Bakıda Nəqliyyat Mübadilə mərkəzləri yaradılır
"Bakı Nəqliyyat Planı"na uyğun olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda 157 sayda mövcud marşrut xəttini xarici mütəxəssislərlə birgə təhlil edib.
Feat.Az bildirir ki, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli agentliyin bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Agentlik tərəfindən sərnişin həcmi dəqiqləşdirilərək hərəkət sxemləri müəyyənləşdirilib:
"Sərnişindaşıma xidməti göstərən 2083 ədəd avtobusun hamısı "Fərqlənmə nişanına" cəlb edilib. Marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində 3 marşrut xətti ləğv edilib, 1 marşrut xətti bərpa edilib. Sakinlər, həmçinin qurum və təşkilatlardan daxil olan müraciətlər əsasında sərnişin tələbatı nəzərə alınaraq 5 marşrutun xətti uzadılıb. Marşrutların təkrarlanma hallarının olmasına uyğun olaraq, müvafiq sərəncamlarla 14 marşrut üzrə hərəkət sxemləri, 2 marşrut üzrə isə daşıyıcılar dəyişdirilib".
V.Kərimli bildirib ki, şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə mərkəzlərinin yaradılmasına başlanılıb:
"İlk belə mərkəz metronun "Koroğlu" stansiyası yaxınlığında yaradıldı. Bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşrut avtobuslarının şəhər mərkəzinə girişi məhdudlaşdırıldı. Sərnişinlərin buradan şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir. Artıq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə "Avtovağzal", "Dərnəgül", "28 May" metro stansiyaları və "Lökbatan dairəsi" ətrafında da Nəqliyyatı Mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub"./Milli.az