Ağcaqanadlardan necə qorunmalı? - HƏKİM RƏYİ

11 Temmuz 2017
2 396
0
Ağcaqanadlardan necə qorunmalı? - HƏKİM RƏYİ
Yay özü ilə günəş, istirahət, eyni zamanda narahatlıq - həşərat və ağcaqanadlar gətirir. Bu isə insanların rahat dincəlməsinə mane olur. Ağcaqanadlar yay aylarında daha aktiv fəaliyyətə keçir. Xüsusən axşam saatlarında və səhərə doğru ağcaqanadlar insanlarda narahatlıq doğurmaqla yanaşı, dəridə xoşagəlməz qızartılar da yaradır.

Həkim-dermatoloq Şövqi Zeynalov APA TV-yə müsahibəsində qeyd edib ki, ağcaqanad dişləməsi tək yay fəslində deyil, ilin bütün fəsillərində öz aktuallığını itirmir: "Ağcaqanad uzunbığlılar fəsiləsinə aid olan bir həşəratdır. Erkək və dişisi olur. Erkəklər əsasən dişləmir. Onlar bitkilərlə qidalanırlar. Dişi ağcaqanadlar insanların və heyvanların qanı ilə qidalanır. Ağcaqanad dişləməsinin bir neçə növü var. Bu zaman dəridə qızartı, qaşınma, həmin hissənin hərarətinin artması, eritema əlamətləri olur. Bunlar insanları qaşınma, ürəkbulanma və qusma halları ilə narahat edir. Bundan başqa, ağcaqanadın digər növləri də var ki, bunlar malyariya, ensofalit kimi ciddi xəstəliklərin də yaranmasına səbəb olur. Malyariya ağcaqanadı ilə hər il dünyada 200 milyon insan yoluxur, 600 min insan isə vəfat edir".

Şövqi Zeynalovun sözlərinə görə, ağcaqanadlar insan bədəninə qonduğu zaman iynə batırdıqları yerdə qanın laxtalanmaması üçün enzim adlanan maddə ifraz edir. Bu maddə qanda ağcaqanadın dişlədiyi kiçik bir çevrədə qanın duru qalmasına və bununla da qidalanmasına səbəb olur. Həmin bölgədə qan daha sürətlə axdığından dəridə yanma, istilənmə hiss olunur və ağcaqanaddan ifraz olunan maddənin təsirindən qaşınma başlayır. Bu qaşınma insandan insana fərqlidir: "Ağcaqanadlar daha çox tərləyən insanlı dişləyirlər. Bu, daha çox isti ölkələrdə və regionlarda yaşayanlara aid olur. Heyvandarlıqla məşğul olan insanlarda, heyvan saxlanılan yerlərdə ağcaqanadın fəsadlarına rast gəlmək olur. Çirkli su hövzələri və bataqlıq kənarlarında da ağcaqanad çox olur".

Mütəxəssisin dediyinə görə, ağcaqanad dişləmələrinin yaxşı tərəfi də var: "Ağcaqanad dişləməsi sonda zəhərlənmə ilə nəticələnmir. Çünki bu həşərat növünün zəhəri yoxdur. Onların toksini əqrəblər və digər həşəratlar kimi zəhərlənmə vermir. Amma bu dişləmələrə dəri reaksiyasız da qalmır. Uşaqların dərisi daha incə və həssas olduğuna görə onlar ağcaqanad dişləməsinə daha ciddi reaksiya verir".

Mağazalarda hansı ağcaqanad dərmanlarının daha çox satıldığını və insanların onun zərərli təsirləri barədə xəbərdar olub-olmadığını öyrənmək üçün bir neçə marketə baş çəkdik. Satıcılar indi daha çox elektrik şəbəkəsinə taxılan ağcaqanad əleyhinə olan dərmanların alındığını dedi: “Əvvəllər “pif-paf” adlanan və evdə yandırılan dərmanlar alınırdısa, indi toka taxılaraq istifadə edilənlər alınır. Çünki alıcılar yandırılanın iyinin çox pis olduğunu deyirlər. Elə bunların da iyi pisdir. Ancaq onu bir o qədər də hiss etmirik. Onlar da müxtəlifdir. Məsələn, Rusiya istehsalı olan və uşaqlar üçün tam zərərsiz olanı var ki, qiyməti 20 manatdır. Alınanlar daha çox 2-5 manat arasında olan “Raid”lərdir”.

Dərmanların qiyməti müxtəlifdir. 5 qəpikdən 20 manata qədər dəyişən ağcaqanad əleyhinə dərmanların bəziləri yandırılaraq, bəziləri isə elektrik şəbəkəsinə taxılaraq istifadə edilir. Ağcaqanada qarşı dərmanların hamısı kimyəvi tərkiblidir.

Həkim-dermatoloq Şövqi Zeynalov ağcaqanaddan necə qorunmağın yollarını da açıqlayıb: "Bunun üçün axşam saatlarında qapalı məkanlarda olmaq məsləhətdir. Bundan başqa, xüsusi avadanlıqlardan, yəni miçətkəndən, dəriyə spirt çəkilməsindən istifadə oluna bilər. Amma birmənalı olaraq ağcaqanada qarşı buxar və yaxud tüstü şəklində olan preparatlardan istifadə etmək ciddi fəsadlar yaradır. Bütün bunlar tənəffüs orqanları, ağciyər xəstəlikləri, ürək-damar xəstəliyindən əziyyət çəkənlərə zərərli təsir edir. Çünki bu zaman tənəffüs çətinləşir. Ona görə də bu üsulla ağcaqanaddan xilas olmaq ciddi problemlər yarada bilər".

Bəzən insanlar ağcaqanad dişlədikdən sonra həmin hissəni sıxaraq ağcaqanadın ifraz etdiyi maddəni çıxarmağa çalışırlar. Həmsöhbətimizsə bunu düzgün saymır. Ən yaxşısı qaşımamaq və zamanla sağalmasını gözləməkdir. Bunun üçün yatmazdan əvvəl dəriyə sodalı su çəkilməsini məsləhət görən həkim dermatoloq deyir ki, spirtlə suyun qarışığı da müsbət effekt verir.

Bundan başqa, vanilin, mixək, razyana, evkalipt, valerian və ardıcın efir yağlarının qoxusu da bizi ağcaqanaddan qoruya bilər.


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.