Yaşıl körpülər: vəhşi təbiət keçidləri
Mədəniləşmə və şəhərləşmə prosesi əsnasında yaşıllıqları heç bir məsuliyyət hiss etmədən məhv edirik. İnsan özünü təbiətdən üstün tutduğu üçün özündən başqa digər canlıları fikirləşmir. Halbuki, ekoloji həllər taparaq, təbiətə vurduğumuz zərəri minimuma endirə bilərik. Belə həllərdən biri də ekoloji körpülərdir.
Ekoloji körpü və ya ekosistem körpüsü insanın yaratdığı körpülərin heyvanların etibarlı keçə biləcəyi formada inşa etməsidir. Yollar, dəmir yolları, elektrik xətləri, boru xətləri vəhşi təbiətə müdaxilə edərək, canlıların parçalanmasına səbəb olur. Bu ərazilərdə yaşayan heyvanlar risk altına girir və eyni zamanda da yol qəzalarına səbəb olur. Ekoloji körpülər həm vəhşi heyvanların, həm də yolda gedən insanların həyatı üçün olduqca əhəmiyyətlidir. Bu körpülər vəhşi təbiət keçidlərinin (Wildlife crossing) bir parçasıdır. Vəhşi təbiət keçidləri alt keçidlər, üst keçidlər, tunel, balıq tuneli, kanallar (kiçik məməməlilər, porsuq və digər), yaşıl damlar (quş və kəpənəklər üçün) və sair tipli keçid yollarını özündə birləşdirir. Bütün bu keçidlərin də yeganə məqsədi var – canlılara həyatlarını davam etdirmək üçün etibarlı şərtlər yaratmaq.
İlk vəhşi təbiət keçidləri 1950-ci illərdə Fransada inşa edilib. Hollandiya, İsveçrə, Almaniya və Fransa kimi Avropa ölkələri artıq bir neçə ildir ki, vəhşi təbiətlə yollar arasındakı ziddiyyəti azaltmaq üçün müxtəlif keçidlərdən istifadə edir. Ən uzun ekokeçid 800 m uzununluğunda Hollandiyada yerləşir.
Amerikada isə vəziyyət bir az fərqlidir. Avropanın əksinə olaraq, burada keçidlərin sayı olduqca azdır. LakinDiscovery.com xəbər verir ki, bu yaxınlarda Washington’da Snoqualmie keçidi yaxınlığında ilk vəhşi təbiət körpüsü inşa ediləcək. Bu körpülərin inşasını müdafiə edən I-90 Təbii Yaşayış Körpü Koalisiyası’nın hesablamalarına görə, bu əsas yoldan hər gün 28 min nəqliyyat vasitəsi keçir. Belə sıx trafik heyvanların yoldan keçməsini olduca çətinləşdirir və təbiətə bununla böyük ziyan vermiş olur. Koalisiyanın koordinatoru Jen Watkins bu vəziyyəti belə izah edir: “Onların yolu keçməsini əngəllədiyimizdə, qida tapmaqlarına, mümkün yanğın hallarında məkan dəyişdirmək imkanlarını da əngəlləmiş oluruq.”
Hər birimiz təbiətin bir parçası olduğumuzu unutmamalı və canlılar arasında ayrıseçkiliyə son qoymalıyıq. Təbiətə hörmətlə!