Arıqlamağın yeni dəbi: Mədə kiçiltmə əməliyyatı

18 Eylül 2019
559
0
Arıqlamağın yeni dəbi: Mədə kiçiltmə əməliyyatı
Söhbət son vaxtlar artıq çəkidən xilas olma üsulları arasında məşhurlaşan, hətta dəb halını almağa başlayan mədə kiçiltmə əməliyyatından gedir. Mədə kiçiltmə əməliyyatı ilk dəfə 1988-ci ildə edilib. Hazırda bütün dünyada çox geniş yayılıb. Azərbaycanda isə 5 ildir, həyata keçirilir.

Mədə kiçiltmə (Sleeve Gastrectomy) ən geniş yayılmış bariatrik əməliyyatlardan biridir. Əməliyyatın üstünlüyü onun digər bariatrik əməliyyatlar arasında ən az riskli olması və həzm sisteminin fizioloji pozuntusuna səbəb olmamasıdır. Yəni bu əməliyyatdan sonra da qidanın mədəyə, mədədən nazik bağırsağa keçməsi prosesi saxlanılır. Digər bariatrik əməliyyatlarda isə yemək qida borusundan birbaşa nazik bağırsağa keçir. Belə insanlarda sonradan müəyyən problemlər əmələ gəlir və ömürlərinin axırına qədər dərman qəbul etmək məcburiyyətində qalırlar.

Feat.Az bildirir ki, sleeve gastrektomiyaya "uzununa gastrektomiya" və ya "tüp mədə" də deyilir. Əməliyyat zamanı mədənin böyük hissəsi kəsilib çıxarılaraq, həcmi 80-85% kiçildilmiş mədə formalaşdırılır. Bəs çəki itkisi nəyə əsasən baş verir? Ghrelin adlandırılan maddə istehsal edən mədə toxuması çıxarıldığına görə hormon dəyişikliyi baş verir. Ghrelin mədənin fundus deyilən üst hissəsindəki oksintik hüceyrələr tərəfindən ifraz olunan 28 amino-asid peptid zülaldır. Beyindəki hipotalamus, ya da pituiter bölgədəki reseptorların aktivləşməsi ilə keçirilən qüvvətli oreksigenik (iştah artırıcı) peptitdir. Mədə fundusunun hər bir qramında on iki barmaq bağırsağa nisbətən 10-20 qat daha çox ghrelin var. Əməliyyatda ghrelin ifraz olunan mədənin fundus hissəsi çıxarıldığına görə iştah azalmış olur və çəki itirilir.

Ancaq mədə kiçiltmə əməliyyatı arıqlamaq istəyən hər kəs üzərində aparıla bilməz. Bunun üçün müəyyən göstəriş lazımdır. Ən vacib göstəriş bədən indeksidir. Bədən indeksi normal insanlarda 18-25 faiz olur. Bu əməliyyatı etmək üçün isə pasiyentin bədən indeksi 35-40-dan yüksək olmalıdır. Məsələn, pasiyentin çəkisi 120 kq, boyu 1.50 sm-dirsə, çəki boyun kvadratına bölünərək indeks hesablanır. İndeks 35-i keçirsə, bu, əməliyyat üçün göstəriş ola bilər. Ancaq indeks 40-dan yüksəkdirsə, deməli, həmin şəxs obezite xəstəliyindən əziyyət çəkir, yəni həmin şəxsdə artıq çəki, piy həddindən artıqdır. Bu əməliyyatlara cərrah, kardioloq, qastroenteroloq, dietoloq birgə qərar verməlidir.

Əməliyyatın icazə verilmədiyi şəxslər də var. Birincisi, mədə problemi olan şəxslərə mədə kiçiltmə əməliyyatı etmək qadağandır. Əgər mədədə müxtəlif xəstəliklər varsa, ilk növbədə onlar müalicə olunmalıdır. Müalicədən sonra təkrar müayinə aparılır. O zaman icazə verilsə, əməliyyat qərarı verilir. Bəzi xəstələrdə isə bu əməliyyat əks reaksiya verə bilər. Hormonal problemlər, böyrəküstü vəz, hipofiz xəstəlikləri bu əməliyyatlar üçün əks göstəriş ola bilər. Ümumiyyətlə, əməliyyat üçün müraciət edən şəxslər bütün müayinələrdən (qan, hormonal, ürək, qan-damar, orqanların müayinəsi və s.) keçirilməlidir. Müayinələr zamanı heç bir problem aşkarlanmasa, əməliyyata icazə verilir.

Əməliyyat 50-55 dəqiqə çəkir. Qiymət isə 5500-7000 manat arasında dəyişir.

Əməliyyatdan sonrakı dövrdə xəstənin təqibi, nəzarəti və qidalanması çox önəmlidir. Birdən-birə 40-50 kq çəki itirən insanın sağlamlığında təbii ki, ciddi problemlər yarana bilər. Ona görə də əməliyyat olunan şəxslər 1-2 ay ərzində xüsusi hazırlanmış, Ümumdünya Cərrahlar Assosiasiyası tərəfindən tərtib edilən qida rasionuna uyğun qidalanmalıdır. Bundan başqa, xəstəyə idmanla məşğul olmaq və həyat tərzini dəyişərək, yeni bir həyata başlamaq da məsləhət görülür.

Bəs mədə kiçiltmə əməliyyatından sonra xərçəng xəstəliyinə tutulma ehtimalı nə qədərdir? Bariatrik cərrahlar bu ehtimalı inkar edir. Onların fikrincə, heç bir bariatrik əməliyyat onkoloji proses yaratmır. Bəzi araşdırmalara görə, bu əməliyyatdan sonra 30% çəki itirən insanlarda digərləri ilə müqayisədə arıqlama ilə əlaqədar xərçəng xəstəliyinə, demək olar, rast gəlinmir.

Hətta 2-ci tip şəkər xəstələrində dərman preparatları 13% effektli olursa, mədə kiçiltmə əməliyyatından sonra bu xəstələrdə effektin 75% olduğu sübuta yetirilib.

O ki qaldı mədə kiçiltmə əməliyyatı zamanı və ya sonra ölüm hallarına, ölüm riski bütün əməliyyatlarda var. Ona görə də həyati önəm daşımadığı halda məhz gözəllik, estetika xətrinə risk etməyə dəyməz. Çünki həyatınız və sağlamlığınız gözəlliyinizdən qat-qat önəmlidir.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.