Sağlam dişlərə sahib olmaq üçün nələrə riayət etməliyik?

13 Mart 2018
1 630
0
Sağlam dişlərə sahib olmaq üçün nələrə riayət etməliyik?
Ramil Yusubov: "İlk növbədə dişlərin yuyulması qaydalarına fikir verilməlidir"

Feat.Az
kaspi.az-a istinadən yazını təqdim edir.

Deyilənə görə, təbəssüm ən gözəl dərmandır. Daim gülümsəmək, xoş əhval-ruhiyyədə olmaq lazımdır. Gözəl təbəssüm üçün ilk növbədə sağlam dişlərə sahib olmaq vacibdir. Gözəl təbəssümlə yanaşı, dişlərin sağlamlığı digər orqanların da sağlamlığını təmin edir. Belə ki, dünya alimlərinin qənaətinə görə, dişini gündə 2 dəfə fırçalamayan şəxslərin ürək problemi ilə üzləşmə riski digərləri ilə müqayisədə 70 faiz artıqdır. Britaniya mətbuatının yazdığına görə, yerli alimlər 11 869 kişi və qadın arasında 8 il aparılmış araşdırmadan sonra bu qənaətə gəliblər. Onlar ilk dəfə diş və ağız boşluğu gigiyenası ilə ürək problemləri arasında əlaqəni üzə çıxarıblar.

Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir. Araşdırmalara görə, dişlərində problem yaranan yaşlıların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır. Ona görə də valideynlər yeni doğulmuş körpənin ana südü ilə qidalanmasına xüsusi fikir verməlidir.

Bəs ümumilikdə, sağlam dişlərə sahib olmaq üçün nələrə riayət etməliyik? Dişlərə qulluq zamanı nələri yanlış edirik? Bu mövzuda suallarımızı stomatoloq Ramil Yusubova ünvanladıq. Stomatoloq deyir ki, ilk növbədə dişlərin yuyulması qaydalarına fikir verilməlidir: "Gündə iki dəfə, 3-5 dəqiqə arası dişlər fırçalanmalıdır. Amma təəssüf ki, bəzi gənclər bu qaydaya riayət etmir. Sadəcə, səhər fırçalamaqla kifayətlənirlər. Amma bu düzgün deyil. Mütləqdir ki, gündə iki dəfə dişlər yuyulsun. Bundan başqa, yediyimiz qidalara da xüsusi önəm verməliyik. Məsləhət görərdim ki, süd məhsullarına daha çox üstünlük versinlər. Rasionlarında bu tip qidaların sayını artırsalar, daha yaxşı olar. Həmçinin, bol meyvə-tərəvəz yeməlidirlər".

Müsahibimiz bildirir ki, gənclər dişlərinin sağlamlığına səhlənkarlıqla yanaşırlar: "Dişlər normalda hər 6 aydan bir müayinə olunmalıdır. Ən azı ildə iki dəfə həkim müayinəsindən keçmək, ağız boşluğunu müayinə etdirmək lazımdır. Amma bəzi gənclərin problem yaranmadıqca, dişlərdə ağrı olmadıqca həkimə getmədiklərini müşahidə etmişəm. Xırda bir problem olsa belə, dərhal həkimə müraciət olunmalıdır. Bu zaman dişdə olan problemin müalicəsi də asan olur. Çünki vaxtı keçirsə, dişin müalicəsi həm həkim, həm də xəstə üçün çətin olur".

Həkim qarqara etmək və saplardan istifadənin də dişlərin sağlamlığı üçün önəmli olduğunu deyir: "Vacib deyil ki, apteklərdə satılan hansısa bir firmanın məhsulu olan vasitələrlə qarqara edilsin. Evdə hazırlanmış duzlu su ilə də yaxalamaq olar. Əsas olan, bunu mütəmadi olaraq etməkdir. Əgər ağız boşluğunda problem varsa, diş əti qanamaları müşahidə edilirsə, onda heç olmasa, 1 həftə gündə 2 dəfə ağızı bu məhlullarla qarqara etmək lazımdır. Əgər problem ciddiləşərsə, bu zaman mütləq həkimə müraciət olunmalıdır. Bundan başqa, fırça seçiminə də fikir verməliyik. Əksər stomatoloqlar yumşaq olanları məsləhət görsələr də, mən əksinə, sərt fırçaların tərəfdarıyam. Həmçinin, yaxşı olardı ki, gənclərimiz diş saplarından da istifadə etsinlər. Apteklərdə satılan istənilən diş sapını ala bilərlər. Həmin sapları diş aralarına keçirib təmizləmək lazımdır. Saplar yumşaq materialdan olduğundan diş boşluqlarına heç bir ziyanı yoxdur".

Əslində, bəzən stomatoloqa müraciət etməməyimizin səbəblərindən biri də içimizdəki qorxu hissidir. Bəzilərindən "nə üçün həkimə getmirsən" soruşanda, stomatoloqdan qorxduğunu deyir. Həmsöhbətimizdən bu qorxunun səbəbini və necə aşmaq olduğunu soruşduq: "İlk növbədə, sahəsindən asılı olmayaraq hər bir həkim xəstəni rahatlatmaq üçün həm də psixoloq olmalıdır. Qorxunun əsas səbəbi isə uşaq yaşlarında stomatoloqa müraciət zamanı hansısa ağrıdan sonra beyində yaranan qorxu hissidir. Bu da çox zaman qalıcı olur. Bunu aradan götürmək üçün həkim xəstəyə psixoloq kimi yanaşmalı, ilkin proseduraları çox yumşaq etmək lazımdır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.