HƏKİM XƏBƏRDARLIĞI: Öskürək iki aydan çox davam edərsə...

15 Nisan 2017
1 726
0
HƏKİM XƏBƏRDARLIĞI: Öskürək iki aydan çox davam edərsə...
"Öskürək patoloji hal da ola bilər, hər hansı xarici amillərə qarşı cavab reaksiyası da.

Fizioloji olaraq öskürək yuxarı tənəffüs yollarının qıcıqlanması nəticəsində orqanizmin verdiyi qoruyucu cavab reaksiyasıdır. Öskürək çox sadə sayılan soyuqdəymə, zökəmin, eyni zamanda xərçəng kimi ağır patoloji proseslərin əlaməti kimi də ortaya çıxır".

Feat.Az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya, allerqologiya, nefrologiya şöbəsinin müdiri Kəmalə Ağayeva deyib.

Mütəxəssis bildirib ki, öskürək iki həftədən çox davam edərsə, bu zaman patoloji hallardan şübhələnməyə əsas var.

Onun sözlərinə görə, öskürək reseptorları burunda, burun ətrafı ciblərdə, qırtlaq, udlaq, bronxlarda, plevrada, hətta qulaq kanalında, diafraqmada yerləşir. Çox zaman uşaqlarda kəskin respirator xəstəliklər zamanı yaranan öskürəyin burun və udlağın iltihabı nəticəsində baş verdiyini deyən mütəxəssis qeyd edib ki, bəzən otitlər, yəni qulaqda yaranan problem zamanı da öskürək müşahidə olunur.

Öskürəyi yaradan səbəblər haqqında danışan həkim bu sırada haymorit, faringit, laringit, bronxit, ağciyərin spesifik və qeyri-spesifik iltihabi xəstəlikləri, eləcə də vərəm, pnevmoniya, bronxial astma və s. problemlərin adını çəkib.

Qeyd olunub ki, bundan başqa, mədə-bağırsaq sisteminin patologiyaları, daha çox reflüks zamanı, eləcə də ürək-qan damar sisteminin patologiyalarında öskürək yarana bilər.

K. Ağayeva deyib ki, zökəm, yuxarı tənəffüs yollarının infeksiyaları ilə bağlı olan öskürək normal halda bir neçə gün, bir həftə, uzaqbaşı iki həftə ərzində keçib getməlidir. Öskürək bu müddət ərzində keçib getmirsə, deməli, bunun səbəbi var və bu hal daha ağır fəsadlara səbəb ola bilər: "Öskürək müalicəyə tabe olmursa, bu, həyəcan siqnalıdır. Bu halda mütləq mütəxəssis müayinəsindən keçmək vacibdir.

Öskürəklər dörd-səkkiz həftə davam edəndə, bu, yarım kəskin hal kimi, iki aydan artıq davam edəndə xroniki öskürək kimi dəyərləndirilir. Xroniki quru öskürək, keçib getməyən öskürək zamanı çox vaxt əhalimiz həkimə müraciət etmir, bəlğəmgətiricilər, öskürək əleyhinə dərmanlarla kifayətlənirlər. Bu, yanlışdır. Nəzərə almaq lazımdır ki, düzgün müalicə olunmayan soyuqdəymə, xroniki bronxitin də yaranmasına gətirib çıxara bilər".

Həkim deyib ki, öskürək iki aydan çox davam edərsə, bu, ağciyərin xərçəngi, yaxud da yanlış müalicə nəticəsində yaranan xroniki bronxitlə bağlı ola bilər:

"Əgər öskürək müalicə nəticəsində keçmirsə, deməli, diaqnoz düzgün qoyulmayıb.
Öskürəyin xarakteri artıq diaqnozun yarısı deməkdir. Yəni öskürək qurudurmu, bəlğəmlidirmi, neçə müddətdir davam edir, bütün bunlar nəzərə alınmalıdır.
Biz öskürəyə çox zaman ciddi yanaşmırıq. Xroniki öskürəyin yaranmasının əsasında məhz bu yanaşma dayanır. Vaxtında həkimə müraciət edilərsə, düzgün diaqnoz qoyularsa, düzgün müalicə aparılarsa, öskürək tez bir zamanda aradan qalxar və xroniki formaya keçməz".

K. Ağayeva onu da deyib ki, əhali arasında deyildiyi kimi tez-tez təkrarlanan öskürək çox vaxt yuxarı tənəffüs orqanlarının allergenlə kontaktı nəticəsində yaranır.
Allergenlərin təsiri nəticəsində yaranan öskürəklərə gəlincə, həkim bildirib ki, bu halda müayinə zamanı allergenlər təyin olunmalıdır.

Bronxial astma nəticəsində yaranan öskürəklər haqda danışan mütəxəssis deyib ki, problem infeksion formalıdırsa, öskürək daha çox qış aylarında yaranır, allergik məşəlidirsə, bu zaman allergenlərin təsiri zamanı baş verir. Məsələn,
bitki tozlarına qarşı olan reaksiyalar daha çox ağaclar çiçək açan zaman baş verir.

Onun sözlərinə görə, öskürək nevroloji, psixoloji problemlərin də əlaməti ola bilər: "Stress, psixoemosional gərginlik öskürəyə səbəb olur.

Öskürək bəzən ağrılarla müşahidə olunur. Döş sümüyündə, boyunda ağrı ola bilər. Bunun səbəbini araşdırmaq lazımdır. Boyun fəqərələrində yaranan osteoxondroz da öskürək yaradır. Sinir sıxılması, əzələ gərginliyi zamanı çox gərgin olmasa da, sayrışan öskürək baş verir".

Bəzi dərmanların da öskürək yaratdığını deyən K. Ağayeva bu sırada yüksək təzyiqlə bağlı qəbul olunan dərmanların quru öskürəyə səbəb olduğunu açıqlayıb.

Mütəxəssis tütünün yuxarı tənəffüs yollarını daima qıcıqlandıran təsirlərinin olduğunu açıqlayaraq siqaret çəkənlərdə çox zaman səhər saatlarında öskürək müşahidə edildiyini xatırladıb. K. Ağayeva deyib ki, xəstə səhər yuxudan duran kimi dərhal siqaret çəkirsə, bu, yuxarı tənəffüs yollarında ciddi xəstəliklərdən xəbər verir: "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi deyilən bir hal son zamanlar ən çox rast gəlinən patoloji haldır. Əgər 30 il davamlı olaraq gündə bir qutu siqaret çəkilirsə, həmin şəxsdə birmənalı olaraq ağciyərlərin obstruktiv xəstəliyi baş verir.

Siqaret çəkənlər səhərlər yaranan bəlğəmli öskürəyi adi bir hal kimi dəyərləndirib, heç buna əhəmiyyət vermirlər. Bu hal isə ağırlaşaraq tənəffüs çatışmazlığına, hətta ürək və ağciyər çatışmazlığına qədər inkişaf edir. Bu hal gələcəkdə hətta ağciyər xərçənginə səbəb ola bilər".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.