Bağışla...

05 Mayıs 2015
1 637
0
Bağışla...
Bağışla...

Mənə şikayət yaraşmaz, Allahım!
Ayıb olar ki, deyim
sevmirəm mənə verdiyin bu həyatı
Niyə sevməyim ki?
Suallarım var sadəcə
Nə edim?
Dərk etmirəm bu qəliz kainatı!
Sənə deməyəcəm ki, məsələn,
Niyə ölür insanlar?
Sənə qovuşmaq üçün
Niyə illa ki, ayrılmalıdır bədənlərdən canlar?
Niyə var axı hər başlanğıcın bir sonu...?!
Şikayət etməyəcəyəm!
Yox!
Deməyəcəm ki, İlahi,
Çox çətindi bizim üçün qurduğun bu həyat oyunu.
Məni anlamazlığıma bağışla, Rəbbim!
Dünyanla müqayisədə nə yaşım var ki, mənim?
Nə olar, uşağlığımın əlindən tut
Həftə-həftə, ay-ay,
şübhə-şübhə, inam-inam böyüt məni!
Mən dərdlərimi yerin dibinə pıçıldayıram
Sən göyün üzündə eşit məni!
Allah haqqı, düz sözümdü!
Sənə deməyəcəyəm ki, niyə axı
Belə-helə, filan, və sayir və ilaxır...
Ağlayacağam sadəcə
İçin–için susacam
Sən onsuz da halımdan anlayacaqsan məni
Mənsə qərar vermişəm
bu gecə sabahacan özümü səcdəndən asacağam!
İlahi,
Şikayət etməyəcəyəm şeytandan sənə
Deməyəcəyəm ki, indi səni sevmək çətin olub,
yasaq olub.
Səni gizli-gizli
Qaçaq kimi sevəcəyəm!
Bunu biləsən, böyüməyəcəyəm sevgidə
Səni həmişə uşaqlıqda atamı sevdiyim kimi,
Mahmud əminin ağacı boyda,
Səni
uşaq kimi sevəcəyəm!
Əyrilərim çox olub,
Elə bilirsən bilmirəm?
Bağışla, İlahi,
Məni ömrümdə etdiyim bir-iki düzümə bağışla!
Nə vaxtdır ki,
necə, harda, kimdə olduğumu bilmirəm.
Bağışla, İlahi,
Məni
özümə bağışla!...


Bağışla...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.