Meksikada nəhəng sualtı muzey: MUSA
Karib dənizinə uzanan sahilləriylə Meksikanın ən canlı bölgələrindən olan Cancun’da dünyanın ən böyük sualtı heykəl muzeylərindən biri olan MUSA yerləşir. Dənizin 4-8 metr arasında dəyişən dərinliklərində yerləşdirilən təxminən 450 həqiqi ölçülü insan fiqurları, eyni zamanda muzeyin qurucusu olan ingilis fotoqraf və heykəltaraş Jason deCaires Taylor‘un əl işidir. O deyir: “Dalğıclıq üzrə dərslər verdiyimdə, mərcan qayalıqların necə məhv edildiyinin şahidi olurdum. Məhz bu da məni süni rif olaraq xidmət edə biləcək sənət əsəri yaratmaq fikrinə saldı.”
Taylor heykəllərin sualtı həyatın təbii parçası ola bilməsi üçün PH dəyəri neytral olan dözümlü sementdən istifadə edib. Bunun sayəsində mərcanlar və müxtəlif dəniz canlıları heykəllərin üzərində yuva salıb, onları evləri edir, digər tərəfdən də görünüşlərini zaman içində qeyri-adi şəkillərdə dəyişdirə bilir. Yəni bu muzey həm təbiətə, həm də incəsənətə xidmət edir.
“Buradakı “insanlar” təbii yaşayış mühiti yaradacaq. Belə bir gözəlliyi mənim öz əllərimlə yaratmağım mümkün deyildi, bunu yalnız təbiət yarada bilər.”
Cancun Dəniz Parkında yerləşən muzey eyni anda bir neçə turistik strategiyaya xidmət edir. Olduqca maraqlı yer olmasından əlavə, muzeyin bu parka daxil edilmə səbəblərindən biri də ildə təqribən bir milyon turist qəbul edən parkdakı sıxlığın müxtəlif bölgələrə paylanma ehtiyacıdır. Beləliklə, bütün turistlərin axın etdiyi, qasırğaların zəiflətdiyi təbii mərcan qayalarının bir az da olsun dincələ biləcəklərinə ümid edirlər. Təxminən 300.000 dollarlıq başlanğıc büdcəsinin böyük bir qismi Meksika hökuməti tərəfindən qarşılanmaqla bərabər, bölgənin inkişafını istəyən şəxs və təşkilatlar da ianələriylə layihəyə dəstək verib.
Jason decaires Teylor MUSA layihəsinə başlamamışdan əvvəl, Grenadada açdığı sərgiylə səsini eşitdirdi. Bu sərgidə yer alan Vicissitudes adlı işi altı ayda tamamlanan və ümumi çəkisi on beş tona çatan 26 uşaq heykəlindən ibarətdir. Taylor fiqurları əvvəl tək-tək dənizin dibinə endirmiş və birləşdirə bilmək üçün bir həftə ərzində dənizin altında işləmişdi.
pahoo.az