Bakıda böyük şənlik başladı -VİDEO
Bakı şəhər İcra Hakimiyyəti Novruz bayramı münasibəti ilə bayram şənliyi təşkil edib.
Saat 11.00-da Azneft meydanından başlayan bayram karvanı "İçərişəhər" metrosunun yaxınlığında, Bakı şəhər İcra Hakimiyyətinin yanında dayandı.
İçərişəhərin girəcəyində milli geyimli oğlan və qızlar musiqi sədaları altında rəqs ediblər. Bayramda 12 süvaridən, 6 at arabaları və dəvələrdən ibarət karvan bayram əhval-ruhiyyəsinə başqa ab-hava qatırdı.
Şənlikdə milli musiqilərim, aşıq musiqiləri və meyxanalar səsləndirilirdi. Şənlik iştirakçıları bayram karvanı ilə birgə Suraxanı rayonu Atəşgah məbədindən od götürməyə gedəcəklər.
Karvan yolda bir neçə yerdə dayanacaq. Səfər zamanı karvan iştirakçıları "Alov" fontanının yanında, Səməd Vurğun bağında və Heydər Əliyev parkında 1 saat ərzində şənlik tədbiri keçirəcək. Daha sonra Atəşgah məbədindən od götürülərək İçərişəhərə qayıdacaq. Saat 18:30-da dəvələr, süvarilər və faytonların iştirakı ilə Nizami küçəsilə Fəvvarələr meydanına hərəkət edəcəklər. Saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq.
Qeyd edək ki, Novruz bayramı təkcə Azərbaycanda keçirilmir. Böyük Türk dünyasında qeyd edilən Novruz artıq beynəlxalq bayramlar sırasına daxil olub. Martın 24-də UNESCO-nun mənzil iqamətgahında Novruz bayramı qeyd olunacaq.
Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın, Türkiyənin, Monqolustanın və Rusiyanın türkdilli xalqlarının nümayəndələrinin iştirak edəcəkləri bayram şənliyinə 100-dən artıq incəsənət ustası qatılacaq. Tədbirdə ölkəmizi estrada-folklor ansamblı və aşıq Əli Quliyev təmsil edəcək.
TÜRKSOY-un təşkilatçılığı, türkdilli xalqların, o cümlədən Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək bayram şənliyi çərçivəsində "Novruz rəngləri" adlı sərgi də təşkil olunacaq.