Hər kəs sevgisi qədərdir

06 Haziran 2015
1 635
0
Hər kəs sevgisi qədərdir
Hər kəs sevgisi qədərdir
Sevmək sevdiyinə təslim olmaqdır, sevdiyində ərimək, sevdiyində yox olmaqdır, özündən imtina etməkdir, başqalaşmaqdır, sevdiyinin istədiyi şəklə, qəlibə girməkdir. Nağıllarda buta verilər, badə içirilər aşiqlərə. Badə içənin köksü od qapıb atəşlənər, dünya dadını, rahatlığını itirər. Sevmək yerindən-yurdundan olmaqdır, sevgi qəlbin hicrətidir, hər şeydən qurtulub sevdiyinə yüksəlməsidir. Sevmək eşq badəsini başına çəkib, hər kəsin gözündə başqalaşmaqdır, hələ üstəlik, çoxluq hara getdiyini bilmirsə, sevgi badəsi sərxoşluqdur pərdəli gözlərdə:
Hər kəs sevgisi qədərdir
Sofular haram demişlər bu eşqin badəsinə,


Mən doldurub, mən içərəm, günah mənim, kimə nə?
Hər kəs sevgisi qədərdir
Şərqdə hər böyük alimin bir şair bənzəri var. Toplumun gözündə fərqli görünmək, adamların qəzəbini üstünə çəkməkdə alim Muhiddin Ərəbi ilə şair İmadəddin Nəsimi ruh qardaşlarıydılar sanki. Bu iki misra Nəsiminin öz mühitinə üsyanıydı. Neyləyəsən axı, hamının dəli olduğu yerdə ağıllı olmaq özü dəlilikdir. Sən gördüyün kimi tanıyırsan, tanıdığın kimi sevirsən, deyirlər olmaz. Niyə?- Heç özləri də bilmirlər, sadəcə, belə deyirlər, vəssalam. Dəli dedilər Ərəbiyə, qovdular məclislərdən. O da gedib bir təpəyə çıxdı, ayağı ilə yeri döyüb dedi ki, sizin tapındığınız mənim ayağımın altındadır. Bir belə, iki belə, axırda o qədər vurdular ki, üz-gözünün qanı qurumamış ruhu tən qəfəsindən uçub getdi. Öncə əlləri işlədi, ağıl deyilən o nemətin bərəkətindən faydalanmadılar, niyə belə deyir, niyə hər dəfə eyni yerə çıxıb ayağını yerə döyür, niyə bizim kimi olmur və olmaq da istəmir?.. Düşünmədilər ki, düşünə bilmədilər ki... Ruhsuz təni bir peyinlikdə basdırdılar və rahat nəfəs aldılar. Vəssalam, elə bildilər ki, daha qurtardılar. Bəlkə də qurtardılar, amma müvəqqəti, ölüm adlı o keçid məntəqəsinə qədər.
Hər kəs sevgisi qədərdir
Yüz illər keçdi aradan və Şamı alan Sultan Səlim o böyük alimin peyinlikdəki məzarını açdı, hələ qanı qurumamış, xoşbəxtlik nurunun əks olunduğu o nurlu çöhrəni göstərdi hər kəsə. Ayağını döydüyü yeri qazdılar, buyurun, bu da sizin qızıl-gümüş sevginiz.

Sevgi var nəfsin istəyidir, sevgi var ruhun istəyi. Hər sevginin də öz iqlimi, öz ünvanı. Hərəsi bir yerə aparır. Amma yol işarələrində hər şey aydın görünür. Nəfsin istəyi keçmişə, yəni dünyaya, ruhun istəyi isə irəliyə, yəni gedəcəyin yerə çağırır.
Hər kəs sevgisi qədərdir
"Hamı necə, sən də elə" qılıncı asılmışdı Ərəbinin də, Nəsiminin də başının üstündən. Hamı kimi olmaq istəməyənin səsi də, sözü də başqa cür əks-səda verirdi insanların qulaqlarında. Toplum fərqli səsdən narahat olanda çarə axtarır, həm də ən qaba, ən haqsız yollarla.

Qoca Mövlana deyir ki, sevmək şəkərin suda əridiyi kimi əriyib yox olmaq, özündən keçmək, görünməz olmaqdır. Sevdiyinə qovuşmaq da elə budur. Özündə özündən heç nə saxlamırsan, özünü saxlamırsan, özündən imtina edirsən. Bir söz var, deyilir ki, Allahla sənin aranda bircə maneə var, o maneə sənin özünsən, onu aşa bilsən, Haqqa qovuşmağın dadını ruhunda yaşayarsan.
Hər kəs sevgisi qədərdir
Füzuli də deyir ki, "Canı canan diləyib", sonra da deyir ki, "canı verməmək olmaz, çünki o, əmanətdir, nə sənindir, nə də mənim", daha sonra da deyir ki, "Biz bu can əmanətini verək, əgər canan qəbul edərsə, canımıza minnət". Can bizə Cananın əmanətidir. Canı Onun uğrunda vermək ən böyük ticarətdir. Allahın verdiyini yenə Onun özünə sata bilmək bu dünya bazarının ən böyük qazancıdır.

Bir döyüşdən qayıdarkən Rəsulullah "Kiçik cihaddan böyük cihada dönürük"-buyurur. Səhabələr təəccüb edirlər: "Hansı böyük cihad?" Rəsulullahın cavabı bəşəriyyətin bütün zaman və məkan ölçülərinə şamil ediləcək və hər kəsi heyrətləndirəcək qədər möhtəşəmdi: Ən böyük cihad nəfsi ilə müharibədir." Həm də elə bir müharibə, elə bir mübarizə ki, ölüncəyə qədər bitməz. Durduğun, arxayın olduğun an fəlakətin başlanğıcıdır. Bitib-tükənməyən bir savaş, doğumla başlayıb ölümlə tamamlanan bir mücadilə... Molla Pənah Vaqif bu dünya sevgisini "cifə"adlandırır, yəni iylənmiş, xarab olmuş, murdar ət:

Xah sultan, xah dərvişü gəda bilittifaq,

Özlərin qılmış girifdari-qəmü dərdü fəraq.

Cifeyi-dünyayadır hər ehtiyacü iştiyaq,

Munca kim etdim təmaşa, sözlərə asdım qulaq

Kizbü böhtandan savayı bir hekayət görmədim


Bu da Molla Pənahın üsyanı idi öz müasirinə. Nəsimi də gileyliydi, Füzuli də, Vaqif də, sonradan gələnlər də...
Hər kəs sevgisi qədərdir
Allah-Təala bizi şahid olmağa çağırır. Şəhid olmaq üçün öncə şahid olmaq gərək. Şahid olmadan şəhid olmaq olmaz. Şəhidlik təkcə döyüş meydanında öldürülmək deyil, Allah yolunda atılmış hər addımda şəhidlik var. Gözlərinlə şahid olmaq, qulaqlarınla, əllərinlə, ayaqlarınla, dilinlə şahid olmaq, bütün varlığınla ruhunla hüceyrələrinlə, istisnasız olaraq şahid olmaq- bunu istəyir Rəbbimiz bəndələrindən. Onun Təkliyinə, şəriyi, bənzəri olmadığına, hər şeyi bildiyinə, gördüyünə, eşitdiyinə, hər şeyin sahibi olduğuna, hər şeyə gücü yetdiyinə, istədiyinə istədiyi kimi davrana bildiyinə, ən ədalətli, ən mərhəmətli olduğuna şahid olmamızı istəyir. İnsan layiq olduğu kimi şahid ola bilərsə, Allah-Təala onun görən gözü olar və o Allahın istəmədiyi səmtə baxmaz; o dil Allah rizasına uyğun olmayan bir söz söyləməz; o əl ancaq xeyrə uzanar...

Əslində hər sevgi yoldur gedənə. Hər kəs də bir yolun yolçusu, bir ünvanın aşiqi. Hər kəsin yolu onun niyyətində başlar, niyyətində bitər. Ona görə də niyyətlər əməllərdən öndə gəlir. Əslinə qalanda hər kəsin yolu da, boyu da elə niyyəti qədərdir. Niyyət sevginin yoludur, varmaq istədiyin son ünvandır.

Kimi Allahı sevər, kimi dünyanı, kimi keçmişə baxar, kimi gələcəyə, kimi faniyə bağlanar, kimi Əzəli və Əbədi olana. Amma bir həqiqət də var ki, hər kəs gec-tez öz sevdikləri ilə birlikdə olacaq. Nə böyük və böyük olduğu qədər də xoş bir müjdə, xoş bir həqiqət: "Hər kəs öz sevdikləri ilə birlikdə olacaq". Amma varmi qəlbimizdə o cənnət toxumu, o İlahi sevgi? Sevmək təslim olmaqdırsa, nə qədər təslim ola bilmişik İlahi əmrlərə? Həyatımızı o istiqamətdə qura, o rəngə boyana bilmişikmi? Quru-quru "sevirəm" deməklə kimi aldadırıq axı? Allahı və Rəsulunu sevə bilmək Allahın bizlərə çox böyük bir lütfüdür. Amma lütfə layiq ola bilmək üçün də bizim görə biləcəyimiz işlər var. Əlindəki tək loğmanı paylaşa bilirsənmi? Gecənin qaranlığında isti yatağından qalxıb dua edə-edə "Məni sevgindən məhrun eləmə!"- deyib yalvara bilirsənmi? ; "Könlümü dünyadan ayır, özündən başqasının məskəni eləmə!"- deyib o təmənnada buluna bilrsənmi? İstəyə bilməyi bacarsaq, doğru istəyimizdə israr göstərə bilsək, O əsirgəməz. Çünki O : "İstəyin, bərəkətimi artırın; istəyin, dərdlərinizə çarə edim; siz istəyin, mən də verim"- buyurur.
Hər kəs sevgisi qədərdir
Hər kəsin dəyəri duasında olduğu kimi, aqibəti də sevgisində boy atıb böyüyür
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.