DİQQƏTLİ OLUN: Qaraciyər xərçənginin ƏLAMƏTLƏRİ bunlardır
Qaraciyər xərçəngi son illər bütün dünyada artmaqdadır. Bu, xərçəng səbəbi ilə ölümlərin içərisində üçüncü yerdə dayanır. Bəs bu xəstəliyin risk faktorları, əlamətləri hansılardır? Terapevt-qastroenteroloq Mətanət Cəfərova ailem.az-a açıqlamasında bildirib ki, qaraciyər xərçəngi yaşlılarda cavanlara nisbətən, kişilərdə isə qadınlara nisbətən daha çox rast gəlinir. Həkim deyir ki, xəstəliyin əlamətləri arasında səbəbsiz arıqlamaq, iştahasızlıq, çox az yeməkdən sonra belə, toxluq və şişkinlik hissi ilk yerlərdədir: “Özünü xəstə kimi hiss etmək, qarında rahatsızlıq və ya ağrı, səbəbsiz bel ağrısı və qan azlığı, şişkin bir qarın, dərinin saralması, qaşınma, xroniki Hepatiti və ya sirrozu olan xəstənin birdən-birə pisləşməsi, yüksək qızdırma və tərləmə də qaraciyər xərçənginin əlamətləri sırasındadır. Bu əlamətlərdən hər hansı biri varsa, həmin şəxs mütləq həkimə müraciət etməlidir. Ancaq bir şeyi unutmaq olmaz. Xəstəlik bəzən əlamətsiz də başlaya bilər. Ona görə də əgər hər hansı bir qaraciyər xəstəliyiniz varsa, 6 aydan bir müayinə olunmağınız məsləhətdir. Bu, xüsusi ilə ailəsində qaraciyər xərçəngi olan Hepatit B daşıyıcılarına aiddir”.
M.Cəfərova xəstəliyin risk faktorlarını belə təsnifatlandırıb:
- Qaraciyər serrozu (böyüklərdə ən çox hepatit B və C ilə əlaqəli, uşaqlarda hemaxromatozla əlaqəli)
- Anabolik streaoidlərin qəbulu
- Ailəsində qaraciyər xərçəngi olanlar
- Aktiv qaraciyər xəstəliyi ( məsələn yüksək HBV–DNT)
- Əlavə olaraq piylənmə, diabet, aflatoksin, androgen, oral kontraseptivlər, alkoqol və siqaret də riski artıran faktorlardır.
Həkim onu da qeyd edib ki, Amerika Qastroenterologiya Birliyinin rəsmi klinik jurnalında nəşr olunan yeni araşdırma qəhvənin qaraciyər xərçəngi riskini azaltdığını müəyyənləşdirib. Araşdırmanın nəticəsinə görə, gündə üç stəkan qəhvə içmək qaraciyər xərçənginə tutulma riskini yüzdə 50 faiz azaldır.