Sağlam qidalanma şərtləri

13 Haziran 2017
2 106
0
Sağlam qidalanma şərtləri
Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Sağlam qidalanmaq barədə xüsusilə təbii gigiyena ilə məşğul olan həkim və mütəxəssislərin mövqeləri maraq doğurur.

Hər gün 2-3 litr çiy su içməyə vərdiş etmək, ilk ayda hər yarım saatdan bir 30 qram çiy su içmək uğurlu müalicə üsulu sayılır.

Feat.Az AZƏRTAC-a istinadən bildirir ki, orqanizmdə qızdırma, ağrı, zehni və fiziki halsızlıq olanda, yorğunluq və əsəb zamanı qidadan imtina etmək, yalnız aclıq hiss edəndə yemək, yeməkdən 10-15 dəqiqə əvvəl 1 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum içməyi həyat normasına çevirmək lazımdır.

Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil, çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək daha yaxşıdır.

Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin fəaliyyətini zəiflədir. Normal hərarətə çatana qədər mədə enzim ifraz etmədiyinə görə divarı zədələnir. Dondurma yemək mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir təəssürat bağışlayır.

Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur.

Səhər yeməyinə şirəli meyvələrdən başlamaq, ona 2-3 ədəd qoz ləpəsi, yaxud 5-6 fındıq əlavə etmək faydalıdır. Qışda çiy meyvələr əvəzinə quru meyvələrdən istifadə etmək olar. Konservləşdirilmiş, duza qoyulmuş və bişirilmiş meyvə və tərəvəzin orqanizmə heç bir faydası yoxdur.

Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək, gündə üç dəfə qida qəbul etdikdə iki dəfə salat yemək, salatı 4-5 növ çiy tərəvəzdən hazırlamaq faydalıdır. Kök, kələm, pomidor, cəfəri, sarımsaq, çuğundur və yarpağından istifadə etmək daha yaxşıdır. Baş soğanın qidada çox olması, göy soğana üstünlük vermək daha faydalıdır.

Yağlardan mümkün qədər az istifadə etmək; istər kərə, istərsə də bitki yağı və qaymaq həzmolunmanı ləngidir, mədə-bağırsaq sisteminin işini pozur. Evdar qadınlar xörək tam hazır olanda çiy şəkildə yağ əlavə etməli, xörək bişərkən qazana 1-2 növ məhsul tökərək mümkün qədər az qaynatmalıdırlar.

Bişmiş xörəkdən imtina edə bilmədikdə onunla bərabər salat yemək, təzə şirələr - itburnu, moruq və qara qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir. Çiy qida bişmiş xörəkdən üç dəfə çox olmalıdır.

Qidaları mümkün qədər çox çeynəyəndə və ağız şirəsi ilə isladanda yaxşı həzm olur, nəticədə orqanizm həzmolma prosesinə az enerji sərf edir. Qidanın həcm və çəkisini 1,5-2 dəfə azaltmaqla daha çox fayda görmək olar.

K.Nişi və P. Breq səhər yeməyini ixtisara salaraq gün ərzində iki dəfə qidalanmağı məsləhət görürlər. Nişiyə görə səhər qida qəbul etmək orqanizm üçün əlverişli deyil, səhər saatlarında axşamdan yeyilən qidaların həzmi davam edir. Günün ilk yarısında orqanizm özünü təmizləyir, buna görə də yoğun bağırsaq axşam qəbul olunmuş qidanı həzm etməyə təzə başladığı vaxt oraya yeni qida göndərmək israfçılıqdır.

Orqanizmə vaxtaşırı istirahət vermək lazımdır, çünki bağırsağın divarları özündə 3 kiloqramdan 25-iloqramadək şlak toplayıb saxlayır.

Nəfsə qalib gəlib orqanizmi zəhərləyən ət, yağ, yumurta, göbələk, pendir, çörək və paxlalı bitkiləri qidadan çıxara bilmədikdə onları tərəvəzlərə əlavə kimi qəbul etmək lazımdır.

Çox yeməyə can atmaq lazım deyil, çünki çox yemək orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə zəhmət və ağır yükdür. Unutmaq olmaz ki, çox yeyən az yaşayır, az yeyən - çox!

Qidada xörək duzunun miqdarını azaltmaq, ürək-damar xəstəliyi zamanı ondan tam imtina etmək lazımdır. Xörək duzunda yalnız iki mikroelement - xlor və natrium var. Dəniz duzunda olan 64 mikroelementin hər biri orqanizm üçün faydalıdır. Soğan, sarımsaq, qıtıqotu və turp xörək duzunu əvəz edə bilər.

Həzm prosesi yalnız qida "çələngi" düzgün tərtib edildikdə yaxşı gedir. Ona görə də nəyi nə ilə birlikdə yeməyin faydalı olduğunu bilmək çox vacib məsələdir.

Uzun illər tədqiqat aparan və qidaların düzgün əlaqələndirilməsi təlimini yaradan professor Herbert Şeltonun bu sahədə bir sıra məsləhətləri var.

- Zülalla zəngin qidaları karbohidrat tərkibli qida ilə - yəni qoz, ət, yumurta və digər zülali ərzaqları çörək, kartof, pirojna və şirin meyvələrlə eyni vaxtda yeməmək. Bir öynə yumurta, balıq, süd və pendir yemək olar, başqa vaxt çörək, yaxud sıyıq və əriştə.

-Karbohidratlı qidanı turş qida ilə - yəni çörək, kartof, noxud, paxlalı bitkilər, banan və xurmanı pomidor, limon, portağal, kivi, naringi, feyxoa, ananas və digər turş meyvələrlə eyni vaxtda yemək düzgün deyil.

- Yağları zülalla - yəni qaymaq, kərə yağı, smetan, bitki yağını ətlə, yumurta, pendir, qoz-fındıq və digər zülali qidalarla eyni vaxtda yeməmək, çünki onlarla bir vaxta yeyilən yağlar mədə vəzilərinin fəaliyyətini məhdudlaşdırır və mədə şirəsi ifraz etməyə mane olur.

- Turş meyvələri zülalla - yəni portağal, limon, naringi, feyxoa, kivi, turş alma, turş gavalı, pomidor, ananas və albalını ət, pendir, qoz, yumurta ilə eyni vaxtda yeməmək vacibdir.

- Nişastalı qidalar şəkərlə - yəni cem, meyvə, kərə yağı şəkər, sirop sıyıq və kartofla yola getməz. Şəkəri dənli bitkilərlə eyni vaxtda qəbul edəndə bağırsaqlarda çürümə baş verir.

- Nişasta ilə zəngin olan qidaları ayrı-ayrı yemək vacibdir, çünki iki nişastalı qida növünü eyni vaxtda yeyəndə, məsələn, kartof, yaxud sıyıqla çörək yeyiləndə biri digərinin həzmini pozur.

- Yağları zülalla - yəni qaymaq, kərə yağı, xama və bitki yağını ət, yumurta, pendir, qoz-fındıq və s. ilə eyni vaxtda yemək olmaz, onlar mədə şirəsinin ifrazını ləngidir.

- Südü qatıq, süzmə, ayran, şor və pendirə çevirdikdən sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir, çünki süddəki yağ müəyyən müddət mədə şirəsinin ifrazına mane olur, süd mədədə deyil, onikibarmaq bağırsaqda həzm olunur. Mədə südə qarşı heç bir reaksiya vermir və şirə buraxmır. Onunla eyni vaxtda qəbul olunan qidalar da həzm olunmur.

Düzgün qidalanma qaydasında başlıca məqsəd onikibarmaq bağırsaqda qidaların çürüyərək zəhərli maddələrə parçalanmasının qarşısını almaqdır. Ona əməl edən hər kəs sağlam və gümrah yaşayır, mənən və ruhən güclü olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.