Hərbi informasiyalar insanlara necə verilməlidir?-Sorğu

25 Mayıs 2016
1 103
0
Hərbi informasiyalar insanlara necə verilməlidir?-Sorğu
Demək ola ki, aprel ayının ilk günlərindən cəbhədəki hadisələr səngimək bilmir. Hər gün müxtəlif informasiyalar eşidilir ki, bu da insanlara pis və yaxşı mənada təsir edir.
Bəs, ümumiyyətlə, belə bir vəziyyətdə psixoloji amil nəzərə alınmaqla, hərbi informasiyalar insanlara necə verilməlidir?
Bu suala cavab almaq üçün psixoloqlara müraiət etdik:

Müşviq Mustafayev: -Müharibənin təsiri ilə yaranan yeni psixoloji vəziyyət və müharibənin yaratdığı qorxu hissi istər-istəməz insanların psixikasına mənfi təsir göstərir. Onlarda gələcəklə bağlı qeyri-müəyyənliyin yaranmasına gətirib çıxardır. Ancaq aprel müharibəsində belə olmadı. Sevindirici haldır ki, aprel müharibəsi göstərdi ki, xalqımız Qarabağ üçün hər şey etməyə hazırdır. Əslində, burada "Qumliyov effekti" işə düşdü. Yəni, Passionarlıq nəzəriyyəsinə görə, yığılmış enerji nə vaxtsa boşalmalıdır. Bu baxımdan xalqımızı müharibəyə hazırlamaq o qədər də çətin deyil. O ki qaldı informasiyaların verilməsinə, həmin informasiyalar ardıcıl, sistemli şəkildə verilsə, informasiyalarda ziddiyyətli məqamlar olmasa, bu, insanlara psixoloji baxımdan müsbət təsir göstərər, onlarda frustrasiya və stress vəziyyətini yaratmaz

Yeganə Mikayılova: -Bütün anaların həyəcanlarını bölüşürəm.Tam anlamıyla birbaşa hiss edirəm. Mən də bir əsgər anasıyam. Bu informasiya çoxluğunda insan bilmir ki, kimə inansın. Mən çalışacam ki, bir psixoloq kimi fikirlərimi bölüşüm. Təbii, müharibə xəbərləri cəmiyyətdə çox mənfi əks-səda doğurur. Hər kəsin əhval-ruhiyyəsinə, həyatına, gələcək panlarına öz təsirini göstərir. Ancaq müharibə adı altında kim kimə nə istədi aqressiyasını tökməməlidir, belə hal, fürsətdən istifadəyə dönməməlidir. Çünki, düşünürəm ki, hər kəs öz işini görməlidir və biz də məktəbliləri, gəncləri başa salmalıyıq. Beləliklə, hər kəs üzərinə düşən işi görməklə dövlətimizə öz borcunu vermiş olar. Bizim dövlətimizdə səfərbərlik elan olunmayıb. Çünki ordumuzun yetərincə gücü var. Deməli, hər kəs öz işi ilə məşğul olmalıdır; şagird və tələbə oxumalı, məmurlar xalqına və dövlətinə xidmət etməli və s. Zənnimcə, xəbər portalları informasiya xaosu yaradaraq əhali arasında təşvişə səbəb olmamalıdırlar. Allah bütün balarımızı qorusun. Heç bir ananın gözü yolda qalmasın. Şəhid analarının qarşısında baş əyirəm və səbr diləyirəm. Bundan sonra heç bir şəhidimizin olmaması diləyi ilə!!! Sülh diləyi ilə!!!

Elşad Səfixanov: -Cəbhədə gedən proseslərin insanların üzərində təsiri böyükdür. İstər onların həyatına, istərsə də ətrafa böyük zərəri var. Ümumiyyətlə, müharibədə istifadə olunan texnologiya nə olur olsun, hansı kriteriyalara görə dəyərləndirilərsə dəyərləndirilsin, təbiətinə görə məhvedici şeylərdir. Bu məhvetmə məqamı müharibənin başlamasından çox öncə başlayar və müharibənin bitdiyi andan xeyli sonralarda psixoloji, bioloji, ekoloji məhvlərə səbəb olaraq, həyatın hər sahəsində təzahür edər. Beləcə, insanlar həyatdan küsərlər. Çünki, müharibə anında insanlara əzab verə biləcək ölüm qorxusu var və insanlar bu qorxunun öhdəsindən gələ bilmək üçün həyatları boyunca mübarizə aparmaq məcburiyyətində qalarlar. Əslində, kişi gördükləri illərdə, tutduqları həyati mövqedə daha böyük məsuliyyəti öhdələrinə götürdüklərindən onlardan çox qadınlar bütün bu kimi hadisələrdən; teror, müharibə, uyğunsuzluq, cəmiyyətdə hər baxımdan narahatlıq yaradan səbəblərə görə, psixoloji cəhətdən böyük zərər görərlər. Ümumiyyətlə, müharibə vəziyyətində ölümlər, yaralanmalar, aclıq, xəstəliklər, insanların məkan dəyişdirmələri, bir çoxunun məktəb, ev və işindən olması, onların həyata inamsız baxmasına, gücsüz vəziyyətə düşməsinə, əxlaqi, fiziki, psixoloji dəyərlərinin zərər görməsinə səbəb olar.

Səbinə Bayramova: - Bəli, hər gün eşidilən müxtəlif hərbi informasiyalar insanlara pis və yaxşı mənada təsir edə bilir. Əlbəttə ki, qalibiyyətli xoş xəbərlər bizə yaxşı mənada, şəhid xəbərləri isə pis mənada təsirsiz qalmır. Xüsusi qeyd etmək lazımdır ki, o itki hansı ailəyə məxsusdursa, xəbərin ailə üzvlərinə necə təsir etməsi, xəbəri verən heyətin həmin ailəyə bu xəbəri "necə verməsi"ndən çox asılıdır. Situasiya özü onsuz da travmatik bir situasiyadır və xəbərin kütlə içərisində verilməsi hadisəni ekstra qəbuledilməz vəziyyətə gətirib çıxarır. Bu səbəbdən bu ailənin yaşadığı və ya yaşayacağı yas müddətini bir addım azaltmaq məqsədilə o xəbəri verməyin bir neçə yolları var. İlk növbədə, şəhid xəbəri qətiyyən kütlə və xaotik bir mühitdə deyil, ailə daxilində təməl şəxslərdən ibarət qrupda verilməlidir. Xəbər belə verildikdə o insanların yasını daha güvənilir bir mühitdə yaşamasına yardım etmiş olarıq. Öncə, vaxtsız ölümü əlbəttə ki, onlar inkar edəcək, qəbul etməyəcəkdir. İnkarın ardından gələn, qısa müddət davam edən "şok"dur - yəni ailə itkinin reallaşdığını bilsə belə, bununla bağlı heç bir şey düşünə, hiss edə, reaksiya verə bilmir. Şokun ardınca "hirs", depressiv vəziyyət yaranır. Ardınca isə ölümü "qəbullanma" mərhələsinə keçid alır və onlarda cari vəziyyətlə "yola getmə" mexanizması inkişaf etməyə başlayır. Bu kimi halları nəzərə alaraq, informasiyanı ailəyə verən heyətlə bərabər həkim və psixoloq da getməlidir ki, bu xəbər ailəyə məhz onların nəzarətində uyğun formada söylənsin. Anaların və ya digər yaxınlarının ən çox çətinlik çəkdiyi nöqtələrdən biri də uşaqlara atalarının ölüm xəbərini necə verəcəkləridir. Şəhid övladları gördüyümüz kimi əksəriyyəti azyaşlı uşaqlardır. Bu baxımdan, ilk növbədə, uşağın yanında həddən ziyadə ağlamaq, özünü yerdən-yerə atmaq olmaz, bu kimi şeylər uşaqların tanış olmaması gərəkən səhnələrdir. Ancaq heç bir şey olmamış kimi də davranmaq olmaz.

Bəs ölüm xəbəri uşağa necə verilməlidir?

Səbinə Bayramova: - Ölüm xəbəri uşağa qəti şəkildə anidən verilməməlidir. Səs-küylü olmayan sakit bir mühitdə ən yaxını tərəfindən xəbərin verilməsi daha məqsədəuyğundur. Belə bir mühitdə uşaq reaksiyalarını daha rahat şəkildə verəcəkdir. Bundan sonra isə onun öz hisslərini ifadə etməsinə şərait yaratmaq və onun necə davranması gərəkdiyi mövzuda isə yönləndirməmək lazımdır. Hadisədən dərhal sonra uşağın ailədən uzaqlaşdırılması və ya başqa bir mühitə göndərilməsi doğru deyil. Çünki həm bu zaman onun acılarını paylaşmağa ehtiyacı vardır, həm də belə bir vaxtda yaxınlarından ayrı saxlanılması uşaqda soyuqluq hissi və travma yarada bilər. Ümumiyyətlə, böyüklərdə olduğu kimi uşaqlar da "yas müddəti" keçirirlər, onlarda bir az fərqli olduğundan anaların və digər yaxınlarının buna xüsusi diqqət yetirməsini tövsiyə edərdim. Belə ki, bu müddət ərzində uşaqlarda altını islatma, kəkələmə, dırnaq yemə, qəflətən kiməsə hücum etmə və s. kimi davranış pozuntuları müşahidə oluna bilər. Bununla yanaşı, qarabasmalar, qorxular, yuxusuzluq, iştahasızlıq, müəyyən ağrılar, təhsilində uğursuzluqlar, özünə qapanma kimi problemlər müşahidə oluna bilər. Bu vəziyyətlərdə ailələrin mütəxəssislərə müraciət etməsi tövsiyə olunur.

Fərəh Quliyeva: -Müxtəlif informasiyalar insanlarda müxtəlif təsirlər yaradır. Əgər bir məlumat baş verən hadisənin səbəb və nəticəsinin izahından bəhs edirsə, o zaman çox diqqətli olmaq lazımdır. Hər birimizdə cəbhədə baş verən hadisələr narahatlıq duyğusu yaradır. İnsanlar itki və xəsarətlərlə bağlı xəbərləri oxuyarkən stress yaşayırlar. Cəbhə bölgəsində baş verənlər heç birimizə təsirsiz ötüşmür. Burada ən önəmli nüans informasiyanın doğru çatdırılmasıdır. Şişirdilmiş informasiyalar insan psixologiyasına çox mənfi təsir göstərir, həssas bir dönəm keçirdirik. Daha bir önəmli nüans da ondan ibarətdir ki, cəbhədə baş verən son hadisələrlə bağlı sosial şəbəkələrdə birliyimiz, bərabərliyimiz, dəstəyimiz yüksək səviyyədə hiss olunur. İnsanlarda qələbə duyğusu yüksəlir və bu duyğunun yüksəlməsi psixoloji güc verir. Necə ki, əsil gərəkən və ehtiyacımız olan ruh düşkünlüyümüz deyil, yüksək inam, eləcə də qələbə duyğusunun artırılmasıdır. Sosial şəbəkələrdə profillərdə, paylaşımlarımızda hər zaman zirvələrdə dalğalanan bayrağımızı gördükcə sevinc hissi psixoloji immunitetimizi yüksəldir və inam, qələbə duyğumuzu artırmış olur. Bizim hər birimiz bir-birimizə birlik və bərabərliyimizi, qələbəyə inam və əzmimizi göstərməklə dəstək olmuş olacağıq. Biz heç zaman yıxılmadıq ki, indi də yıxılaq, öz torpaqlarımıza sahib cixmağımız bizim fəxarətimizdir. Belə məqamlarda, xüsusi ilə informasiya savaşında diqqətli olmalıyıq. Doğru məlumat olmazsa, şişirdilmiş məlumat aşırı həyəcan və itirmə qorxusuna şərait yarada bilər. Amma biz bunu bilirik ki , güvən və inamımız o qədər yüksəkdir ki, bizim hər cəhətimiz bizə qələbə sevincini yaşadır.
Azadə Bayramova
musahibe.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.