Sağlam yaşamaq istəyənlər evini belə dizayn etsin - TÖVSİYƏ

14 Eylül 2016
1 791
0
Sağlam yaşamaq istəyənlər evini belə dizayn etsin - TÖVSİYƏ
Sağlam və uzun ömürlü yaşamaq həyatdakı ən böyük prioritetimizdir. Daha doğrusu, belə olmalıdır. Amma təəssüf ki, bunun üçün doğru seçimlər etmirik. Bəzən şərtlər bizi başqa formada hərəkət etməyə məcbur edir, bəzən də əhəmiyyətsiz detallar bu prioritetin qarşısına keçir. Sağlam və uzun bir həyat üçün isə ilk addıma ən çox vaxt keçirdiyimiz yer olan evimizdən başlamalıyıq. Evi sağlam yaşamağın ön planda olduğu şəkildə dekor etmək başlanğıc üçün gözəl addım olar. Feat.Az sağlam yaşmaq üçün evi düzgün dekorasiya etmək qaydalarını təqdim edir.

Hava axını

Həyatda qalmaq üçün ən çox ehtiyacımız olan ünsür havadır. Daha doğrusu təmiz hava. Şəhərlərdə təəssüf ki, hava çirkliliyi kimi müxtəlif faktorlar havanın keyfiyyətini aşağı salır. Çox zaman isə evimizdəki hava keyfiyyətini özümüz aşağı salırıq. Evi hava axınını reallaşdıran formada dekorasiya etməsək və kifayət qədər havalandırmasaq, evin içindəki havanın keyfiyyəti getdikcə korlanar və nəhayət, yalnız həyatımıza yetəcək qədər minimuma enər. Özümüzü kiçik otaqlara həbs edib, qapıları bağlamağın mənası yoxdur. Geniş sahələr yaratmağa və onlardan istifadə etməyə çalışın. Hava keçid yollarının qarşısına şkaf, geniş ekranlı televizor kimi böyük əşyalar qoymayın.

Gün işığı

Gün işığının həyatımızdakı yeri və əhəmiyyəti hamımıza məlumdur. Ancaq əhəmiyyətini bilməyimizə baxmayaraq, hər zaman buna uyğun davranmırıq. Gün işığı yalnız D vitamini ehtiyacı üçün deyil, bədənin lazımlı hormonları sekresiyalaşdırmasından tutmuş, yuxu nizamına qədər bir çox həyati əhəmiyyətə malikdir. Buna görə xüsusilə qış aylarında gün işığının qarşısını qalın pərdələrlə kəsməyin. Pəncərə önünə televizor kimi əşyaları qətiyyən qoymayın. Həmin əşya günəşdən təsirlənəcək, hətta zərər görmə riski yaranacaq.

Çox əşyadan qaçın

Çox zaman dekorasiya dedikdə ağlımıza çoxlu mebel və aksessuarla dolu evlər gəlir. Halbuki dekorasiya nə qədər mebel və aksessuardırsa, bir o qədər də boşluqdur. Boşluqların evinizə müsbət töhfə verməsi bir yana, çox əşya bir müddət sonra ən böyük toz qaynağına çevrilir və davamlı şəkildə təmizlənmədikdə evin içində daimi bir çirk qaynağı yaranır. Toz allergiyası olan insanlar üçün təhlükəli olmaqla yanaşı, adi insanlar üçün də həyat keyfiyyətini aşağı salan xüsusiyyətə malikdir. Bu baxımdan ehtiyacınız olmayan heç bir əşyanı evinizdə saxlamayın. Görəcəksiniz, evdəki boşluqlar sizə daha yaxşı təsir edəcək.

Yataq otağında sadəlik

Həyatımızın 1/3-ni yataq otağında keçiririk. Əslində bu, çox ciddi zamandır. 90 il yaşasaq, 30 ili yataq otağında keçirmiş oluruq. Yataq otağını mümkün qədər sadə dekorasiya etməliyik. Gün işığı, yumşaq rənglər sağlam yuxu və gümrah oyanmaq üçün vacibdir. Yataq otağını maksimum şəkildə havalandırmaq lazımdır.

Mebel seçimi

Təəssüf ki, müasir dövrdə erqonomika sahəsinə olan maraq kifayət qədər deyil. Nə ev, nə də mebel dizaynında kifayət qədər nəzərə alınmır. Halbuki sağlamlığımız, xüsusilə də sümük və əzələ sistemi üçün erqonomika son dərəcə əhəmiyyətlidir. Mebel seçərkən rənginə, modelinə, dəbə uyğun olub-olmadığına fikir verdiyimiz qədər, erqonomik xüsusiyyətlərinə də diqqət etməliyik. İlk mərhələdə həyatınızda bir fərq yaratmasa da, bir müddət sonra nə qədər doğru bir seçim etdiyinizi daha çox anlayacaqsınız.
lent.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.