir insan özünü yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə, bu, artıq yaz depressiyasının əlamətidir. Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtlarda müşahidə edilən bir depressiya vəziyyətidir. Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahanın azalması və ya əksinə, artması kimi amillər yer alır. Bahar depressiyası yaşayan insanlar məktəbə və yaxud da işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər iki həftədən çox davam etdiyi zaman mütəxəssisə müraciət etmək məsləhətdir. Bahar depressiyası psixoloji bir səbəbdən qaynaqlana biləcəyi kimi tiroid hormonların nizamsızlığından da yarana bilər.

Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanıb yuxudan tez durmaq lazımdır. Hər gün eyni saatda yatıb-qalxmağa çalışmaq, daha aktiv olmaq, gündə bir neçə dəfə idmanla məşğul olmaq, avtomobil əvəzinə piyada getməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır. Psixoloji baxımdan “baharda hamı xoşbəxt ikən mən niyə beləyəm” demək əvəzinə “həyatımda bir sıra müsbət və mənfi hadisələr olub, hamısı kimi bu da keçəcək” düşünmək özünü daha yaxşı hiss etməyə imkan yaradar. Yaz depressiyasından qurtulmaq üçün yaşadığınız yerin hava almasını təmin etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək, gündə 7-8 saat yatmağa çalışmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir.

Qeyd edək ki, yazın gəlişi yalnız yaz depressiyası gətirmir, həmçinin havaların isinməsi təbiəti canlandırdığı kimi bir sıra xəstəlikləri də canlandırır. Yazda ən çox rast gəlinən problemlər içərisində ilk sırada allergiya yer alır. Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Hətta dünya alimləri XXI əsri “allergiya əsri” adlandırıblar.
Havada uçuşan polen adlanan çiçək tozları yaz mövsümündə allergik xəstəliklərə səbəb olan ən önəmli amillərdir. Onun ən çox təsir etdiyi orqanizm isə insanların gözləridir. Mövsümlə bağlı allergiya nəticəsində gözdə qaşınma, qızarıqlıq və reaksiyaya bağlı olaraq damar genişlənməsi meydana gəlir. Bu baxımdan, şiddətli yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Yaz mövsümü ilə bağlı dəyişikliklər uşaqlara da təsirsiz ötüşmür, bu mövsüm uşaqlar üçün “xəstəlik mövsümü” sayılır. Bu mövsümdə uşaqlarda artan əsas xəstəliklər allergiya və astmadır. Astma ilə bağlı xroniki öskürəklə yanaşı, suçiçəyi də müşahidə edilir. Həmçinin iltihablı göz axıntıları infeksiya əlaməti ola bilər. Eləcə də faringit, virusların səbəb olduğu tənəffüs yolu infeksiyaları, ishallara da çox rast gəlinir. Bu aylarda havaların dəyişməsi, viruslara və polenlərə bağlı olaraq uşaqlara təsir edən xəstəliklər daha da çoxalır. İlk olaraq valideynlər uşaqları istiyə uyğun geyindirməli, tərləməkdən qorumalı, uşaqların düzgün qidalanmasını təşkil etməlidir. Uşaqlara bu fəsildə ağartı məhsulları verilməli və gündə yarım saat günəşə çıxarıb gəzdirilməlidir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla yaz depressiyasının xəstə şəxslərdə və yaşlı adamlarda özünü daha tez göstərdiyini dedi: “Depressiya bu gün cəmiyyətdə xeyli sosial amillərlə bağlıdır. Sadəcə olaraq, yaz fəsli sinir xəstəliklərinin, mədə bağırsaq, allergik xəstəliklərin kəskinləşdiyi dövrdür. Çünki yaz fəslinə keçəndə el arasında buna qanın qaynayan vaxtı deyirlər. Əslində bu, orqanizmdə neyrofizioloji reaksiyaların tezləşməsi, qomonal fonun dəyişməsi kimi dəyişikliklər, damarların sıxılıb atılması və sairə ilə özünü göstərir. Sağlam adamlarda mühafizə güclü olduğundan belə də təsir etmir. Amma xəstə, yaşlı adamlarda bu dərhal özünü göstərir. Təzyiqi olan adamların təzyiqi yüksəlməyə meyllənir, müxtəlif pozulmalar müşahidə edilə bilər ki, bunlardan ən çox müşahidə olunan depressiv vəziyyətlərdir. Depressiv vəziyyətlər Azərbaycan cəmiyyətində müəyyən qədər sosial amillərlə bağlıdır. Amma yaz vaxtı bunların güclənməsi həm də fəsil dəyişməsi ilə bağlıdır. Mədə-bağırsaqda xora xəstəliyi olan şəxslərdə onun kəskinləşməsi meylləri qeyd olunur. Ona görə də bu cür şəxslər yaxşı olardı ki, bu dövrdə öz həkimi ilə məsləhətləşib profilaktik müalicə kursu alsınlar”.
musavat.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.