Allergiyalı xəstələr haqda BİLMƏDİKLƏRİNİZ: Üstünüzdə adrenalin gəzdirin!

02 Nisan 2018
2 006
0
Allergiyalı xəstələr haqda BİLMƏDİKLƏRİNİZ: Üstünüzdə adrenalin gəzdirin!
Dünyada allergik xəstələrin sayı ilbəil artmaqdadır. 2015-ci ildə 300 milyon allergik xəstə var idisə, 2016-cı ildə bu rəqəm 400 milyonu ötmüşdü. 2017-ci ildə isə dünyada 500 milyon astma xəstəsi qeydə alınıb. Azərbaycan da artıq bu xəstələrinin sayı çox olan ölkələr sırasına daxil olmaqdadır. Ölkə əhalisinin 30%-i allergiyalardan əziyyət çəkir. Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Amma bu, mövsumi xarakter daşıyır, əsasən də yaz və payız aylarında özünü daha qabarıq şəkildə büruzə verir.

Allerqologiyada ən böyük problemlərdən sayılan və dünyada geniş yayılan astma xəstəliyidir. Bu xəstəlik Azərbaycanda ən çox ölkənin cənub zonasını əhatə edir. Buranın rütubətli iqlimi xəstəliyin daha da geniş yayılmasına rəvac verir. Ev gənələrinin yayılması üçün yüksək rütubət və 37 dərəcə istilik ideal mühit hesab olunur.

Mütəxəssislər bildirir ki, allergiya orqanizmin bəzi maddələrə və cisimlərə verdiyi qeyri-normal cavab reaksiyasıdır. Əməkdar həkim, baş allerqoloq Cəbrayıl Məmmədov Real TV-yə bildirib ki, bu xəstəlikdən əziyyət çəkən insanlar yaz və yay aylarında daha diqqətli olmalıdırlar. Həkim deyir ki, allergiyalı insanlar yaz aylarında yeməklərinə xüsusi fikir verməlidirlər. Professorun sözlərinə görə, elə qidalar var ki, allergiyaya meylli insanların xəstəliyini şiddətləndirə bilir.

“Məsələn, ət, süd, yumurta insan üçün əsas qidalardandır. Lakin hər kəs bu qidalardan yeyə bilmir. Elə insanlar var ki, yumurtanın sarısı onun bədənində allergik reaksiya yaradır. Həmin insanların bədəni səpir. Bu zaman dəridə qaşınma, səpki və s. olur”, - deyə həkim bildirir.



Allergiya necə baş verir?



Mütəxəssislər hesab edir ki, bu, irsi xəstəlikdir və daha çox genetik yolla ötürülür. Amma bu o demək deyil ki, tam olaraq, həmin xəstələrin övladları mütləq eyni problemdən əziyyət çəkməlidirlər. Bəzən nənə-baba, əmi, dayı, eləcə də yaxın qohumlarda mövcud olan xəstəlik, növbəti nəsildə kimlərdəsə özünü büruzə verir. Bu zaman xəstəliyin özü yox, xəstəliyə meyllilik ötürülür.

Bəzən bronxial astma xəstəsi olan valideynin övladında bitki-çiçək tozluğuna həssaslıq və övrə xəstəliyi yarana bilir. Yəni uşaq ana bətnində olanda, artıq allergiyaya meyllilik genetik olaraq ötürülür. Cəbrayıl Məmmədov deyir ki, astma xəstələrində, boğulma prosesi ən çox gecələr baş verir: “Bütün evlərdə ev gənələri olur. Bu həşəratların ölüsü və ya dirisi toz halında olur. Onlar xəstənin tənəffüs yollarına düşür və boğulma əlamətləri yaranır”.



Qeyd edək ki, yaz vaxtı bitki-çiçək tozcuqlarının yaratdığı xəstəliyə “pollinoz” deyilir.




Məsələ burasındadır ki, bəziləri bu xəstəliyin xüsusiyyətləri barədə az məlumatlı olduqlarından özlərini təbiətdən təcrid etməyə çalışırlar. Lakin bilmək lazımdır ki, allergiyalı insanlar bütün bitkilərdən qorxmalı deyil.

“Bəzən pasiyentlərim soruşur ki, “nə əcəb burada çoxlu çiçək saxlayırsız?”. Bax, bu bitkilərin çiçəyinin heç nəyə zərəri yoxdur. Bitki-çiçək tozcuğunun xəstəliyə səbəb olması üçün bir neçə səbəb olmalıdır. Yəni hər bitkinin çiçəyi xəstəlik törətməz. Gərək həmin bitkinin tozcuqları çox xırda və incə olsun. Tozcuqlar havaya yayılsın və həssas insanın burnuna, gözünə, dərisinə daxil olandan sonra reaksiya versin”, - deyə həkim bildirir.

Bəzi bitkilər var ki, onun çiçəkləri çox xırda olur. Həkim deyir, çiçəklənmə vaxtı tozcuqlar havaya yayılır və insanın tənəffüs yollarına daxil ola bilir. Ancaq buna hamı eyni reaksiyanı vermir. Tozcuqlar allergiyaya həssas şəxslərin tənəffüs yollarına düşəndə, ya burun renit əlamətləri, ya göz konyuktiviti yaranır. Yəni burun tutulur və ya axır, gözdə şişkinlik yaranır, sulanma halları baş verir. Eyni zamanda, burunda və gözdə qaşınmalar olur. Asqırmalar bir yana, boğulma halları da bu xəstəliyə xarakterikdir.

“Pollinoz”lu xəstələrdə ən çox ağaclar çiçəkləyən vaxtlarda problemlər yaranır. Demək, əsasən yaz aylarında həmin xəstələrdə narahatlıqlar müşahidə olunur. Bəzilərində isə payız aylarında qıcıqlanmalar yaranır. Bu, əsasən yovşan bitkisinin çiçəkləndiyi dövrə təsadüf edir. Və noyabr ayının ortalarına qədər davam edə bilir”,- deyə mütəxəssis bildirir.



Bu tip xəstəliklərdən əziyyət çəkən xəstələr nə etməlidir?




C.Məmmədov deyir ki, belə xəstələr mütləq peşəkar allerqoloqa müraciət etməlidir və normaya uyğun müalicə almalıdırlar. Belə olduqda allergiyalı şəxs fəsillərin dəyişildiyi bütün dövrləri normal keçirə bilərlər. Əgər allergiya və astma xəstələri ixtisaslaşmış, peşəkar həkimlər tərəfindən müalicə olunarsa, onlar sağlam insanların vəziyyətinə gətirilə bilər. Yetər ki, bu tip xəstələr təyin olunan müalicənin qaydalarına əməl etsinlər. Həkim əmin edir ki, düzgün müalicə getməyəndə və xəstələr öz səhhətlərinə məsuliyyətsiz yanaşanda, yolun bir ucu ölümə aparır.

“Allergiya və astma xəstələrini hər yoldan ötən, diplom alan şəxs müalicə edə bilməz. Bəzən cərrah, yaxud başqa sahənin həkimi belə xəstəliyi müalicə etməyə çalışır. Hansı ki, həmin xəstəlik barədə heç həmin həkimin özünün yetərli məlumatı yoxdur. Bu səbəbdən, belə xəstələr mütləq düzgün mütəxəssislərə müraciət etməlidirlər. Həmin şəxslər yaxşı mütəxəssis tərəfindən müalicə olunarsa, 100 il yaşaya bilər”. Hər halda, həkim belə düşünür.

Baş allerqoloq əmin edir ki, ölkəmizdə belə xəstələrin nəzarətdə saxlanılması üçün bütün imkanlar var.



Kəskin allergiyanın ən ağır təzahürlərindən biri “anafilaktik” şokdur. Bu nə deməkdir?



Bəzən insanlar səhvən fikirləşir ki, filan dərmanı içib və nəticədə heç nə baş verməyib. Lakin unutmaq olmaz ki, orqanizm tanıdığı maddəyə reaksiya verir. Ona görə də, belə xəstələr mütləq mütəxəssislə məsləhətləşəndən sonra antibiotik qəbul etməlidirlər. Əks halda anafilaktik şok baş verə, hətta insan ölümünə səbəb ola bilər. Həkimin dediyinə görə, 5 dəqiqə ərzində ciddi yardım olunmasa şəxsin həyatını xilas etmək mümkün deyil.

İkinci hal, arı sancmasıdır. Əgər allergiyalı şəxsi bir dəfə arı sancıbsa və onda problemlər yaranıbsa, bu halın növbəti dəfə təkrarlanması çox təhlükəli hesab olunur. Belə xəstələrə xüsusi tapşırıqlar verilir.

“Həmin xəstəni ikinci dəfə arı sancarsa, bu zaman anafilaktik şok verə bilər. Bədən arı zəhərinə həssasdırsa, o zaman bu, həmin şəxs üçün ilan zəhərindən də betərdir. Belə xəstələrə məsləhət görülür ki, bütün yay boyu üzərlərində xüsusi ampulalarda adrenalin gəzdirsinlər. Arı sancan kimi adrenalin vurulmalıdır ki, təzyiq çox aşağı düşməsin, ürəyin fəaliyyəti dayanmasın. Yaxud da, arı sancan yeri xüsusi juqut ilə sıxıb, yaranın üstünə buz qoymaq olar. Bu zaman yaranın yeri soyuyar və şiş tez sovrular”.



Allergiyalı xəstələrə hansı meyvələr olmaz?



Həkim bildirir ki, allergiyalı xəstələr sitrus meyvələri, giləmeyvələrdən uzaq durmalıdırlar. Mütəxəssisin sözlərinə görə, tərəvəzlərdən isə ən təhlükəlisi pomidordur. Çünki pomidor digər tərəvəzlərdən daha çox allergiya verə bilir.

Göründüyü kimi, allergiya heç də çoxlarının barmaqarası baxdığı xəstəlik deyil. Düzgün diaqnoz və tövsiyələrə əməl etmə sağlam yaşamağı şərtləndirən əsas amillərdəndir. Əks təqdirdə, yollardan birinin dönüşü olmaya bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.