Elektron siqaret bu təhlükəli xəstəliklərin riskini artırır - XƏBƏRDARLIQ!
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova deyib ki, elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev isə elektron siqaretlərdən gənclər arasında daha çox tütün çəkmənin əvvəlində istifadə edildiyini, bunun bütün hallarda təhlükə mənbəyi, tütün çəkmənin dəstəklənməsinə xidmət etdiyini deyib: "Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyl göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edirlər. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər sadəcə, marketinq siyasətidir".
Qeyd olunub ki, 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, bütün növ qəlyanlar və elektron siqaretlər də həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.