Nə düşünürsənsə, onu da yaşayırsan

17 Eylül 2019
957
0
Nə düşünürsənsə, onu da yaşayırsan
Və ya söylədiklərimizin qismətimizə çevrilməsində şüur və şüuraltımızın rolu

Feat.Az
istinadən yazını təqdim edir.

"İnsanın beyin gücü o qədər möhtəşəmdir ki, istəsə, ondan istifadə edərək, özünü komaya da sala bilər, ən ağır xəstəliyə qalib də gələr. Sadəcə beynin gücünü işə salmaq kifayətdir". Bu sözlər türk sinir problemləri mütəxəssisi Mehmet Yavuza məxsusdur. Həkimin beyin gücü ilə bağlı fikirlərini diqqətinizə çatdırırıq.

- Ət daşıyan qatar təmizlik üçün stansiyada dayanır. İşçilər vaqonları təmizləməyə başlayır. İşçinin biri vaqonları təmizləyərkən, digər işçi vaqonun boş olduğunu düşünür və qapını kilidləyir. Qatar hərəkət edir. Növbəti stansiyada dayanarkən işçinin içəridə donaraq öldüyü məlum olur. Lakin mütəxəssilər görür ki, qatarda soyuducu işə salınmayıb və içəridəki temperatur tam normaldır. İçəridə qalan işçi bunu bilmədiyinə görə, donaraq öləcəyini düşünüb. Beyin ona gedən informasiyanın bütün şərtlərinə əməl edib və bədəni donmağa hazırlayıb.

Nevroloq deyir ki, hər hadisədə beynimizi daim müsbətə fokuslamalıyıq: "Bəzi insanlar var ki, söhbət edərkən "çoxu 3-4 il yaşayaram", yaxud xəstələnən kimi "bu dəfə öləcəyəm" deyirlər və özlərinə ölüm vaxtı müəyyən edirlər. Halbuki, hansı yaşda olursan-ol, heç vaxt "bir ayağım çuxurdadır", "torpaq məni gözləyir" kimi ifadələr işlətməməlisən.Çünki şüuraltın sənin verdiyin əmrlərlə hərəkət edir və bədənini ona hazırlayır, bunu həyata keçirməyə çalışır. Şüuraltı bizi idarə edən gücdür. Şüur kimi bizə sual verməz. Tələblərimizi biz fərqində olmadan yerinə yetirər. Əslində, insanların qəfildən öldüklərinin tez-tez şahidi olur, bir insanın təqaüdə çıxdıqdan sonra öldüyünü görürük. Onların hamısı həyat məqsədi olmayan, dünyadakı işlərinin bitdiyini zənn edən, bununla da həyat enerjilərinə son qoyan insanlardır. Bundan əlavə, "oğlumun, qızımın toyunu görmədən ölməyim, yaxud bunu yaşamadan ölməyim" kimi ifadələr də çox təhlükəlidir. Çünki o hadisə həyata keçdikdən sonra şüuraltı dünyadakı missiyasının tamamlandığına inanır və ölməyin gərəkdiyini düşünür".

Həkim şüur və şüuraltının fərqlərini izah etmək üçün nümunə verir: "Əgər şüuraltımız bağdırsa, şüurumuz bağbandır. Günlərlə və həftələrlə bağınızda toxum əkdiniz. Ən əsası, əkdiyiniz toxumları görməyəcəksiniz. Yaxşı və ya pis məhsul almağınız əkdiyiniz toxumlardan asılıdır. Yaxşı məhsul alırsınızsa, yaxşıdır, ancaq pis məhsul alırsınızsa, bunun səbəbini başa düşə bilməyəcəkiniz. Çünki artıq hansı toxum əkdiyinizi unutmusunuz. Şüuraltı şüur kimi tələsmir, çox səbirlidir. Pis toxum əkmisinizsə, vaxt gəldikdə, siz hiss etmədən acı meyvələrini sizə daddıracaq. Buna görə düşüncələrinizi idarə etməlisiniz.

Bir çoxumuzun başına gəlib. Məsələn, sabah səhər 8-də çox vacib görüşümüz var. Əgər bu saatda mütləq oyanmalıyam deyə, düşünürsünüzsə, zəngli saata ehtiyac olmadan oyanırsınız. Çünki şüuraltı öz saatını qurur.

Şüuraltımız bəzən bizimlə danışır. Bəzən hisslərimizi dinləyərək hərəkət edirik, bəzən yox. Bir çox hallarda, bir hadisə baş verərkən "içimdən bir səs bunu dedi" kimi ifadələr işlədirik. Bu, şüuraltının səsidir. Məsələn, kimsə təyyarəyə minmir və o təyyarə qəzaya uğrayır. Həmin şəxsi dinlədikdə, "içimdəki səs minmə dedi, qulaq asdım və xilas oldum" deyir.

Şüuraltını pozitivə çevirmək

Şüuraltı öz inancına uyğun nüansları maqnit kimi özünə çəkir. Məsələn, pul qazanmağın çətin olduğuna inansanız, çətin şərtlərdə pul qazanmağınıza kömək edəcək təcrübələr yaşayacaqsınız. Çünki şüuraltı inanclarınızı yerinə yetirir. Şüursuz olaraq, fikirləşdiyiniz inancları dəyişdirdikdə, hər şey dəyişir. Biz şüur gücümüzdən fikri qəbul etmək üçün, şüuraltımızdan isə nəticələrini özümüzə cəlb etmək üçün istifadə edirik. İşdən çıxarılan şəxsin reallıqda işinə son verən müdiri deyil, özüdür. Çünki o insan zehnində işlədiyi yerlə bütün bağlarını qoparır və işdən çıxarılma prosesini başladır. Heç vaxt "mən bunu edə bilməyəcəyəm, imtahandan keçməyəcəyəm, qalib gələ bilmərəm, iş tapa bilmirəm, varlı ola bilmərəm, evlənə bilmərəm və ev tikə bilmərəm" kimi mənfi cümlələri işlətməyin. Çünki şüuraltı sizi dinləyir, arzuzunuzu reallaşdıracaq qabiliyyətinizin olmadığını düşünür və sizə rəhbərlik edir. "Mən bacarıram, həll edirəm" kimi müsbət düşüncələrdən istifadə etsəniz, şüuraltınız da buna inanacaq. Beləliklə, sizinlə bərabər həyata keçirməyin yollarını axtaracaq. Məsələn, uşaqlıqdan zəngin olmağın pis bir şey olduğu, varlıların yalnız haram pul qazanmaqla varlandığı, hətta zəngin olmaq istəsə də, məqsədlərinə çata bilməyəcəyinə dair yanlış inancı olan bir insan heç vaxt varlı olmaz. Çünki şüur ​​proqramında yer alan bu saxta inanc virusu şüuraltında qəbul edilir və zənginlik imkanları sənə görə təhlükli olduğu üçü şüuraltında nəzərə alınmır".

Həkimin sözlərinə görə, məhz mənfi düşüncələr xəstəliklərin də sağalmasının qarşısını alır: "Daim xəstə olduğunu söyləyən bir insan heç vaxt xəstəliklərdən qurtula bilməz. Hər yerdə kimsə ondan pul istəməsin deyə pulum yoxdur deyən, özünü imkansız kimi göstərən insan gec-tez pulsuz qalacaq. Çünki şüuraltı pulunun olmadığını düşünür və pul qazanmaq üçün qarşısına çıxan imkanları məhv edir.

İnsanlara kömək edən, səxavətli davranan, şükr edərək hər şeyim var, deyən insanlarda isə pul tükənmir, əksinə artır. Çünki şüuraltı onun zənginləşməsi üçün hər fürsəti təmin etməyə çalışır.

Adam olmayacağımız, boş-boş gəzdiyimizlə bağlı ailəmizdən tez-tez tənqidlər eşidirik. Uşaq olarkən fərqində olmadan beynimizə yeridilən təlqinlər bizi o insana çevirir. Şüur nəyə inanırsa, şüuraltı ona fokuslanır. Amerikalı məşhur basketbolçu bütün atışlarını beynində xəyal edərək atdığını bildirir. Golfçular da ilk atışı beyində canlandırdıqlarını deyirlər. Məlumatlar hisslərimiz və düşüncələrimizlə şüuraltımıza işlənir. Əlaqənin nə vaxt qurulduğu isə sirr olaraq qalır. Bir sevdiyiniz qohumunuz ağlınıza gəlir. Ona zəng edərkən o da "səni düşünürdüm" - deyə təəccüblənir. Bu, şüuraltılar arasındakı telepatik ünsiyyətdir.

Hər şeyi istəməyin


Şüuraltı zibil qutusu deyil. Şüuraltının təmizliyinə diqqət yetirin. Bir dostunuzla dalaşdığınızda, düşünərək, nə özünüzü, nə də onu cəzalandırın. Onunla ittiham etmədən, sakit tərzdə danışın. Bu zaman neqativ enerjini şüuraltına getmədən məhv edirsiniz. Səhv etdikdə, "kaş ki"lərlə özünüzü yormayın və şüuraltınızı məşğul etməyin. Səhvinizi düzətlməyə fokuslanın".

Həkimin sözlərinə görə, hətta ötən əsrlərdə xəstəliklər belə, şüuraltı ilə müalicə olunurdu: "Qədim dövrlərdə ruhanilər xəstələrinə dərman və yuxuda ikən hipnotik təkliflər verirdilər. Xəstəyə yuxu zamanı mələklərin onu ziyarət edəcəyi və sağalacağı bildirilirdi. Belə inandırıcı təkliflər tez-tez işləyirdi və xəstələr sağalırdılar. Bu gün müasir psixoanalistlər və terapevtlər şüuraltının universal gücündən psixoloji terapiya seanslarında istifadə edirlər. Müalicəyə inanmaq müalicənin ən azı yarısıdır. Psixoanalistlərin illərdir tətbiq etdiyi terapiya seansları insanın şüuraltını tanımasına, zəif cəhətlərini öyrənməsinə və özünü tapmasına kömək edir.

Pozitiv düşünmək kainata müsbət enerji verir, mənfi düşüncə isə mənfi enerjini yayır. ABŞ-ın məşhur tibbi araşdırma mərkəzi olan Mayo Clinic tərəfindən edilən bir araşdırmada, piylənmə problemi olan və arıqlamaq istəyən insanlar iki qrupa ayrılır. Birinci qrupa müxtəlif məşqlər və hərəkət fəaliyyətləri tövsiyə olunur. Digər qrupdan həmişə zəif olmaq və daim zəiflədiyi barədə düşünmələri istənilir. Bir aydan sonra fəaliyyət qrupu ilə düşüncə qrupu arasında heç bir fərq olmur. Araşdırmada iştirak edən bütün şəxslərin 1-3 kq arıqladıqları müəyyən edilir. Bu araşdırma, şüura düşüncə ilə təsir etməyin mümkün olduğunu göstərir. Şüuraltı özünü tənzimləyir və orqanizmi istədiyinizə görə idarə edir.

1840-cı illərdə Dr. Bengal Esdaille 400-dən çox əməliyyat həyata keçirir. Bunlara amputasiya, xərçəng toxumalarının çıxarılması, göz, qulaq və burun əməliyyatları daxildir. Kimyəvi anesteziya metodları o dövrdə hələ tapılmadığı üçün o bütün əməliyyatlarını zehni anesteziya ilə həyata keçirirdi. Əməliyyatdan əvvəl həkim xəstələrinin heç bir ağrı hiss etməyəcəyi barədə açıq və güclü təkliflər verir ki, şüuraltı ağrı hiss etməməsi üçün proqramlaşdırılsın. Əməliyyatlar günün şəraitinə görə steril olmayan mühitlərdə aparılsa da, əməliyyatdan sonra infeksiya və yan təsirlər müşahidə edilmir. Çünki o, xəstələrini şüualtının gücü ilə qoruyurdu".

Sonda yazını Mahatma Qandinin fikirləri ilə tamamlayırıq: "Söylədiklərinizə diqqət yetirin, düşüncələrə çevrilər... Düşüncələrinizə diqqət yetirin, duyğularınıza çevrilər... Duyğularınıza diqqət yetirin, davranışlarınıza çevrilər... Davranışlarınıza diqqət yetirin, vərdişlərinizə çevrilər... Vərdişlərinizə diqqət yetirin, dəyərlərinizə çevrilər... Dəyərlərinizə diqqət yetirin, xarakterinizə çevrilər... Xarakterinizə diqqət yetirin; qismətinizə çevrilər".
Mənbə:kaspi.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.