Mədə-bağırsaq nevrozu nədir? - Bu ƏLAMƏTLƏRə diqqət edin

11 Aralık 2017
1 471
0
Mədə-bağırsaq nevrozu nədir? - Bu ƏLAMƏTLƏRə diqqət edin
Feat.az psixoterapevt Orxan Fərəclinin irritabl bağırsaq sindromu haqqında məqaləsini təqdim edir.

İrritabl bağırsaq sindromu (İBS) və ya digər yayılmış adı ilə qıcıqlanmış bağırsaq sindromu bağırsağın ümumi funksiyalarında dəyişikliyin olması və defakasiya aktı (nəcis ifrazı) sonrası rahatlayan ağrının müşayiəti ilə keçən funksional bir bağırsaq xəstəliyidir.

Ən çox kimlərdə olur?


Əlimizdə olan son tədqiqat nəticələrinə görə, qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox rast gəlinir. Poliklinikalara ümumi müraciətlərin 10%-ni, qastroentroloqlara müraciətlərin təxminən 40%-ni əhatə edən bu xəstəlik gənc insanlarda daha çox rast gəlinir.

Yaranma səbəbi nədir?


Müxtəlif faktorların bu xəstəliyin yaratma ehtimalı olduğunu vurğulasaq da, konkret bilinən bir səbəbi yoxdur. Genetik meyllilik, qida maddələrinə qarşı fərdi həssaslıq, bakterial ifrat çoxalma, sinir-psixoloji gərginliyin uzun müddət davam etməsi bu səbəblərdən bəziləridir.

Qıcıqlanmış bağırsaq sindromunun əlamətləri nələrdir?


- Qəbizlik
- Diareya (ishal, qarın açılması)
- Qarın nahiyəsində “gəzən” ağrı və bu ağrılar əksər hallarda nəcis ifrazından sonra xeyli azalır
- Ürəkbulanma
- Qarında şişkinlik və köp
- Nəcisin formasında dəyişiklik (ayrı-ayrı sərt hissələr, sosiska forması, qətran bənzəri nəcis, zeytun çəyirdəyi bənzəri nəcis)
- Nəcislə bərabər seliyin çox olması
- Nəcis ifrazının gün ərzində 3-4 dəfə olması

Xəstəliyin əlamətləri xəstənin qəbul etdiyi qida maddəsindən, həmin qidanı nə vaxt yeməsindən, qadınlarda menstruasiya dövrünə, eləcə də xəstənin psixoloji vəziyyətinə görə çox dəyişir. Məhz bu səbəbdən İBS xəstələrində şikayətlərin hansı vəziyyətlərdə artıb-azaldığını yaxşı müşahidə etmək lazımdır.

Pasiyentin psixoloji vəziyyətinin bu xəstəliklə əlaqəsi varmı?


Bu xəstəlikdən əziyyət çəkən insanların 60-70%-də paralel olaraq depressiya və ya digər nevrotik pozuntulardan (nevroz) biri rast gəlinir. Stress faktorunun artması özlüyündə mədə-bağırsaq əlamətlərinin daha da qabarmasına gətirib çıxarır.
Xəstənin ailə vəziyyətinin, maddi və sosial şəraitinin aşağı olması onda mövcud simptomların daha uzun müddət davam etməsinə rəvac verir.

İBS-in müalicəsi necə aparılır?


Bu xəstəliyin müalicəsində həkim-xəstə arasında terapevtik əlaqələrin yaxşı qurulması, qarşılıqlı inam, həkimin nəzakətli və diqqətli yanaşması çox ciddi rol oynayır. Xəstəlik pasiyentə günahkarlıq duyğusu yükləmədən ətraflı izah olunmalı, müalicə prosesində digər ixtisas həkimlərinin xüsusən psixiatr və psixoloqun rolunun faydalı ola biləcəyi əlavə stiqma yaratmadan vurğulanmalıdır.

Qıcıqlanmış bağırsaq simptomu xəstəliyinin müalicəsində pasiyentin psixososial vəziyyətinin stabil olmasını, paralel olaraq depressiya, nevrotik halların aradan qaldırılması məqsədi ilə qastroentroloqun təyin etdiyi dərmanlarla birlikdə antidepressant dərmanlardan istifadə müalicənin effektivliyi kifayət qədər yüksəldir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.