Dərinin ömürlük xəstəliyi: Bu əlamətlərə DİQQƏT edin!

27 Eylül 2019
1 027
0
Dərinin ömürlük xəstəliyi: Bu əlamətlərə DİQQƏT edin!
Dərinin ömürlük xəstəliyi - psoriaz, əsasən, dərinin zədələnməsi ilə müşahidə olunan mürəkkəb xroniki qeyri-infeksion xəstəlikdir.

Psoriaz zamanı dərinin üzərində boz və ya ağ pulcuqlarla örtülmüş, həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr əmələ gəlir. Bu ləkələr psoriatik ləkələr adlanır. Psoriatik ləkələr, əsasən, bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında - diz, dirsək və sağrı nahiyələrində yaranır. Psoriaz əlin içi, ayağın altı və xarici cinsiyyət üzvlərindən başqa, istənilən nahiyədə də yarana bilər. Səpgilər əvvəl kiçik olur, sonra böyüyür, bir-biri ilə birləşir. Qaşınır, çatlar əmələ gəlir, qanaxma olur.

Psoriazın 4 növü var:

Vulqar və ya sadə psoriaz (psoriasis vulgaris)

Pustular psoriaz (pustular psoriasis)

Damcıyabənzər və nöqtəli psoriaz (guttate psoriasis)

Bükülən səthlərin psoriazı (fleksural psoriasis)

Feat.Az bildirir ki, xəstəlik dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir, residivləşir, bəzən də spontan sağalma müşahidə edilir. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər, belə ki, psoriatik ləkələr kiçik lokal zonadan başlamış bütün bədən səthinə kimi hər yeri tutur. Nəinki dəri səthi, hətta dırnaqlar da prosesə cəlb oluna bilər, bu zaman dırnaqların rəngi saralır, ağarır və ya bozarır, yaxud tamamilə sıradan çıxır. Bundan əlavə, psoriatik artropatiya, yəni oynaqların psoriaz mənşəli zədələnməsinə xəstələrin 10-15%-də rast gəlinir. Psoriatik spondilit zamanı isə prosesə fəqərələr də cəlb olunur.

Psoriazın yaranma və inkişaf etmə səbəbləri indiyə kimi tam müəyyən olunmayıb. Belə güman olunur ki, xəstəlik autoimmun təbiətlidir. Yəni, immun sistemində olan bəzi dəyişikliklər psoriazın inkişafına səbəb ola bilər. Lakin irsiyyət, genetik faktor da xəstəliyin yaranmasında və inkişafında böyük rol oynayır. Əgər valideynlər bu xəstəlikdən əziyyət çəkirlərsə, uşaqlarda psoriazın inkişaf riski 50% artmış olur. Psoriaz xəstəliyinə meylliliyi müəyyən edən 9 gen lokusu (PSORS1 - PSORS9) aşkar edilib.

Bununla belə, psoriazın dərinin daha çox qıcıqlanmaya, təzyiqə, sürtünməyə məruz qaldığı zonalarında baş verməsi inkar edilmir. Xüsusilə, sabun, yuyucu toz, spirtli məhlullar, ətirlər, kimyəvi-məişət məhsullarından çox istifadə etdikdə, həmçinin, dəridə xroniki piodermiya, göbələk xəstəlikləri olduqda psoriaz baş verir. Xəstəliyin inkişafına güclü stress, mübadilə proseslərin pozulması və hormonal pozulmalar da təkan verə bilər.

Psoriaz insanların həyat keyfiyyətini aşağı salır, psixoloji və fiziki diskomfort yaradır. Xəstəlik uzun illər və yaxud ömür boyu xəstəni müşayiət edir.

Psoriazın müalicəsi kifayət qədər çətindir, özü də müvəqqətidir. Xəstəliyin ağırlıq dərəcəsini müəyyən etmək üçün PASI indeksindən istifadə edilir. Hazırda bir neçə müalicə üsulu movcuddur - UVB fototerapiya, eksimer fototerapiya, eksimer lazer terapiya.

Müalicə kursundan sonra effekt 12-18 ay ərzində qalır.

Qeyd edək ki, psoriaz keçici xəstəlik deyil - nə məişət, nə hava-damcı, nə də cinsi yolla bir insandan digərinə keçir.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.