Ərəb şeyxlərinin Azərbaycanda sirri
Onlar ümumilikdə 8000 manat məbləğində cərimə olunublar.
Ötən ayın son günü ərəb vətəndaşlarının Salyanda növbəti dəfə qanunsuz ov etməsi faktı aşkarlandı. 2009-cu ildən Muğan bölgəsində kök salan ərəb şeyxlərinin bu zonada ov etməsinin sirri heç yerdə görmədikləri quşların olmasıdır.
Feat.Az istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 2009 və 2012-ci illərdə reyd keçirərək ərəb şeyxlərinin qanunsuz ovunu aşkarlayıb.
Amma bu ərəb şahzadələrinin hərəkətlərinə son qoymağa yetərli olmayıb. Növbəti belə əməliyyat oktyabrın 31-də həyata keçirilib.
Məlumata görə, ərəb şeyxlərinin və neft zənginlərinin Azərbaycanda belə dəbdəbəli ov mərasimləri düzənləməsi qızılquş və şahinlərlə bağlıdır.
Qeyd edək ki, son əməliyyat zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.
Belə ki, Ağgöl Milli Parkının ərazisinə daxil olmaq istəyən, içərisində İraq vətəndaşları Jamal Ahmed Salm və İmad Alabersan Hlailin olduğu 90 SR 229 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı müxtəlif ov vasitələri və tələ müəyyən olunaraq götürülüb.
Milli Parkın ərazisində keçirilən növbəti reyd zamanı isə içərisində 2 Suriya Ərəb Respublikası vətəndaşı - Jamal Akil Mahfouz və Jomaa Aljodeia Khatabın olduğu 90 TD 576 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobildən quş ovlamaq üçün lazım olan çoxlu sayda vasitələr aşkar edilərək götürülüb.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə olunub və həmin məbləğin ödənilməsi təmin edilib.