Evdə yolka qurmaq neçəyə başa gələcək?
Metro çıxışlarında qurulan Yeni il yarmarkaları artıq fəaliyyətə başlayıb. Bu yarmarkanın içərisinə daxil olduqda sanki rəngli bir dünyanın içinə girmiş olursunuz. Rəngli yolka oyuncaqları, Şaxta Baba və Qar qız geyimləri, fiqurları, müxtəlif mahnılar çalan Santa-Klauslar, rəngarəng işıqlar, 2018-ci ilin atributu olan itlər, çıl-çıraqlar, bəzək əşyaları, müxtəlif ölçüdə yolkalar və daha nələr-nələr... Bu yarmarkalarda Yeni ilə aid axtardığınız hər şeyi tapa bilərsiniz. Bəzi yarmarkalar hələ tam açılmasa da, bəziləri artıq tamamlanıb. Alıcılar da kifayət qədərdir. Kimiləri qiymətlərlə maraqlanır, kimisi alır, kimisi isə qiymətlərdən narazı qalıb heç nə almadan çıxır. Ancaq satıcıların bəziləri qiymətlərdə endirimlər edirlər. Satıcılar qiymətlərin mağazalara nisbətən daha ucuz olduğunu deyirlər.
Satıcı Əjdər Məmmədov deyir ki, qiymətlər indi necədirsə, Yeni ilə bir neçə gün qalmış da elə olacaq: “Bura bizə dövlət tərəfindən yaradılıb. Yəni yer pulu vermirik. Ona görə də bizə 10-20 qəpik nə qalsa da qənimətdir. Ucuz satırıq ki, alan olsun. Alıcılar hələ o qədər də çox olmasa da, gün keçdikcə, bayrama yaxın artacaq. Daha çox yolka, müxtəlif oyuncaqlar satılır”.
Alıcılar da qiymətlərdə razı idi. Onlar şəhərdə mağazalara nisbətən burada daha ucuz olduğunu deyirlər. Alıcı Zərifə İbrahimova deyir ki, burada çeşid bolluğu və rəqabət olduğu üçün daha ucuzdur: “Nəvəmə bir neçə yolka oyuncağı və bir də oyuncaq it aldım. Axı bu il it ilidir. Mən bu iti şəhərdə mağazada 9 manata görmüşdüm. Amma buradan 6 manata aldım. Hətta yol kənarında düzülən yolkalardan belə ucuzdur”.
Yeni il yarmarkalarında və mağazalarda apardığımız müşahidələr göstərdi ki, yarmarkalarla mağazalarda satılan Yeni il atributları, yolkalar arasında ciddi qiymət fərqi var. Məsələn, eyni ölçüdə olan yolka “Həzi Aslanov” metrosu yaxınlığındakı mağazada 100 manata, “Neftçilər” metrosu yaxınlığındakı mağazada 140 manata, yarmarkada isə 70 manata satılır. Ümumilikdə isə yolkaların qiyməti onun ölçüsündən, materialından asılı olaraq ən ucuzu 15 manat, ən bahalısı isə 300 manatdır. Məsələn, 60-70 sm yolkalar 15-20 manata, 1 metrlik 48-60 manat arası, 1 metr yarımlıq 100-130 manat arası, 2 metr 20 sm yolkalar isə 150-300 manat arasında satılır. Digərlərindən fərqlənən qeyri adi bir neçə rəngdə olan yolkalar isə nisbətən bahadır. Onların balacaları 55 manatdan başlayır. Təbii ki, hazır qurulmuş və olduqca böyük yolkalar da var ki, onların qiyməti 2000 manatdan başlayır. Təbii şam ağacı və küknar ağacının satıldığı və bunu sifarişlə gətirə biləcəklərini deyən satıcılar bunun digər süni yolkalardan baha olduğunu bildirdilər. Açıqda satmamalarının səbəbi isə buna-yəni şam və küknar ağaclarının kəsilməsinə icazənin olmaması ilə əlaqələndirdilər. Yolka oyuncaqlarına gəlincə isə onların şüşədən və ya plastmasdan olmasına görə qiyməti 50 qəpikdən başlayır 6 manatadək dəyişirdi.
Yolka və oyuncaqlarının haradan gətirildiyinə gəlincə satıcılar bunların Çin və Dubaydan gətirildiyini dedilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yolka və digər Yeni il atributlarını alarkən alıcıları diqqətli olmağa çağırdı: “Azad bazar iqtisadiyyatı olduğu üçün Yeni il atributlarını kim haradan istəsə gətirir. Yolkaların qiyməti 40 manatdan 300 manatadək dəyişir. Gətirilən yolka üçün oyuncaqların təhlükəsizliyi təmin olunmur. Baxmayaraq ki, bu oyuncaqlar Nazirlər Kabinetinin 343 saylı qərarına görə təhlükəsizliyi təmin olunan mallar siyahısındadır. Yəni onlar əmtəə bazarına daxil olmazdan öncə ekspertiza edilməli, yoxlanılmalı və sonra buraxılmalıdır. Biz görürük ki, Yeni il oyuncaqları pis qoxu, rəng verir. Bunlar hamısı təhlükəli oyuncaqlardır. Bir neçə il öncə şəhərin mərkəzində 31 dekabrda keyfiyyətsiz yolka və naqillərdən evin yandığını görmüşəm. Yəni tez alışan naqillər gərginliyə tab gətirə bilmir və yaxud da 110 volt üçün hesablanmış naqillər 220-i gərginliyə taxırlar ki, bir anda yolka alışır. Yolkada tez alışan material olduğu üçün oda tez alışır, hələ bu azmış kimi onun dibinə pambıq da qoyurlar ki, tez alışsın. Bir sözlə, istehlakçılar bilməlidir ki, naqilə taxılmış yolkanı bir an belə nəzarətsiz qoymaq olmaz. Yolkalar və oyuncaqları haradan gəldi gətirilir, əsasən Çindən gətirilir və qeyd etdiyim kimi təhlükəsizlik gözlənilmir”.
Qeyd edək ki, hər il olduğu kimi bu ildə Bakının mərkəzində Nizami küçəsində (“Torqovı”) və dənizkənarı bulvarda da böyük şam ağacı qurulacaq. Bu il bayramda da yolda Yeni il atributları sayılan Şaxta Baba və Qar qızlara rast gələcəksiniz. Bunun üçün artıq qeydiyyat da başlayıb. Bakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.
Bu barədə “Trend”ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: “Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.
Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.