Bu xəstəliklər ağız qoxusu yaradır

01 Ekim 2020
2 118
0
Bu xəstəliklər ağız qoxusu yaradır
Ağızda pis qoxunun olması daha çox insanın özü tərəfindən deyil, ətrafdakılar tərəfindən təyin edilir və bəzən böyük psixoloji sarsıntılara gətirib çıxarır.

85-90 faiz hallarda ağızda pis qoxu ağız boşluğunda olan problemlərdən qaynaqlanır. Qoxunun intensivliyi gün ərzində fərqli ola bilir. Adətən, səhərlər ağızda iyi daha çox olur. Ağızda iyi bəzi qidalardan (soğan, sarımsaq, ət, balıq, pendir və s.), köklük, siqaret və ya alkoqol qəbulundan da qaynaqlana bilir. Bəzən isə ağızda qoxu keçici olur, yeməkdən sonra əmələ gəlir və tez də itir. Qoxunun xarakteri əsas səbəbdən asılı olaraq fərqli ola bilir.

Feat.Az bildirir ki, son zamanlar aparılan tədqiqatlar sübut ediblər ki, dil üzərində qoxu törədən bakteriyaların çoxalması ağızda qoxunun yaranmasının əsas səbəblərindəndir.

Ağızda qoxunun fərqli səbəbləri mövcuddur:
Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında qalması və parçalanması pis qoxu yaradır. Efir yağına malik qidaların qəbulu ağızda pis iyin digər səbəbidir. Efir yağları müxtəlif bitkilərdən alınır və bunları aşağıdakıları nümunə göstərmək olar: dəfnə, evkalipt, şam, zeytun, qızılgülü, jasmin, kərəviz, sidr ağacı və s. Soğan və sarımsağın ağızda qoxu yaratması hamıya bəlli olan bir faktdır. Qoxunu yalnız qida qalıqlarının ağız boşluğunda qalmasından deyil, həm də qeyd edilən yağların qana sovrulması və ağciyərlərə daşınması ilə bağlıdır. Bu yağlar uçucu olduğu üçün ağciyərlərdən xaric olur və tənəffüs zamanı ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72 saat sonra belə ağızda qoxu yaradır.

Diş problemləri. Dişə düzgün gigiyenik qayğının göstərilməməsi və diş ətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və fırçalamırsınızsa qida hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların çoxalmasına gətirib çıxarır.

Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı qıcıqlandıraraq iltihab yaradır və hətta irinin əmələ gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də yarada bilir ki, bu periodontit adlanan xəstəliyin yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır.

Ağızda quruluq. Ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində əsaslı rol oynayır. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və yanaqda toplanıb qalmasına səbəb olur ki, bu da sonradan onların parçalanaraq qoxu yaranmasına səbəb olur. Ağızda quruluq normal fizioloji hallarda yatan zaman peyda olur. Məhz bu səbəbdən də bəzən səhərlər ağızda qoxu olur. Bəzi dərmanlar və siqaret çəkmə ağızda xroniki quruma yaradan səbəblərdəndir.

Xəstəliklər. Xroniki ağciyər xəstəlikləri və ağciyər absesi ağızda çox dözülməz qoxuya səbəb ola bilir. Xərçəng və metobolik pozğunuqlar ağızdan spesifik qoxunun gəlməsinə səbəb ola bilər. Məsələn, böyrək çatışmazlığı sidik qoxulu nəfəs yarada bilir. Qaraciyər çatışmazlığı zamanı "balıq qoxulu" nəfəs hiss edilir. Nəzarət edilməyən şəkərli diabet meyvə qoxusunu xatırladan iyi verə bilər.

Ağız, burun və boğaz xəstəlikləri. Burunətrafı ciblərin infeksiyaları ilə əlaqədar olaraq burun axıntısı geri qırtlağa da keçə bilir və ağızda qoxu törədə bilir. Uşağın ağzından pis qoxunun gəlməsi onun burnunda yad cismin qalması üzündən yarana bilər. Qırtlaq infeksiyaları da tam təmizlənənə qədər nəfəsin qoxulu olmasına səbəb ola bilir. Bronxitlər və digər yuxarı tənəffüs yolu infeksiyaları da ağızdan pis qoxunun əmələ gəlməsinin digər səbəblərindəndir.

Tütün məmulatları. Siqaret çəkmə ağız boşluğunu qurudur və ağızda qoxunun yaranmasına səbəb olur.

Ciddi pəhriz saxlayan insanların ağzında meyvə qoxulu iy yarana bilər.

Bir çox hallarda ağızda qoxunu adi gigiyenik qaydalara əməl etməklə aradan qaldırıla bilər. Əgər qoxu gigiyenik tədbirlərlə aradan qalxmırsa, bu zaman həkimə müraciət etməyiniz tövsiyə olunur.

Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən belə ağızda pis qoxudan qurtula bilərsiniz.

Hər yeməkdən sonra dişlərinizi yuyun. Diş fırçanızı işdə də saxlayin və günorta yeməyindən sonra dişinizi fırçalayın.

Çalışın gün ərzində heç olmasa iki dəfə 2-3 dəqiqəlik dişlərinizi fırçalayın.

Diş arasından qida qalıqlarını təmizləyin. Çalışın gün ərzində heç olmazsa bir dəfə dişlər arasında qalan qida qalıqlarını təmizləyin. Protez istifadə edirsinizsə, buna daha çox diqqət yetirməniz gərəkdir.

Dilin üzərini təmizləyin. Dilin üzərini tez-tez təmizləyin. Bununla ölmüş hüceyrələr, bakteriya və qida qalıqları təmizlənmiş olur. Dilin üzərini təmizləmək üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox dilin arxa hissəsində toplanmağı xoşladığı üçün bu hissənin təmizlənməsinə xüsusilə diqqət verin.

Çoxlu su için. Çoxlu su qəbulu ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteriyaların yuyulub aparılmasına kömək edir. Saqqız çeynəmə ağız suyu vəzilərini qıcıqlandırır və ifraz edilmiş ağız suyu qida qalıqlarını və bakteriyaları yuyur.

Diş fırçanızı tez-tez dəyişin. Bir diş fırçasından uzun müddət istifadə etdikdə onun keyfiyyəti düşür və təmizləmə qabiliyyəti azalır. Odur ki, tövsiyə olunur ki, 3 aydan bir dəyişməklə yumşaq fırçalardan istifadə edin.

Mütəmadi diş həkimində profilaktik yoxlama. Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olun. Müayinə zamanı lazım gələrsə həkiminiz dişlərin dibini təmizləyə bilər.

Gün ərzində nanəli konfetlərdən istifadə edin. Nanəli konfetlərin sovrulması ağızdan pis qoxunun gəlməsinin qarşısını alır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.