Manat niyə bahalaşır?

07 Şubat 2017
1 530
0
Manat niyə bahalaşır?
“Manatın möhkəmlənməsinin fundamental əsası yoxdur. Manatın bahalaşması uzunmüddətli və dayanıqlı deyil”.

Feat.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.

Bu bahalaşmanın bir neçə səbəbini qeyd etmək olar:

1. Manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı-satqısına girişiblər. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar.

2. Xarici borcların qaytarılması. Hər il olduğu kimi, bu il istər dövlətin, istərsə də dövlət şirkətlərinin xarici öhdəlikəri qaytarılmalıdır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfindən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək.

Məsələn, mətbuatda gedən məlumata görə, Azərbaycan hökuməti Beynəlxalq Bankın 3 milyard ABŞ dolları həcmində borcu öhdəsinə götürüb. Ancaq təxminən 1 milyard dollara yaxın borc isə büdcə vasitəsilə qaytarılacaq. Manatın ucuzlaşması həmin borcların qaytarılmasına çətinlik yaradır.

3. Büdcə xərclərinin azlığı. Bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur. İqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur.

Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat məbləğindəki “makroiqtisadi sabitlik” pulu valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək. Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək.

Ekspert deyib ki, manatın stabilliyi neftin qiymətlərindən asılıdır:

“Manatın sabitliyi hazırda neftin qiymətindən birbaşa asılıdır. Hökumət neftin ucuzlaşmasını ya Neft Fondunun aktivləri hesabına həll etməlidir, ya da manatı ucuzlaşdırmalıdır. Bir şey aydındır ki, hökumət bu il kəskin devalvasiyaya getmək niyyətində deyil.

Gözlənilməz proseslər baş verməsə, hökumət 2017-ci ildə manatın məzənnəsini rahatca idarə edə biləcək. Bu manatın möhkəmlənməsi anlamına və ya manatın məzənnəsinin bir nöqtədə dayanması anlamına gəlməməlidir.

Hökumət Neft Fondunun aktivləri hesabına tədiyə balansındakı kəsiri örtə biləcək. Ancaq bir sıra amillər var ki, onların nəzərə alınması vacibdir. Kapital axının, idxalın səviyyəsi, xarici ticarət tərəfdaşlarının milli valyutasının məzənnəsi və neftin qiyməti.

Üzən məzənnəyə keçiddə daim vurğuladığımız məqamlardan biri özünü artıq göstərir. Manatın məzənnəsi qeyri-sabitliyi müşahidə edilir. Mərkəzi Bank spekulyasiyanın qarşısını almalıdır və manatın əsas olmadan bahalaşmasına imkan verməməlidir. İndiki zamanda vacib olanı manatın sabitliyidir.

Çünki bütün qiymətlər 1,90 həddinə uyğunlaşıb. Manatın 1,80 və ya 1,70-ə yüksəlməsi qiymətləri ucuzlaşdırmayacaq. Əksinə, sahibkarlıq üçün problemlər yaradacaq. Ona görə də Mərkəzi Bank məzənnəni real bazar dəyərini alana qədər tədricən ucuzlaşdırmalıdır.
Manatın indiki möhkəmlənməsi müvəqqətidir. Bir müddətdən sonra yenidən ucuzlaşma müşahidə ediləcək”.

Qeyd edək ki, bu gün keçirilən hərracda manatın ortaçəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb. Manatın ortaçəkili məzənnəsi 2,8% möhkəmlənib. Mərkəzi Bank rəsmi məzənnəni bu hərracın nəticəsinə uyğun elan edəcək. Bununla da manatın fevralın 2-dən başlayan bahalaşması sabah da davam edəcək.
oxu.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.