Səhər yeməyi zamanı yulaf və çərəzlər lif qaynağı kimi əvəzsizdir

05 Haziran 2020
101
0
Səhər yeməyi zamanı yulaf və çərəzlər lif qaynağı kimi əvəzsizdir
Bəzən səhərlər iştaha olmadığından yüngül qidalara üz tutur və ya şirniyyatla çay içməklə kifayətlənənlər olur. Mütəxəssislərin fikrincə, bu, düzgün hesab olunmur. Yuxudan oyanan kimi balanslı qidalanmaq üçün mütləq bir və ya iki stəkan su içmək lazımdır, çünki səhər oyananda qanda şəkər aşağı düşür və orqanizmin enerjiyə ehtiyacı artır. Ona görə də səhər yeməyi mütləq protein, karbohidrat və faydalı yağlarla zəngin olmalıdır.

Yumurta ana südündən sonra ən gözəl protein qaynağıdır. Pendir, kəsmik, şor, süzmə, süd kimi məhsullar protein qaynaqları hesab olunur. Karbohidrat kimi qara çörəkdən istifadə etmək olar, çünki daha az kalorilidir, bəyaz çörəyin qlisemik indeksi yüksəkdir və qanda şəkəri sürətlə yüksəltdiyinə görə gün ərzində daha çox acdıra bilər. Buna görə də kəpəkli və çovdar unundan, tam buğda unundan hazırlanmış bir-iki dilim çörəkdən istifadə edilməlidir.

Feat.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, səhər yeməyi üçün yulaflı sıyıq da faydalı hesab olunur: "Yulaf karbohidratla, süd isə proteinlə zəngin olduğundan səhər yeyilməsi tövsiyə olunan qidalardandır. Bundan başqa, qidaya faydalı yağlar və çərəzlər də əlavə edilməlidir. Gün ərzində liflə zəngin yeməklərdən mümkün qədər çox istifadə olunmalıdır, çünki liflərlə zəngin qidalanma gün ərzində toxluq hissi yaradır, enerji verir və qanda şəkəri yüksəltmir. Səhər yeməyi zamanı yulaf və çərəzlər çox gözəl lif qaynağıdır. Bununla yanaşı, göyərtidən istifadə etmək də məsləhətdir. Məsələn, şüyüd, cəfəri kimi bitkilər orqanizmi toksinlərdən təmizləyir".

Diyetoloqun dediyinə görə, yeməyə hər kəsin sevdiyi meyvə və meyvə qurularını da əlavə etmək olar. Səhər yeməyinin balanslı olması orqanizm üçün faydalıdır. Ona görə də səhər yeməyi çox əhəmiyyətlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər