Allergiyası olanlara HƏKİM XƏBƏRDARLIĞI: “...ölümlə nəticələnə bilər”

20 Temmuz 2017
1 384
0
Allergiyası olanlara HƏKİM XƏBƏRDARLIĞI: “...ölümlə nəticələnə bilər”
Son dövrlər insanlar arasında allergiya halları artıb. Hətta mübaliğəsiz demək olar ki, doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıqdan bu hal daha da ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır. Hətta bir müddət öncə iki uşaq allergik qıcolmadan və anafilaktik şokdan dünyasını dəyişib. Bəs allergiyanı yaradan əsas səbəblər hansılardır? Ümumiyyətlə, allergiyanı tam müalicə edərək ondan yaxa qurtarmaq mümkündürmü? Ailem.az bu və digər narahatlıq doğuran məqamlara aydınlıq gətirməyı çalışıb.

Allerqoloq Nahid Məhərrəmov bildirdi ki, allergiya, adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır. Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz.

Allergiyanın çox ağır fəsadlar yarada biləcəyini deyən N.Məhərrəmov vurğuladı ki, bu hal insanda həyati təhlükəyə səbəb ola bilər: “Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər. Bu, orqanizmin allergenə qarşı yaranan son dərəcədə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər - dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır”.

Bəs qida allergiyası nədir?

Qida allergiyası – müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır. Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə, qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticisimlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda immun sistemi o maddəni tez tanıyır və yenidən anticisimlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır.

Bu reaksiyanın yaranma səbəblərinə gəlincə, həkim söylədi ki, bəzi insanlarda immun sistemi müəyyən maddələrə (allergenlərə) kəskin reaksiya verərək, müxtəlif kimyəvi maddələr ifraz edir: “Onlardan biri histamin, allergik simptomlar törədir. Orqanizmin reaksiyası allergeni nəfəs alaraq içəri daxil etməklə, dəriylə kontakta girməklə, allergenin bədənə daxil edilməsiylə, yaxud qidayla birlikdə qəbul etməklə yarana bilər. Heyvanların qalın və quşların narın tükləri, toz, qida məhsulları, kosmetika, dərman preparatları, bitki tozcuqları, həmçinin siqaret tüstüsü allergen ola bilər. Bu reaksiya bədənin müxtəlif yerlərində təzahür edə bilər, simptomları isə bir-iki dəqiqədən bir neçə günədək müşahidə oluna bilər. Əlamətlər allergik zökəm, astma, qızarmış və yaşaran gözlər, oynaqlarda ağrı və iltihab, ishal, qusma, mədə pozulması kimi özünü büruzə verir. Ağırlaşma hallarında isə anafilaktik şok, çətinləşmiş, yaxud xışıltılı nəfəs, nəbzin sürətlənməsi, soyuq tər, yapışqan dəri, mədə spazmları, baş gicəllənmələr, ürək bulanması, kollaps (kəskin damar çatışmazlığı), qıc olmalardır. Tibbi yardım göstərilməyəndə ağır allergiya ölümlə nəticələnə bilər.

”Yüngül allergik reaksiyalar burun axması, göz yaşarması və s. zökəmə bənzəyən simptomlar törədə bilər. Həmçinin cüzi səpmə əmələ gələ bilər. Əgər siz özünüzdə, yaxud yaxınlarınızda bu cür reaksiyaları tez-tez görürsünüzsə, o halda həkimə müraciət etmək lazımdır. Yadda saxlayın ki, anafilaktik şok zamanı allergiya bütün bədənə təsir edir. Anafilaksiya allergeni qəbul etdikdən 15 dəqiqə sonra yarana bilər, ona görə də təxirəsalınmaz tədbir görmək, yəni təcili yardım çağırmaq lazımdır”, - deyə həkim vurğuladı.

Allerqoloq məsləhət görür ki, allergiyalı şəxs bu haqda dostlarına, qohumlarına və iş yoldaşlarına məlumat verməlidir: “Getdikləri bütün həkimlərə, hətta kosmetoloqlara mövcud olan bütün allergik reaksiyalar haqqında deyilməlidir. Əsasən də tibbi preparatlara qarşı olan allergiyalar bildirilməlidir. Bu, həm reseptdə yazılmış, həm də reseptsiz alınan preparatlara şamildir. Hər hansı bir dərmanı qəbul etməzdən öncə onun qablaşdırması və təlimat vərəqəsini diqqətlə oxumaq lazımdır. Allergik zökəmin yüngül formalarında simptomları aradan qaldırmaq üçün axmaya qarşı damcılardan və spreylərdən istifadə edin. Əgər allergiya tibbi preparatdan yaranıbsa, dərhal onun qəbulunu dayandırın və həkiminizlə məsləhətləşin. Həkimin təyin etdiyi antihistamin (allergiyaya qarşı) preparatlardan istifadə edin. Sedativ effektə malik olan antihistamin preparatlardan istifadə edərkən maşın sürməkdən və mexanizm idarə etməkdən qaçın. Çünki o dərmanlar süstlük yarada bilər. Lakin bu gün bir sıra antihistamin preparat var ki, sedativ effektə malik deyil. Dəridə allergik reaksiya mövcud olduqda qıcıqlanmanı aradan qaldırmaq üçün səpmiş hissələrə qaşınmaya qarşı krem, yaxud losyon çəkin. Allergiya yaradan maddələri müəyyən etməyə çalışın və onlardan hər zaman qaçının. Evinizin təmiz olmasına, toz, narın tükcüklər və gənə olmamasına nəzarət edin. Evi süpürəndə, yaxud tozsoranlayanda, mebellərinizi təmizləyəndə, yataq dəstini dəyişəndə, tozlu əşyalarla hər hansı kontaktda burnunuzu tənzif və ya adi maskayla bağlayın. Ev heyvanlarına qarşı allergiya olduqda, onları evinizdə saxlamayın”.

Həkim onu da vurğuladı ki, allergiyadan qurtarmaq olar: “Çox yaxşı olardı ki, bunun üçün immun sistemini normallaşdırsınlar. Bu isə ancaq idman etməklə mümkündür ki, orqanizm təbii yolla güclənsin. Allergiyanın asmatik prosesə çevrilməməsi üçünsə zamanında onu müalicə etmək lazımdır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.