Sevgililər Günü dünyada necə Qeyd Edilir?
Bu tarix beynəlxalq bayram kimi qeyd olunsa da, bu gün dünyanın fərqli ölkələrində fərqli formalarda qeyd olunur.
Hindistanda ürək işarəsi həyat deməkdir. Həmin gün Hindistanda bir adama ürək vermək, ona həyatını həsr etmək mənasını verir.
Braziliyalılar "Sevgililər günü”nü 12 iyunda qeyd edir. Onlarda bu gün "Dia dos Namaorados" (Tərcümədə "Aşiqlər günü"- red.) adlanır. Braziliyada həmin gün qızlar bəyəndikləri kişilərin adlarını kağızlara yazıb bükürlər. Sonra kağızları qarışdırıb içindən birini seçirlər. Onlar kağızda yazılan adamın gələcəkdə ərləri olacağına inanırlar.
Qvatemalada 14 Fevral yalnız məhəbbət günü kimi deyil, məhəbbət, dostluq, ailə günü kimi qeyd olunur. Gənclər sevgililəri ilə vaxt keçirir, yaşlılar küçədə milli geyimlərdə gəzirlər.
Filippində hər il 14 Fevralda kütləvi şəkildə nikah mərasimləri keçirilir. Yüzlərlə gənc toyunu məhz bu günə salır. Beləcə, kişilər evləndikləri günü heç vaxt unutmur.
Çində "Sevgililər günü” ay təqviminə görə, 7-ci ayın 7-ci günündə qeyd olunur. Bu gün "Qi Xi Jie", yəni, "Yeddilərin gecəsi" adlanır. Əfsanəyə görə, Niulanq adlı bir çoban Tsin adlı bir pəriyə aşiq olur. Ancaq cənnət ilahəsi ikisinin evlənməsinə icazə vermir və pəri ölür. İnanca görə, onlar ildə yalnız bir dəfə bir körpünün üzərində görüşüb danışa bilirlər. Həmin tarixdə cütlüklər və subaylar məbədlərə gedib dua edirlər.
Yaponiyada isə 14 fevralda qadınlar əlləri ilə hazırladığı şokoladı sevdiklərinə verir və kişilərin rəyini öyrənirlər. Əgər kişilər şokoladı bəyənsə, bir ay sonra onlar da sevgililərinə şokolad hazırlayır. Bu bir aylıq müddət "Ağ gün" adlanır.
İngiltərədə də "Sevgililər günü” çox maraqlı qeyd olunur. Belə ki, bu bayram ərəfəsində İngiltərədə qadınlar iynə ilə yataqlarının kənarına dörd yarpaq tikir və yumurta yeyirlər. Beləliklə, gələcək ərlərini yuxularında görəcəklərinə inanırlar. Bu yalnız bir inanc olsa da, qadınlar illərdir ki, bu ritualı əyləncə xətrinə yerinə yetirir.
14 fevral Bolqarıstanda həm də şərab günüdür. Sevgililər də o günü şərab içərək qeyd edir.
Argentinalılar "Sevgililər günü”nü qeyri-adi şəkildə qeyd edir. Belə ki, onlarda iyul ayında şirniyyat həftəsi təşkil edilir. Bu həftə ərzində hər bir şirniyyata bir öpüşlə cavab verirlər. Bu mərasim, əslində, şirniyyat satışını artırmaq üçün keçirilir. Lakin ehtiraslı Argentina xalqı bu mərasimi çox sevir.
14 fevral tarixi son illərdə çox populyar olmasına baxmayaraq, Çexiyada ənənəvi "Sevgililər günü” mayın 1-i qeyd olunur. Həmin gün cütlüklər Petrin parkda görüşüb orada şair Karel Hinek Maxanın heykəlini ziyarət edir. Deyilənlərə görə, həmin gün albalı ağacının altında öpüşmək cütlüyə şans gətirir.
Estoniyada 14 fevral dostluq günü kimi qeyd olunur. Həmin gün romantik cütlüklər yox, sadiq dostlar bir-birini təbrik edir.
Bu tarix Finlandiyada da dostluq günü kimi daha çox məşhurdur.
14 fevralda Fransa aşiqlərin yaşadığı cənnətə çevrilir... Evlər, küçələr güllərlə bəzədilir, ağaclardan isə sevgi etirafları asılır. Qeyd edək ki, bu tarixdə sevdiyi qadına evlilik təklif etmək Fransada da geniş yayılmış adətdir.
2007-ci ildən etibarən kakao istehsalçısı kimi tanınan Qana turizmi artırmaq üçün 14 fevralı Milli Şokolad günü kimi qeyd edir. Bu tarixdə şəhərin küçələrində satıcılar şokolad sərgiləri təşkil edir.
14 fevral Rumıniyada quşların nişanlandığı gün kimi tanınır. Onlarda "Sevgililər günü” və baharın gəlişi eyni vaxtda qeyd olunur. Qızlar və kişilər meşəyə çiçək toplamağa gedir, bəziləri isə üzünü qarla yuyur. İnanclara görə, üzünü qarla yumaq sağlamlıq və xoşbəxtlik gətirir.
Cənubi Afrikada gənc qadınlar qollarına sevdiyi kişinin adını döymə etdirir.
Cənubi koreyalılar ancaq fevralın deyil, bütün ayların 14-ünü bayram kimi qeyd edir. May gül, iyun öpüş, dekabrın 14-ü isə qucaqlaşma günüdür.
İspanlar üçün ilin ən romantik günü 9 oktyabr "Müqəddəs Dionis” günüdür. Bu gün bir sıra məşhur festival və tədbirlər təşkil olunur, kişilər məhəbbətlərinin əlaməti olaraq tərəf-müqabilinə Mokadora verir.