İki Qardaşın imtahan Hekayəsi

İki Qardaşın imtahan Hekayəsi
İki Qardaşın imtahan Hekayəsi


İmtahanda yüksək bal toplasalar da, kasıbçılıq ucbatından Bakıdakı universitetlərdə oxumaqdan imtina etdilər



2014/2015-cü tədris ili üçün ali məktəblərə qəbul kampaniyasının ixtisas seçimi mərhələsində nadir hadisə qeydə alınıb. Belə ki, Gəncə şəhərində məcburi köçkün həyatı yaşayan Bəyanət və Rövşən Hüseynov qardaşları qəbul imtahanlarında yüksək bal toplamalarına rəğmən ixtisas seçimi zamanı Bakıda deyil, elə yaşadıqları Gəncə şəhərindəki universitetlərin ixtisaslarını yazıb. Belə ki, imkansız ailədə böyüyən Bəyanət və Rövşən Hüseynov qardaşları gündəlik maliyyə məsrəflərini, kirayə xərclərini göz önünə alaraq Bakıdakı universitetlərdə oxumaqdan imtina ediblər. Bu fakt Azərbaycanda test üsulunun tətbiq olunduğu 22 ildə nadir rast gəlinən hadisədir.



Hadisənin bir özəlliyi də ondadır ki, qardaşlardan biri digərindən böyük olsa da, hər ikisi orta məktəbdə eyni sinifdə oxuyublar. Bəyanət Rövşəndən bir yaş böyük olsa da, valideynləri onu məktəbə bir il gec qoyub. Bununla da hər iki qardaş eyni vaxta birinci sinfə gedib, orta məktəbi də eyni vaxtda bitiriblər. Tale ali təhsilə gedən yolda da qardaşları bir-birindən ayırmayıb. Belə ki, onlar məktəbdən sonrakı əlavə hazırlıqlara da birgə gedərək eyni müəllimlərdən dərs alıblar. Yekunda isə 1997-ci il təvəllüdlü Bəyanət Hüseynov 586 balla Gəncə Dövlət Universitetinin “Tarix”, 1998-ci il təvəllüdlü Rövşən isə 480 balla Aqrar Universitetin “Mühasibat uçotu və audit” ixtisasına daxil olublar. Halbuki hər iki abituriyentin topladıqları bal Bakıdakı istənilən ali məktəbin ixtisaslarını seçməyə imkan verirdi. Ancaq ailə vəziyyəti, dolanışıq problemi, Bakıda tələbə yataqxanalarının olmaması səbəbindən qardaşlar ali təhsili də elə yaşadıqları Gəncə şəhərində almaq qərarına gəliblər. İndi onları bir-birindən ayıran yeganə cəhət ali təhsillərini fərqli ixtisaslarda davam etdirmələri olacaq. Ancaq hər ikisi elə daxil olduqları ixtisaslarda magistratura pilləsində təhsillərini davam etdirməyi düşünür.



Lent.az-ın əməkdaşı Gəncədəki məcburi köçkün şəhərciyində məskunlaşmış Hüseynovlar ailəsinə baş çəkərək qəbul imtahanlarında yüksək nəticə göstərmiş qardaşların bu seçiminin səbəblərini öyrənməyə çalışıb. Bəri başdan deyək ki, hər iki qardaş Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 9 saylı orta məktəbi bitirib. Amma onlar özləri də etiraf edirlər ki, VIII-IX sinfə qədər heç də yüksək hazırlıqlı olmayıblar. Hətta fərdi hazırlıq kurslarında ingilis dilini tədris edən Fazilə müəllimə bu uşaqların orta məktəbdə sanki dərs keçmədiyini söyləyirmiş. Ancaq qardaşlar IX sinfi bitirdikdən sonra yaxşı təhsil alıb ali məktəbə qəbul olmağı qarşılarına məqsəd qoyublar. Elə bu məqsədlə də Bəyanət IX, Rövşən isə X sinifdə oxuyarkən fərdi müəllim yanında hazırlıqlara başlayıblar. Elə həmin andan da qardaşlar dərslərə mümkün qədər ciddi və məsuliyyətlə yanaşmağı qarşılarına məqsəd qoyublar. Əsas nəticə isə o olmalıdır ki, onsuz da kasıb dolanan ailəni mümkün qədər əlavə xərclərə, maddi sıxıntıya düçar etməsinlər. Bəyanət tarix, Azərbaycan dili, ədəbiyyat, ingilis dili və riyaziyyat, Rövşən isə Azərbaycan dili, tarix, coğrafiya, riyaziyyat və ingilis dili fənləri üzrə fərdi hazırlığa gedib.



Günəmuzd fəhlə işləyən atanın 9 manatlıq maaşı




Bəyanət və Rövşən qardaşlarının valideynləri hələ Kəlbəcər rayonu işğal olunduqdan sonra bir müddət Qaxda məskunlaşıblar. Ata Mehman Hüseynov deyir ki, işsizlik problemi ucbatından Qaxda yaşamaq mümkün olmadığından bir neçə ildən sonra Bərdədəki yaxın qohumlarının yanına köçüb. Ancaq Mehman Hüseynov burada iş tapa bilmədiyindən Gəncəyə köçüb və düz 10 il müddətində ayaqqabı sexində çalışıb. Bir qədər sonra isə Gəncədəki restoranlardan birində təmir-tikinti işlərində fəhlə işləməyə başlayıb və indiyədək həmin restoranda günəmuzd fəhləliklə məşğuldur. İşlədiyi hər günə isə restoran sahibindən 9 manat əməkhaqqı alır: “Aldığım əməkhaqqının bir hissəsini xəstə yoldaşımın müalicəsinə, bir hissəsini də uşaqların hazırlığına xərcləyirdim. Bəyanət IX sinifdən fərdi müəllim yanına hazırlığa getdi. Elə əvvəldən deyirdi ki, tarixçi olmaq istəyirəm. Apardım tarix müəlliminin yanına. Müəllim əvvəlcə dedi ki, III qrup çətindir, qoy II qrup üzrə hazırlaşsın. Amma uşaq özü israr etdi ki, III qrup istəyirəm. Müəllim də gördü ki, uşağın meyli “Tarix” ixtisasınadır, dedi, qoyun hansı qrupa istəyirsə, hazırlaşsın. Sonradan uşaq o qədər yaxşı oxudu ki, həmin müəllim heç Bəyanətdən pul da almadı. Bundan bir il sonra Rövşəni də həmin tarix müəlliminin yanına hazırlığa göndərdik. Elə Azərbaycan dilindən də həmin müəllim hazırlaşdırdı. Amma nə Bəyanətdən, nə də Rövşəndən haqq almırdı, görürdü ki, bir az kasıbıq, deyirdi ki, “mən bu iki qardaşdan heç bir təmənna ummuram, onların oxuyub ali məktəbə daxil olması mənim üçün bəsdir. Coğrafiya müəllimi də Rövşəndən pul almırdı”.



Beləliklə, Bəyanət və Rövşən ali məktəblərə hazırlıq üçün fərdi kurslarda oxuduqları müddətdə yalnız riyaziyyat və ingilis dili müəlliminə haqq ödəyiblər. Lakin həmin fənlərin müəllimləri də qardaşların hər birinə hər ay 10 manat güzəştə gedib. Belə ki, başqa abituriyentlər hər iki fənn üzrə ayrı-ayrılıqda 40 manat ödəyiblərsə, Bəyanət və Rövşən qardaşları 30 manat (ikisi birlikdə 60 manat – E.S.) ödəyiblər. Tarix və Azərbaycan dili hazırlıqlarını isə əvvəldən sonadək pulsuz oxuyublar.



Ana: “Uşaqlar böyüdükcə problemlər də böyüyürdü”



Yeri gəlmişkən, abituriyentlərin əksəriyyətinə örnək sayla biləcək Hüseynovlar qardaşlarının ali məktəbə hazırlaşmaq üçün mənzil-məişət şəraiti də məhdud olub. Belə ki, valideynləri məcburi köçkün olduğundan Hüseynovlar ailəsi düz 20 il Gəncə Dövlət Pedaqoji Universitetinin tələbə yataqxanasında darısqal bir otaqda yaşayıblar. Bu darısqal otaq Hüseynovların həm mətbəxi, həm yemək, həm yataq, həm də qonaq otağı funksiyasını daşıyıb. Amma bu darısqal otaq iki oğul övladı böyüdən Sevil ana üçün o qədər də böyük çətinliklər yaratmayıb: “Ətrafımız, yaxın qohum-övladlar da hamısı bizim kimi yataqxana şəraitində yaşayıb. Ona görə də belə şəraitsizliyə bir növ alışmışdıq. Amma uşaqlar böyüdükcə problemlər də böyüyürdü”.



İş elə gətirib ki, hətta qardaşlar dərslərini əsasən yataqxananın 3-cü mərtəbəsində yerləşən otağın eyvanında və ya ümumi istifadədə olan “su otağı”nda hazırlamaq məcburiyyətində qalıblar. Atası Mehman böyük oğlu Bəyanətin dərslərə hazırlaşarkən eyvandan yıxıldığını da xatırladır: “Yaxın qohumlarımızdan biri bizə qonaq gəlmişdi. Onunla çay içə-içə nərd oynayırdıq. Bəyanət isə “balkon”da dərslərinə hazırlaşırdı. Bir də gördük ki, sanki yerə asfalt-beton qırıqları töküldü. Tez qalxıb “balkon”dan bayıra baxdıq. Gördük ki, Bəyanət dərs oxuduğu yerdə balkondan yıxılıb. Qonşular yığışıb uşağı bir göz qırpımında 3 saylı Gəncə Şəhər Xəstəxanaya necə çatdırdılarsa... Şükür Allaha, ciddi xəsarət almamışdı. Sözüm ondadır ki, bu uşaqlar körpəlikdən çox çətinliklər görüblər. Amma sağ olsunlar, bir valideyn kimi, hər ikisinin təlim-tərbiyəsindən, təhsillərindən çox razıyam. Uşaqlar görürəm ki, valideynlərinə qədər əziyyət verirlər. Amma mən öz uşaqlarımdan heç bir əziyyət görməmişəm, aza da qane olublar, çoxa da”.



Mehman Hüseynov övladlarının seçimini anlayışla qarşılayır. Lakin o, valideyn kimi oğlanlarına məsləhət görüb ki, ixtisas seçimi zamanı Bakıdakı universitetləri seçə bilərlər: “Mən onlara dedim ki, nə qədər kasıb olsam da, Bakıda oxuyacağınız 4 il ərzində pulsuzluqdan əziyyət çəkməyinizə imkan verməyəcəyəm. Ancaq hər ikisi dedi ki, Bakıda evlərin kirayə xərcləri bahadır, tələbə yataqxanaları yoxdur, üstəlik yemək-içmək, geyim, nəqliyyat xərcləri... Bunlar hamısı bizim ailəmiz üçün az pul deyil. Yəni uşaqların hər ikisi Gəncəni öz istəkləri ilə seçdilər. Amma yenə deyirəm, mən razı deyildim, deyirdim ki, gedin Bakıda oxuyun”.



Sevil xanım yenidən söhbətə qatılır: “Təhsil baxımından bunun nə fərqi var ki, Bakıda oxudular, ya Gəncədə. Yeganə fərq odur ki, paytaxt olaraq Bakı mühitində yaşamaq uşağın dünyagörüşünün formalaşmasına daha çox təsir edə bilir. Sadəcə indi çoxları təəccüb edir ki, iki qardaşın biri imtahanda 500-ə, o birisi 600-ə yaxın bal topladığı halda niyə Bakıdakı universitetləri seçmir, qalıb Gəncədə oxuyur. Qonşular da deyirlər ki, o boyda bal toplayan uşaq niyə gedib Bakıda oxumaq istəmir? Amma Bəyanət də, Rövşən də deyir ki, atasının fəhləliklə qazandığı pulla Bakıda kirayə tutub orada oxumaqdansa, elə Gəncədə öz evimdə qalıb eyni ixtisasda oxuyaram, kirayəyə verdiyim pulu da kitablara, digər ehtiyaclara xərcləyərəm”



“Bakıda oxumaq istəyərdik, amma...”




Qardaşlar isə Gəncəni seçmələrini təkcə sosial sıxıntılarla yox, həm də yüksək təhsil almaq istəmələri ilə əlaqələndirirlər. Rövşən Hüseynovun fikrincə, yeganə məqsəd yüksək təhsil almaqdırsa, eyni ixtisas üzrə Bakı və ya Gəncədəki universiteti seçməyin fərqi yoxdur: “Keçirilən dərslər də, semestr imtahanları da, hətta diplom da eynidir. Lakin Gəncə ilə müqayisədə paytaxt bahalı şəhərdir, gündəlik xərclər çoxdur – buna görə Bakıdan imtina etdik. Düşündük ki, valideynlərimiz gündəlik xərclərimizi, zəruri ehtiyaclarımız ödəyə bilməz, məcburiyyət qarşısında qalıb universiteti yarımçıq tərk edərik. Ona görə də Gəncəni seçdik ki, burada ailəmizin yanında oxumağımız daha yaxşı olar”.



Bəyanət Hüseynov isə deyir ki, indiki zamanda kasıb və maliyyə sıxıntıları içərisində yaşayan ailədə böyümək, yaxşı təhsil almaq, yüksək bal toplayıb ali məktəbə daxil olmaq çox çətin, hətta bəzən mümkünsüz olsa da, xeyirxah insanların sayəsində vəziyyətdən çıxmaq olur: “Mən hazırlığa gedəndə müəllimlərdən biri kasıb olduğumuzu, atamın fəhləliklə qazandığı cüzi əməkhaqqı ilə çətinliklə dolandığımızı bilirdi. Ona görə də məndən pul almırdı. Düzünü deyim ki, mən bundan utanırdım, çox sıxılırdım. Amma bir il sonra qardaşım da həmin müəllimin yanına hazırlığa gəldi, müəllim onu da pulsuz hazırlaşdırırdı. Müəllimin bu dəstəyi bizi daha da həvəsləndirirdi, iki qardaş bir-birimizə kömək edib çətinliklərin öhdəsindən gəldik”.

İki Qardaşın imtahan Hekayəsi

İki Qardaşın imtahan Hekayəsi

İki Qardaşın imtahan Hekayəsi

İki Qardaşın imtahan Hekayəsi

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.